Apple” ABŞ pasportlarının rəqəmsal versiyalarını “iPhone” cihazlarında saxlamağa imkan verəcək yeni funksiyasını təqdim edib. Şirkətin açıqlamasına görə, xüsusiyyət “Apple Wallet” tətbiqi üzərindən işləyəcək və ilkin mərhələdə yalnız ABŞ pasportları üçün keçərli olacaq.
“Apple Pay” və “Apple Wallet”in vitse-prezidenti Cennifer Beyli bildirib ki, rəqəmsal pasport inteqrasiyası ilk olaraq ABŞ-də istifadəyə veriləcək.
Yeni sistem vasitəsilə istifadəçilər pasportlarını “Apple Wallet”də saxlayaraq hava limanlarında, veb-saytlarda, mobil tətbiqlərdə və mağazalarda şəxsiyyət və yaş təsdiqi məqsədilə təqdim edə biləcəklər.
“Apple”in məlumatına görə, sistem REAL ID standartlarına uyğun hazırlanıb və məlumatların təhlükəsizliyi və məxfiliyini qoruyan infrastruktur üzərində qurulub. Rəqəmsal pasport funksiyası ilkin mərhələdə yalnız ABŞ vətəndaşlarına aid pasportlarla işləyəcək. Şirkət digər ölkələrin pasportları ilə bağlı planları barədə hələ açıqlama verməyib. Lakin gələcəkdə funksiyanın qlobal miqyasda tətbiqi nəzərdə tutulur. Yeni xüsusiyyət iOS 26 əməliyyat sistemi ilə uyğun olacaq və yalnız iPhone 11 və sonrakı modellərdə istifadə edilə biləcək./Sfera.az










