“İqtisadçıların ən böyük dərdi budur ki…” – Ekspert DSK-nı tənqid etdi

“İqtisadçıların ən böyük dərdi budur ki…” – Ekspert DSK-nı tənqid etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, 2023-cü il mayın 1-də ölkə iqtisadiyyatında muzdla (əmək müqaviləsi ilə) çalışanların sayı 1734.2 min nəfər olub.
İyunun 1-də isə bu göstərici 7.9 min aşağı düşərək 1726.3 min nəfər olub.
Bu da onu göstərir ki, son bir ayda ölkədə işləyənlərin sayında kəskin azalma var.
İşləyənlərin sayının azalması ilə bağlı Bakupost.az -a danışan iqtisadçı-ekspert Natiq Cəfərli DSK-dən narazılığını ifadə edib:
“İşçilərin azalma səbəbi, hansı sahələrdən daha çox işçi ixtisar edildiyi ilə bağlı DSK özü məlumat yaymalıdır. İqtisadçıların, mütəxəssislərin də ən böyük dərdi budur ki, DSK detallı məlumat vermir. Ümumi məlumat verir. Özü açıqlamasa, kənardan bilə bilmərik. Baza məlumatlarına giriş imkanımız yoxdur. İstənilən ölkələrdə, hətta post-sovet ölkələrində də statistika komitələri itirilmiş, yaxud yeni açılmış iş yerlərinin heç olmasa, hansı sektor üzrə olması ilə bağlı məlumat verir. Bu sektorlar dövlət, özəl, bank, xidmət, ticarət üzrə ola bilər. Bizdə isə belə deyil. Mətbuat da daha çox və tez-tez bu mövzunu qabartmalıdır ki, DSK detallı məlumat verməyi öyrənsin. Bu məlumatlar olsaydı, biz də səbəblər haqqında danışa bilərdik”.