HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra İranla İsrail arasında davam edən gərginlik, hələ də hər hansı hücumla müşahidə olunmur. Tribunainfo.az xəbər verir ki, Tehran Təl Əvivi vuracağını açıqlasa da, proseslə bağlı hər hansı hərəkətlilik yoxdur.
İsrail tərəfi dünən bəyan edib ki, İranın hücumu bu gecə və ya sabah üçün baş tuta bilər. Bunun üçün iki əsas ordusunu yüksək döyüş hazırlığı vəziyyətinə gətirib.
“İran İnternational” telekanalı isə başqa bir maraqlı məsələyə toxunub. Kanal İranın İsraildə hansı obyektləri hədəfə alacağını araşdırıb və bununla bağlı üç ehtimal irəli sürüb.
TV bildirib ki, Tehranın birinci hədəfi Təl Əviv şəhərinin Kirya məhəlləsidir. “Bu məhəllə İsrailin əsas hərbi məntəqəsi hesab olunur. Çünki orada İsrail Müdafiə Nazirliyi və İsrail ordusunun qərargahı yerləşir. Həmçinin burada İsrailin dövlət rəhbərlərinin gizli görüşlər keçirdiyi tunel və zirzəmi də var”.
Sözügedən media ikinci hədəf kimi, Hayfa limanını göstərib. Bunu da onunla əsaslandırıb ki, bu liman İsraili xaricdən silahla təhciz etmək üçün nəzərdə tutulmuş yeganə yoldur. “İran bura birbaşa deyil, Hizbullahın əli ilə hücum etməyi düşünür. Bunun üçün ilk təcrübələr də var. Belə ki, Hizbullah bir neçə dəfə Hayfa limanına raket hücumları təşkil edib”.
Üçüncü həıdəf isə Gili Lut bölgəsidir ki, burada İsrail ordusunun əsas kəşfiyyat mərkəzi yerləşir və o, ordunun bel sütunu sayılır.