Onlar ayıq vaxtlarında normal, bəlkə də çox gözəl insanlar olurlar… Ayıq olmayanda isə…
Onlar ayıq vaxtlarında normal, bəlkə də çox gözəl insanlar olurlar… Ayıq olmayanda isə…
Onların alkoqol içki asılılığına, narkotik vasitələrində istifadəsinə haqq qazandırmaq olmaz… Amma səbəbsiz nəsə olmur… Hər bir insanın bu və ya digər yaxşı və pis əməllərinin arxasında bir əsas, səbəb dayanır. Axı insan doğulduğu gündən narkoman və alkoqol içki aludəçisi olmur… Müəyyən səbəb və şəraitdən sonradan yaranır bu asılılıqlar…
Bir də mərc oyunlarının, riskin asılılığına düşənlər, mərc edənlər, pulla oyun oynayıb udub, uduzanlar var… Uduş və qələbə xəyalı və inamı ilə bir dəfə udub, dalbadal uduzmaqlar var… Uduzduqca, itirənlər olur hər şeyini, həyatındakı hər kəsi… Bir də görür narkomanlar, içki alüdəçiləri kimi tənha qalıblar, evsiz və küçədədirlər… İşsizdirlər…
Bir də var, özündən və başqalarından asılı olanlar… Başqalarından asılı olanlar ən təhlükəlisidirlər… Onlar hamını günahkar bilir, hər kəsi ittiham edir, hər kəsi borclu çıxardır… Onları zəif və iradəsiz hesab edirəm… Ancaq onlar doğulan andan belə olmamışlar axı… Niyə dəyişib və kim, nə dəyişib onların həyatını? İttiham etməyə, qınamağa hazırıq bu cür insanları, tərk etməyə, mübarizəsiz uduzmağa və hər şeylərini tiirməyə icazə veririk, əl tutub qaldırmırıq yıxılanları, kömək etmirik onlara, baxırıq kənardan necə yıxılırlar, məhv olurlar…
Mənim hər sahədə asılılığı olan tanışlarım olmuşdur, dost bildiklərim, tanıdıqca, bilmişdim, onların asılı olduqlarını… Qaçmamışdım onlardan, kömək etməyə çalışmışdım, bacardığım köməkliyi etmişdim onlara…
Deyirlər, yaxşılıq edəndə, gərək kimsə bilməsin… Söhbət mənim etdiyim yaxşılıqlardan getmir, söhbət onlardan, onların vəziyyəti, asılılıqları və onları yaradan səbəblərdən gedir…
Bəzən bu asılılıqlar genetik olur, bəzən isə sonradan yaranır, vərdiş olaraq… Vərdiş isə damğaları və ictimai qınağı gətirir özüylə…
Asılılığı olan insanlar daim yalan danışmağa, özlərini haqlı çıxartmağa meylli olurlar… Etdiklərinə haqq qazandırmağa çalışırlar… Asılı olduqlarının təsiri altında olanda bir insan olurlar, təsirdən çıxanda, ayıq başla başqa insan… Asılılıq altında olanda, beyin sanki dayanır… Özü olmur, dəyişir… Orqanizm bilmir nə edir, çox zaman heç nə edə bilmir…
Bir dostum var idi, 1 ildən çox dostluq etdim, mənim də həyatımda keçid dövrü idi, mən də tənha idim, o, da… Onu anlamağa və özümü onun yerinə qoymağa çalışırdım…
Onunla təsadüfən tanış olduq, dünyagörüşü olan, maraqlı həmsöhbət, dost idi. Amma boşanmışdı, gözləri dərdli idi, nə qədər zarafat eləsə də… Ailəsindən ayrılmağından əlavə, xanımı ona xəyanət etmişdir, iki uşağının üzünə həsrət idi, işləmirdi, iş tapa bilmirdi. Bütün bunlardan başqa Qarabağ müharibəsində iştirak etmişdi. Bütün bunlar onu sanki sındırmışdı. İş tapa bilmədiyindən, digər iki qardaşı ona kömək edirdi, evinin yaxınlığındakı mağazalara borcu var idi, nisyə aldığı qida məhsullarına görə.
Həyat onu çox sındırmışdı. Ən böyük asılılığı spirtli içkiyə olan asılılıq idi. İçirdi, əlinə pul düşən kimi araq alırdı, arağa pulu olmayanda, tibbi spirt alırdı, su ilə qatıb içirdi, sonra deməyinə görə mənə aşiq oldu, məndən çox xoşu gəlməyə başladı, ona yaxşı mənada təsir edə bilirdim. Amma onu içki asılılığına təsir edə bilmirdim. Bir gün mən də dözmədim, 1 ildən artıq olan mübarizəmi dayandırdım və ondan dost kimi ayrıldım, sonra ümumi tanışlardan eşitdim ki, tövbə etmişdir, daha içmir, 4 ay idi içmirdi. İndi bilmirəm, ünsiyyətim yoxdur, bir yandan mənim dostluğu bitirməyim onu asılılıqdan ayırdı, digər tərəfdən məni geri qaytarmaq istəyirdi, yenidən dostluğumuzun davam etməsini istəyirdi, amma mən ehtiyat etdim, yenidən içməyə başlayacağını istəmirdim. Evində dəyərli heç nə qalmamışdır, spirt və arağa görə satmışdı. İçəndə evindən çıxmırdı, çıxanda yoldakılara sataşır, söyürdü, leş kimi uzanırdı harada gəldi, sanki evsiz-eşiksizdir, unudurdu özünü. Ayılanda isə başqa adam olurdu, normal insan. Onun əslində yaxşı insan olduğunu bilsəm də, onunla dostluğumu bitirmək istəməsəm də, bitirməliydim. Çünki işə düzəlmirdi, düzəlməyə meylli deyildi, sanki hər kəs onu saxlamalıdır kimi hər kəsi borclu çıxardırdı… Uzaqlaşdım, düzdür indi onun haqqında məlumat, xəbərlərim olmasa da, bir az nigarançılıq olur, sadəcə yol uzaqdır, işdən sonra da gedə bilmirəm. Həm də o, məndən incimişdir, o, içmədiyi zaman dostluğumu bərpa etmədiyimə görə…
Daha bir dostumun öz işi, biznesi olsa da, həyatında müvəqqəti qara zolaq var idi. Əsəb keçirdirdi, çox siqaret çəkirdi, həddən artıq çox, o, da boşanmış insandır, öz işinin ağasıdır, devalvasiya işinə ziyan vurmuşdur, ruh düşkünlüyü var idi, dostları ilə qonaqlıq, içki, siqaret asılılığı artmağa başladı, üstəlik Topaz asılılığı da bir yandan, xərclərini düzgün idarə edə bilmirdi. Nə qədər dedim, yönləndirməyə, dəstək olmağa çalışdım, gördüm ki, təsiri yoxdur, o, da keyfi olmayanda, içkili olanda, kefsiz olanda, hər kəsi borclu və günahkar bilir, istfadə etməyə çalışır, uzaqlaşdım. Əlindəki pulu da, udmaq ümidi ilə Topaza qoyub, uduzur, lap pis olurdu kefi…
Dayanmağı bacarmayan, zəifliklərini və asılılıqlarını və onlara vurduğu ziyanı bilə-bilə uçuruma yuvarlanan insanlardan uzaq olmağa çalışıram, çünki həm gücüm gedir, həm əsəblərim, həm vaxtım…
Ona görə də insanları tanıdığımdan kim olduğunu müəyyən edən kimi elə insanlardan uzaq oluram, çünki özləri ilə başqalarını, onlara yaxşılıq diləyənləri də uçuruma sürükləyirlər. Ətrafındakıları borclu çıxardıb, onlardan istifadə etməyə çalışırlar.
İradə zəif olsa da, dayanmaq lazımdır, özündə güc toplayıb, hər şeyi yaxşılığa doğru dəyişməyə can atmaq lazımdır. Kimsə bunu həmin insanın əvəzinə etməyəcəkdir. İnsan öz problemlərini bilib, həll etməlidir.