Azad İsazadə: “Yüksək IQ-ə malik olan insanlar başqa psixoloji və ya sosial problem yaşayır, bunun üçün də cəmiyyətdə özlərinə yer tapa bilmirlər”
IQ hərf birləşməsi ingilis dilində “intelligence quotient” sözünün baş hərfləridir və mənası İntellekt əmsalı deməkdir. İntellekt əmsalı insanın malik olduğu intellekt qabiliyyətinin kəmiyyət göstəricisidir. İnsanın IQ səviyyəsini ölçmək üçün xüsusi testlər mövcuddur. IQ testləri bilik səviyyəsini yox, düşünmə qabiliyyətini aşkar etməyə xidmət edir. İntellekt əmsalı ümumi intellekt faktorunun qiymətləndirilməsi üçün tətbiq edilir.
Tarixə nəzər salsaq, XX əsrin əvvəllərində Fransada hökumət psixoloq Aldred Binetə uşaqların əqli bacarıqlarını ölçmək üçün testlər hazırlamasını tapşırır. Bu məqsədlə Alfred Binet tərəfindən hazırda “IQ-test” adı ilə məşhur olan test hazırlanır. Test yalnızca Fransada deyil, ABŞ-da da məşhurluq qazanır. Artıq 1917-ci ildə ABŞ hərbi qüvvələri əsgərlərin təsnifatı üçün IQ-testlərdən istifadə etməyə başladı. Bu testdən 2 milyondan çox insan keçmişdi. Daha sonradan universitetlər və özəl şirkətlər abituriyentlərin və potensial tələbələrin yoxlanılmasında IQ testlərdən istifadə etməyə başlayır.
Məlumat üçün bildirək ki, IQ testin iki növü vardır: birinci növ 10 yaşdan 12 yaşa qədər olan uşaqların, ikinci növ isə 12 yaşdan böyük olan uşaqlar və böyüklər üçün nəzərdə tutulub. Burada yalnızca sualların çətinlik dərəcəsi dəyişir, metodika isə eynidir. Hər test çoxsaylı müxtəlif tapşırıqlardan ibarətdir və 100-120 dərəcəlik qiymətləndirməni əldə etmək üçün testin hamısını deyil, yarısını həll etmək kifayətdir. Testin həll edilməsi üçün 30 dəqiqə tələb olunur. Ən etibarlı nəticələr 100-130 bal diapozonunda əldə edilən nəticələrdir. İQ qiyməti 70-dən kiçik olan şəxslər əqli cəhətdən geri qalmış hesab olunur.
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan psixoloq Azad İsazadə isə bildirdi ki, IQ səviyyəsinin aşağı və ya yuxarı olması prinsipial olaraq heç nəyin göstəricisi deyil: “IQ testi praktiki şəkildə insanın intellektini ölçən bir testdir. Amma bu testi peşəkarlar keçirməlidir. Digər tərəfdən, bu, test hər hansı məqsəd üçün keçirilməlidir. IQ test müxtəlif suallar əsasında qurulur, bu suallar da düzgün tərcümə olunmalıdır. İnternetdə gerçək IQ-ni təyin etmək mübahisəli məsələdir. Biz internetə həddindən artıq bağlıyıq. Hətta insanlar səhhətində yaranan problemlərlə bağlı, hər hansı nahiyəsi ağrıyanda internetdə axtarış verir, oradan məsləhətlər əldə edir. Və ya həkimdə hər hansı diaqnoz qoyulubsa, onu da internetdə yoxlayır. Sözsüz ki, hər bir müayinəni və testi peşəkar adam keçirməlidir. IQ-nin aşağı və ya yuxarı olması prinsipial olaraq heç nəyin göstəricisi deyil. Çünki yuxarı IQ olan insanlar ayrı psixoloji və ya sosial problem yaşayırlar və bunun üçün də cəmiyyətdə özlərinə yer tapa bilmirlər”.
Psixoloqun sözlərinə görə, orta IQ səviyyəsinə malik olan insanlar isə çox rahat və sərbəst yaşaya bilərlər: “IQ testi çox şərti bir testdir və onu müxtəlif məqsədlərlə keçirmək olar. Məsələn, işçi seçərkən, əgər bizim işimizdə yüksək intellektli insanlar lazımdırsa, bu testi keçirmək olar. Dəfələrlə rastlaşdığım haldır ki, pasientlərim internetdə özlərinin IQ səviyyəsini yoxlayıblar, sonra pərt şəkildə yanıma gəliblər ki, niyə intellektimiz belə azdır. Problemlərinin üstünə bir dənə də əlavə problem gəlib”.