İntihar – dünyanın qlobal xəstəliyi və ona qarşı mübarizə yolları

İntihar – dünyanın qlobal xəstəliyi və ona qarşı mübarizə yolları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Hər il dünyada 800 000 nəfər intihar edir, bu hər 40 saniyədə bir insanın özünə qəsd nəticəsində ölümü deməkdir.
Özünə qəsd 15-29 yaşlılar arasında ölüm səbəbinə görə ikinci yerdədir.
Rəqəmlərin arxasındakı həqiqət 
Özünə qəsd qlobal hadisədir – bütün ölkələr bu “xəstəliyə ” yoluxub. 2016-cı ildə dünyada baş verən ölümlərin 1,4 % -i məhz intihar nəticəsində baş verib. O, 18 aparıcı ölüm səbəbindən biridir.
Bunlar rəsmi rəqəmlərdir və Beynəlxalq Səhiyyə Təşkilatının hesabatından götürülüb. Həmin hesabata əsasən yaşlılar arasından hər bir intihara, təxminən, 20 özünə qəsd cəhdi düşür.
Amma nəzərə alınsa ki, buraya açıq-aydın intihar əlamətləri olmayan ölümlər aid deyil (məsələn, dərman qəbulunda doza həddinin aşması, hündürlükdən yıxılmaq, avtomobil qəzaları), reallıq  daha acınacaqlıdır.
Ən pisi odur ki, yeniyetmə intiharlarının xüsusi çəkisi yüksəkdir.
Bəs Azərbaycanda vəziyyət necədir? Beynəlxalq təşkilatların hesabatına əsasən Azərbaycanda intiharların sayı hər 100 000-ə 5 nəfərə yaxındır.  Qonşu Rusiyada bu 29 nəfər təşkil edir.
Azərbaycan intihar səviyyəsi aşağı olan ölkələrdəndir, aid edildiyi Avropa qrupunda isə ən aşağı göstəriciyə malik iki ölkədən biridir.
Amma unutmayaq ki, bu cansız rəqəmlər yaşamaq üçün doğulmuş  insan haqqındadır. Əgər həmin insan yeniyetmədirsə, bu daha faciəlidir.
Həm də əvvəlki illərə nisbətən intihar hadisələrinin sayın ilbəil artır.
İnsanlar niyə intihar edir?
Bəziləri özümə qəsdin sosial ədalətsizlikdən qaynaqlandığını iddia edirlər. Amma həyat səviyyəsinə görə Avropanın ən inkişaf etmiş və varlı ölkəsi olan  İsveç üzün müddət intihar səviyyəsinə görə liderlik edib.
Çox vaxt Yaradana inam, Onun varlığının axtarışları insanları intihardan çəkindirib. Məsələn, Lev Tolstoyun 45-50 yaşında keçirdiyi hisslər, intiharın bir addımlığında olması buna misaldır.
Ancaq dini baxışlar da bəzən kömək etmir – Qatarda, Ərəb Əmirliklərində, İranda intihar faktları mövcuddur, həm də intihar göstəricisi heç də Azərbaycandan aşağı deyil.
45-50 yaşdan söz düşmüşkən – ən çox özünə qəsd halları 15-24 və 45-50 yaş aralığında baş verir.
Beynəlxalq Səhiyyə Təşkilatı intiharın 800-dən çox səbəbini göstərir. Bu səbəblərin içərisində cəza qarşısında qorxu -19%, ailə problemləri – 18%, ruhi xəstəlik – 18% üstünlük təşkil edir.
Bu təşkilatın araşdırmalarında hansı peşə sahiblərinin intihara daha çox meylli olduğu da öz əksini tapıb. Daha çox pul qazanan musiqiçilər, səhiyyə işçiləri, maliyyəçilər, psixiatorlar bu siyahının önündə gedirlər. Bu da maddi durumla intiharı əlaqələndirməyə  əsas vermir.
Azərbaycanda belə araşdırmaların aparılıb-aprılmadığını bilmirəm. Odur ki, “İnsanlar niyə intihar edir? sualının cavabı da bir az qəlizdir.
Özünə qəsdin qarşısını almaq olarmı?
Təəssüf ki, bizdə intiharla yalnız polis məşğul olur. Beynəlxalq təcrübə sübut edir ki, sosioloqlar, psixoloqlar, digər əlaqədar qurumların özünə qəsd halları ilə, xüsusilə də yeniyetmə intiharları ilə bağlı polislə əməkdaşlığı vacibdir.
 “Nə etməli?”, “Yeniyetmə intiharlarının qarşısını almaq üçün hansı addımları atmaq lazımdır?”   kimi sualları cavablandırmaq üçun bu sahənin mütəxəssisləri lazımı araşdırmalar aparmalı, statistik məlumatlar toplamalı, mövcud durumla cəmiyyəti tanış etməlidirlər.
Yeniyetmənin daha çox vaxt keçirdiyi İnternetin intihar və antiintihar effektlərinin öyrənilməsi vacib məsələlərdən biridir. Xaricdə bu istiqamətdə bir sıra tədqiqatlar aparılıb və bur barədə zardob.bloqspot.com-da daha geniş yazmışam.  Həmin tədqiqatçıların təkliflərini aşağıdakı kimi qruplaşdırmaq olar.
1. Risk qrupuna daxil olan insanların və onların yaxınlarının internet vasitəsi ilə aşkarlanması, onların onlayn müraciətlərinin təmin edilməsi üçün resursların yaradılması.
İnternet məkanda belə elektron resurslar var, müxtəlif dillərdə fəaliyyət göstərir (suicidology.org, befrienders.org, nosuicid.ru və sair). Onların nümunəsindən istifadə etmək olar.
2. İnternet forumlardan, elektron poçtlardan istifadə edilməsi.
Elektron yazışmalar eşitmək və danışmaq qabiliyyətini itirmiş insanları da cəlb edir. Həm də araşdırmalar göstərir ki, belə hallarda istifadəçilər telefon müraciətlərə nisbətən elektron müraciətlərə daha çox üstünlük verirlər.
“İnsanları mühakimə etmədən dinləyirik və onlara kömək edirik” devizi ilə fəaliyyət göstərən “Befrienders” Beynəlxalq təşkilatı elektron poçt vasitəsi ilə böhran terapiyası layihəsini 1994-cü ildən tətbiq edir.
 İsraildə buna oxşar anonim onlayn xidmət (SAHAR) var.
3. Yaşamağı təlqin edən elektron resursların, bloqların yaradılması
Peşəkar psixoloqların, sosioloqların, jurnalistlərin yazıları toplanmış sayt hazırlamaq olar. Hazırda bu səpkidə yazılar var, amma onlar pərakəndə haldadır.
4. Müəyyən qadağalar və tövsiyələr sisteminin işlənib hazırlanması
Vicdanın senzurası anlayışını kənara qoyaq. Çünki vicdan nisbidir və hər kəs onu istədiyi kimi başa düşür.
Qadağalar vacibdir, amma bu qadağalar belə informasiyanın necə işıqlandırılmasını nizamlamalıdır.
5. Ailə nəzarəti
Qadağalar nə qədər sərt olsa da, problemin həlli deyil. Çünki araşdırmalar göstərir ki, “qara təlqin” yayan saytlarda çox vaxt intihara birbaşa çağırışlar olmur. Odur ki, ailə üzvlərinin də bu saytlara nəzarəti olmalıdır.
6.Məktəbin rolu.
Həmçinin araşdırmalarda qeyd olunur ki, sosial media, ola bilsin ki, zəncirvarı təsir göstərsin, amma bu təsir əsasən istifadəçinin biopisxoloji və sosial durumundan çox asılıdır. Mənəvi cəhətdən daha sağlam olan insanlara, həmçinin yeniyetmələrə “qara” saytların təsiri daha azdır. Məhz bu baxımdan ailənin və məktəbin rolu danılmazdır.
Siyahını uzatmaq da olar. Amma əsas məslə peşəkarları bu işə cəlb etmək, stimullaşdırmaqdır. Məhz peşəkar münasibət özünə qəsd düşüncələrinin və davranışının əhəmiyyətli səviyyədə azalmasına gətirib çıxara bilər.
Cəmil Əsədov.