“İqtidarla müxalifət arasında təmaslar üçün vasitəçiyə ehtiyac duyulmur” – Ədalət Vəliyev

“İqtidarla müxalifət arasında təmaslar üçün vasitəçiyə ehtiyac duyulmur” – Ədalət Vəliyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Siyasi partiyaların fəallığı və ölkəmizdə yaşanan siyasi dialoq mühiti sayəsində iqtidar ilə müxalifət arasında işlək təmasların qurulması üçün artıq hər-hansı bir xarici təşkilata və ya vasitəçiyə ehtiyac duyulmur”.

Tribunainfo.az  xəbər verir ki, bunu Prezident Administrasiyasının (PA) Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bildirib.

Administrasiya rəsmisi deyib ki, qeyd olunan amil siyasi dialoqun ən böyük uğurlarından biridir və bu amil müstəqil siyasətin aparılması üçün tutarlı zəmindir: “Yeni münasibətlər sisteminin ideoloji bünövrəsini cəmiyyət və dövlətin inkişafı naminə etibarlı münasibətlər təşkil edir. Bu mənada siyasi dialoq əvəzolunmaz mahiyyətə malikdir. Prezidentin müvafiq Sərəncamı ilə 2025-ci il “Konstitusiya və suverenlik ili” elan edilib. Cari ilin bu cür adlandırılması bir daha ideoloji müstəvidə təbliğat işlərinin aparılmasını zəruri edir. Əlbəttə ki, dövlətçilik, suverenlik və millilik kimi ideoloji amillərin cəmiyyətdə doğru səpgidə aşılanması məsələlərində siyasi partiyalar fəal iştirak etməlidirlər. Əslində, bu cür məsələlər bizim birgə əməkdaşlıq əlaqələrimizin əsas istiqamətlərindən biri olmalıdır”.

Şöbə müdiri deyib ki, ötən 5 ildə siyasi partiyalarla birlikdə adi əməkdaşlıqdan etibarlı tərəfdaşlığa qədər böyük və çətin yol qət edilib: “Etibarlı tərəfdaşlıq hamımızın böyük nailiyyətidir. Bu yolda çətinliklər olub, təxribatlar da yaşanıb, ancaq biz dövlət və cəmiyyətin inkişafı, habelə yaşanan həmrəylik mühitini qorumaq naminə bütün sınaqlardan keçdik. Dövlətçilik naminə birgə əməkdaşlığımız bütün intriqalara qalib gəldi”.