Ötən gün “Sədae Sima” adlı telekanalda sualları cavablandıran İran prezidenti Məsud Pezeşkian bir sıra maraqlı açıqlamalar verib. Tribunainfo.az xəbər verir ki, o, ölkə iqtisadiyyatının durumu, sanksiyalarla mübarizə aparmaq yolları və digər məsələlərdən bəhs edib.
Pezeşkian bildirib ki, mövcud şəraitdə iqtisadiyyatı tənzimləmək mümkün deyil. O, bunu sanksiyaların ciddi zərər vurması ilə əsaslandırıb. Bundan başqa, o, ölkə büdcəsinin boş olduğunu, bəzi ödənişləri etmək üçün pul axtardıqlarını da deyib. “Xəzinə boşdur. Bir çox subsidiyaların ödənilməsini belə həyata keçirə bilmirik”.
“İran İnternational” TV iddia edib ki, Pezeşkian bu günlərdə SEPAH, Ədliyyə Nazirliyi və ETTELAT rəhbərləri ilə görüş keçirib. Həmin görüşdə İran prezidenti benzinin qiymətini artıracaqları təqdirdə, başlayacaq iğtişaşların qarşısının alınması yollarını müzakirə edib. “İran prezidenti bu məsələdə SEPAH-ın üzərinə əsas gücün düşdüyünü bildirib. Lakin əvvəlki aksiyaların dağıdılmasından fərqli bir yol seçilməsini, ölüm hallarının olmamasına çalışılmasını təklif edib”.
Sözügedən telekanal onu da bildirib ki, Pezeşkian güc strukturları, habelə dini liderin ofisini xəbərdar da edib. “O, İran İslam Respublikasının süqut etmə ehtimalı ilə bağlı xəbərdarlıq edib”.
Tribunainfo.az xəbər verir ki, bunun ardından “Khabarfori” saytı Pezeşkianın çıxışını təhlil edən yazı ilə çıxış edib. Sayt yazıb ki, İran prezidenti Məsud Pezeşkianın yerli televiziya ilə çıxışı ümdisizlik idi. “100 gün əvvəl ciddi vədlər verən, əhalini ruhlandıran Pezeşkiandan əsər-əlamət belə qalmayıb. O 100 gün əvvələ nisbətən daha ümidsiz görünürdü. Vədləri getdikcə kiçilib, yerinə yetirilməyən vədlər əvəzinə faktları qəbul etməli olduğunu vurğulayıb. Təbii ki, Pezeşkianı “perspektivsiz prezidentlər” adlandırırlar”.
Qeyd edək ki, İran prezidentinin “perspektivsiz prezident” kimi təqdim olunması molla rejiminin onunla toqquşmasının təzahürüdür. Bu proses bir qədər əvvəldən başlayıb və hazırda yeni bir toqquşma dönəmninə girməkdədir. Molla rejimi sanksiyalar götürülmədən iqtisadiyyatın düzəldilməsini tələb edir ki, Pezeşkian da bunun mümkün olmadığını artıq açıq tekstlə bildirir. Elə prezidentin müşaviri Məhəmməd Cavad Zərifin son açıqlaması da təsdiq edir ki, Pezeşkian hökuməti sanksiyaların aradan qaldırılmasına hazır olduqlarını bildirsələr də, onun mollalar tərəfindən önlənildiyini dilə gətirirlər.