“Bu gün bazarda 3 manat 80 qəpiyə sosiska satılır. Ətin qiyməti 20 manatdırsa, 3 manata olan sosiskanın tərkibində ətdən başqa hər şey ola bilər”.
Bunu Milli Məclisin “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı deputat Məşhur Məmmədov deyib.
Məsələ ilə bağlı Tribunainfo.az-a münasibət bildirən iqtisadçı Günay Hüseynova bildirib ki, ətin qiyməti 20 manat olduğu təqdirdə sosiska və kolbasaların qiymətinin ucuz olması əlbəttə istehlakçılar tərəfindən şübhə oyandırır.
İqtisadçının sözlərinə görə, məhsulun son satış qiyməti ərsəyə gələnə və vitrinə qoyulanadək xərclər artır. Məhsulun dəyəri, daşınma, vergi, işçi, arenda və.s xərcləri də var. 20 manat ətin pərakəndə satış qiymətidir. Topdan alışda isə qiymət fərqlidir.
“Digər yandan sağlam, cavan heyvanı sosis və kolbasa üçün kəsimə göndərmirlər. Bir neçə qarın doğmuş, qoca heyvanın əti, yaşlı camış əti kəsilir hansı ki, istehlakçı alsa gərək səhərə qədər qaynada bişirib hazırlamaq üçün.Və ya sahibkarın ferması var, oradan təmin edir əti öz sexinə. Məqsədim əsla sosis və kolbasa istehsalı ilə məşğul olan müəssisələri müdafiə etmək deyil. Bu bazara nəzarəti qida təhlükəsizliyi agentliyi həyata keçirir. Rəsmi açıqlama, baxış olmadan məhsulun tərkibinin nə əti olması haqqında dəqiq nəsə demək olmaz. Yuxarıda qeyd olunanlar sadəcə maya dəyərinin ucuza gətirilə bilməsi ilə bağlı faktorlardır. Deputatın fikrinə qaldıqda isə bu məhsullar dünən, bugün istehsal olunmayıb illərdi nə üçün ictimaiyyətə açıqlama edilmir? Həmin qurumlar vergi ödəyicisidir. Nəzərinizə çatdırım ki, deputatın da digər şəxslərin də maaşı dövlət büdcəsinin tərkib hissəsi olan vergilər hesabınadır. 33 ildir müstəqillik bərpa olunub.Təkcə məsələ kolbasa və sosiska deyil ki, bəs digər qidalar? Nə qədər təbiidir? Kolbasa və sosiskanı başa düşdük ola bilər yaşlı heyvan əti, ölmüş heyvanın əti verilir kəsimə, yəni ortada ət var heç olmazsa bəs yağ pendir süd…?Digərlərində də vəziyyət ürək açan deyil”.
Dəniz Pənahova