Xəbər verildiyi kimi, İsrail İrana ötən şənbə hücum edərək, bir neçə obyektini vurub. İsrail 20-dən çox hədəfi vurduqlarını və məqsədlərinə çatdıqlarını bəyan edib. Lakin Tehran İsrailin hücumunun qarşısını aldığını, heç bir obyektə zərər dəymədiyini, İtki sayının isə 4 nəfər olduğunu açıqlayıb. Dünən isə İran rəsmiləri bəyan ediblər ki, Təl Əvivə bunun cavabını verəcəklər.
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən siyasi şərhçi Fikrət Fəraməzoğlu bildirib ki, İran-İsrail savaşı ilə bağlı iki versiya mövcuddur. “Birincisi, bunun bir şou olduğu və qarşılıqlı razılaşma ilə baş verməsidir. Bu iddia çoxdan var və bəzi siyasi dairələr hesab edirlər ki, iki ölkə arasında hər hansı düşmənçilik yoxdur. Sadəcə, bölgədə bir birilərini dəstəkləmək və mövqelərini gücləndirmək üçün bu addımları atırlar”.
Ekspert qeyd edir ki, bu versiyanı gücləndirən bir neçə başqa faktor da var. “Məsələn, Yaxın Şərqdə baş verənlər İsrail-Ərəb müharibəsi kimi qəbul edilir. Bu da Fələstin məsələsində ərəblərin onlara dəstək verməsi ilə bağlıdır. Və bu, 60-70-ci illərdə ərəb-İsrail savaşında da qaynaqlanır. Lakin bu gün ortada hər hansı ərəb ölkəsi gözə dəymir. Münaqişədə iki tərəf var: İran və İsrail. Halbuki İranın Yaxın Şərqdə geosiyasi maraqları olsa da, müharibədə tərəf olmamalıdır. Çünki bu savaş onun deyil. Amma görünən odur ki, İran nəinki tərəfdir, həm də İsraillə müharibə içindədir. Bu hadisələr və tərəflərin biri birlərinə ciddi zərər vurmadan savaşmaları o fikrin meydana çıxmasına səbəb olub ki, bütün bunların hamısı oyundur”.
Fəraməzoğlu ikinci versiyanı da dilə gətirib. Onun sözlərinə görə, İsrailin İrana şiddətli zərbələr endirməməsi Qərblə razılaşmanın nəticəsi ola bilər. “Bu gün Qərb Ukraynada Rusiyaya qarşı savaşır. Bütün resurslarını ora cəmləyib. Bu gün İran-İsrail savaşı başlayarsa, Qərb kollektiv olaraq prosesə qoşulmalıdır ki, İsraili müdafə edə bilsinlər. Bu isə Yaxın Şərqdə ikinci cəbhənin açılması deməkdir. İkinci cəbhə isə Qərbə qəti sərf etmir. Əksinə, bu baş verərsə, həm maliyyə, həm silah baxımından əziyyət çəkəcək, həm də qüvvələr nisbətinin parçalanmasına gətirib çıxaracaq”.
Siyasi şərhçi güman edir ki, Qərb İranla hesablaşmanı Ukrayna savaşından sonraya saxlayıb. “Böyük ehtimalla İrana total hücumun baş verməməsi də bu məsələdən qaynaqlanır. Yəni, Qərb qüvvələrini parçalamamaq üçün İran məsələsinə girişmir. Ukrayna məsələsi müəyyən rəvan mərhələyə çatdıqda isə İranla hesablaşma baş tutacaq”.