İran 2041-ci ilə qədər 20 giqavat (GW) elektrik enerjisi istehsal edəcək beş atom elektrik stansiyasının tikintisi üçün ilkin işlərə başlayıb.
Tribunainfo.az Mehrnews-a istinadən xəbər verir ki, nüvə obyektlərinin inkişafı üzrə işçi qrupunun iclası zamanı çıxış edən İranın birinci vitse-prezidenti Məhəmməd Möhbər hökumətin elektrik stansiyalarının yaradılmasında qəti qərarlı olduğunu bildirib və layihə üçün maliyyə modelinin müəyyənləşdirilməsinin zəruriliyini vurğulayıb.
“Atom elektrik stansiyalarının tikintisi yolu ölkəni texnologiyanın ötürülməsinə və texniki biliklərinin yüksəldilməsinə gətirib çıxarmalıdır ki, biz tədricən özümüzü təmin etməyə doğru irəliləyək…”, – o əlavə edib.
İclasda da iştirak edən İran Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd Eslami bildirib ki, indiyədək elektrik stansiyalarının tikintisi üçün 5 yer dəqiqləşdirilib.
O, layihə üçün ilkin addımların atıldığını və hazırlıq işlərinin aparıldığını, bəzi hallarda isə yerli istehsal müəssisələri ilə müqavilələr imzalandıqdan sonra icra əməliyyatlarına başlanıldığını bildirib.