Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş şəxs edam edilsə də, istintaq prosesi, məhkəmə sənədləri, bir sözlə, bütün məsələlərə dair rəsmi Bakıya izahat verilməlidir. Şəxsin edamı Tehranın özünü təmizə çıxarma cəhdidir. Yəni İran hakimiyyəti edamdan sonra Azərbaycandan üzr istəməlidir.
Bu sözləri Tribunainfo.az-a siyasi şərhçi Turan Rzayev deyib. O bildirib ki, İran münasibətlərin normallaşmasını və Tehrandakı səfirliyimizin açılmasını istəyirsə, səfirliyin təhlükəsizlik əməkdaşlarının silah gəzdirməsinə icazə verməlidir:
“Prezident İlham Əliyev də çıxışlarının birində bu məsələyə toxunmuş və “Bir sıra ölkələrdə bizim təhlükəsizlik əməkdaşlarımız var, lakin yalnız İranda onlara silah gəzdirməyə icazə vermirlər. Bir sözlə, həmin şəxs səfirliyə daxil olduğu zaman təhlükəsizlik əməkdaşlarımız silahsız idi. Onun əlində “Kalaşnikov” avtomatı var idi” demişdi.
Tehran “Hüseyniyyun” qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədovu Azərbaycana təhvil verməlidir.
Bütün bunlar baş versə, İranla Azərbaycan arasında qarşılıqlı etimad bərpa olunar və münasibətlər əvvəlki səviyyəyə qayıda bilər. Lakin aydın məsələdir ki, Tehran bunları etməyəcək. Bu da öz növbəsində bir daha İranın münasibətləri normallaşdırmaqda səmimi olmadığını sübut edəcək”.
Nigar