Azərbaycanda “.az” ölkə kodlu yüksək səviyyəli domen üzərində qurulan internet informasiya ehtiyatının fəaliyyəti qanunvericiliklə tənzimlənəcək. Bununla bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik təklif edilir.
Azərbaycanda “.az” ölkə kodlu yüksək səviyyəli domen üzərində qurulan internet informasiya ehtiyatının fəaliyyəti qanunvericiliklə tənzimlənəcək. Bununla bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik təklif edilir.
Azərbaycanda internet medianın fəaliyyəti qanunla tənzimlənəcəksə, bu qanunun faydaları nələr olacaq? KİV haqqinda qanun var ikən əlavə qanuna zərurət varmı? Bu suallarla bir neçə media mənsubuna müraciət etdik.
Media eksperti Azər Həsrət TİA.AZ-a bildirdi ki, internet informasiya resurslarının fəaliyyətinin qanunla tənzimlənməsi məsələsində xeyli boşluqlar və çatışmazlıqlar mövcuddur: “Bu da təbiidir. Çünki internet informasiya resursları Azərbaycan və dünya üçün yenidir. Bu son 20-30 ilin məhsuludur. Təbii ki, onlarla bağlı qanunlarda, tənzimləmələrdə boşluqlar var. Ona görə də zaman-zaman bu məsələlər müzakirəyə çıxarılır. Hansı boşluqlar diqqəti cəlb edirsə, o boşluqların doldurulması üçün addımlar atılır. Azərbaycanda da bu tənzimləmələr sahəsində ayrı-ayrı qanunlarda müəyyən müddəalar yer alıb. Bütövlükdə götürəndə biz yenə də xeyli sayda boşluqları müşahidə edirik. Həmin boşluqların aradan qaldırılması üçün konkret ayrıca bir qanunun olması işin xeyrinə olardı. Bu təşəbbüs də məhz ona görə irəli sürülüb. Milli Məclis bu məsələyə baxacaq və qanun qəbul edəcək”. Ekspert bildirir ki, bəzi adamlar narahat olur ki, bu hansısa formada internet media resurslarına mənfi təsir göstərə bilər: “Heç bir mənfilikdən söhbət gedə bilməz. Çünki konkret orda müddəalarla göstəriləcək ki, hansı hallarda hansı qayda- qanunlar tətbiq olunacaq. Burda ümumi qəbul edilmiş media etikasına zidd olmayan, media fəaliyyəti göstərən internet resurslarına heç bir təhlükə yoxdur”.
Poliqon İnformasiya Agentliyinin baş redaktoru Azər Qaramanlı isə hesab edir ki, qəbul olunması gözlənilən qanun layihəsi problemin hıllinı yol açmır, əksinə problemi daha da qabardır. Çünki bu qanunla beynəlxalq domenlərin tənzimlənməsi mümkün olmayacaq: “Qəbul olunması gözlənilən qanunun anlaşılmaz tərəfi odur ki, digər ölkələrdə qeydiyyata alınan domenlər necə tənzimlənəcək? Əgər “.com”, “.info”, “.org”, “.net” kimi beynəlxalq domenlərin, həmçinin ayrı-ayrı ölkələrə mənsub olan domenlərin bu qanunla tənzimlənməsi mümkün olmayacaqsa, o zaman bu qanunun qəbul olunması nəyi dəyişdirir, ya da bunun mənası nədir? Bütün hallarda “.az” domenini tənzimləmək üçün hökümətin əlində kifayət qədər resurs var. Digər tərəfdən qəbul olunması nəzərdə tutlan yeni qanunda nəzərdə tutulan qadağalar onsuz da həm Azərbaycan, həm də beynəlxalq qanunvericiliklə qadağandır.Yəni, elə bir ölkə tapmaq olar ki, orda terrorizmin, ya da irqi ayrı seçkiliyin təbliği qanunla qadağan edilməsin? Ona görə də təklif olunan qanunun hansı məqsədə qulluq etməsi şəxsən mənə çatmır. Məncə bu özünü aldatmaqdır və təkrarın təkrarıdır. İnternet resurslara nəzarəti həyata keçirmək üçün başqa və daha effektli yollar tapılmalıdır. Bu zaman təbii ki, beynəlxalq təcrübə nəzərə alınmalıdır. Ümumiyyətlə, mən düşünürəm ki, ya internet resurslar beynəlxalq qanunla, yəni BMT-də qəbul olunan və bütün üzvlər tərəfindən ratifikasiya olunan qanunla tənzimlənməlidir, ya da Azərbaycan Çinin, Türkmənistanın, Şimali Koreyanın təcrübələrindən istifadə etməlidir. Məncə , internet resurslara hökümətin müdaxiləsinə o zaman izn verilməlidir ki, dövlətin milli təhlükəsizliyinə təhlükə yaransın. Hesab edirəm ki, bununla əlaqədar qanun qəbul olunmalı və bu qanunu pozan internet resursun məhkəmə yolu ilə Azərbaycana girişi bağlanmalı, Azərbaycanda fəaliyyət göstərirsə, saytın fəliyyəti dayandırılmalıdır”.
Şərq.az saytının redaktoru Ayyət Əhməd isə bu qərarın zəruri bir addım olduğunu düşünür: “Bunu şərtləndirən bir neçə səbəb var. Son dönəm Azərbaycanda mətbuatımıza ləkə gətirən reket jurnalistikası məsələsi geniş yayılıb. Hər kəs evində iki sayt açmaqla, bir-birinə link göndərməklə, istədiyi deputat haqqında və ya istənilən şəxs haqqında küçədə, məhəllədə nə eşidirsə, heç bir fakta söykənmədən, əsassız olaraq yazılar yazıb sayta qoyur. Hesab edirəm ki, reket jurnalistikasının qarşısının alınmasında bu addımın çox böyük faydaları olacaq. Çünki bu gün Azərbaycanda reket jurnalistikası çox böyük bəladır. Bəzən olur ki, ictimai yerdə peşəmizi soruşurlar. Şəxsən mediada çalışdığımı deməyə çəkinirəm, utanıram. Çünki universitetdə bir dəfə peşəmi deyəndə ağsaqqal müəllim mənə dedi ki, hansı deputatdan nə qədər pul alırsan? Əlbəttə ki, bizim peşəkar jurnalistlərimiz var. Əqidəli, sağlam təfəkkürlü, zəngin dünyagörüşlü qələmi olan jurnalistlərimiz var.
Mən Fransa mətbuatını yaxından izləyir, Fransa-Azərbaycan yazarları arasında müqayisələr aparıram. Heç də düşünmürəm ki, Azərbaycanda peşəkar jurnalistlər fransız jurnalistlərindən nə qələmləri ilə, nə təfəkkürləri ilə, nə də dünyagörüşləri ilə zəifdir. Bizdə kifayət qədər peşəkar, dünya arenasına çıxacaq jurnalistlərimiz var. Amma bəzən reket jurnalistlər bizim mətbuatımıza çox böyük ləkə olur. Virus kimi yayılırlar. Baxmayaraq ki, Mətbuat Şurası bunlarla bağlı tədbirlər görür. Buna rəğmən biz görürük ki, reket jurnalistikasının sayında artım müşahidə olunur”. Qərarı şərtləndirən ikinci amillə bağlı A.Əhməd vurğuladı ki, ötən il avqust, aprel,bu il fevral hadisələrində cəbhədə vəziyyət gərginləşdi: “Belə dönəmlərdə evində domen alıb, 2 sayt açan adamlar düşmənin yaydığı videoları yayıb, orda qeyd olunanları tərcümə etdilər. Bu gün əksəriyyət rus dilini bilir. Ermənistanın yaydığı dezinformasiyanı götürüb, Azərbaycan mətbuatında dərc edirlər. Bu da insanlar arasında müəyyən çaşqınlıq yaradır. Şəxsən rayondan bir neçə dostum zang vurub, fevral ayında baş verən döyüşdə Azərbaycan ordusunun 200 əsgər itirməsi ilə bağlı məlumatının doğru olub-olmamasını dəqiqləşdirdi. Halbuki mən bu informasiyanı Ermənistanın Armenia-NEWS.am saytının fransız dili versiyasından oxumuşdum. Onlar Azərbaycanın 200 şəhidi, 300 nəfərin isə ağır xəsarət aldğını portalda qeyd etmişdilər.
İndi informasiya savaşıdır. Bilirik ki, bu savaş silahla savaşdan daha təhlükəlidi. Hansısa ordu informasiya savaşında uddusa, onun silahla, döyüşlə, atəşlə udması lap asanlaşır. Birinci cəmiyyətin psixlogiyası məsələsi burda böyük rol oynayır. Aprel savaşı məsələsində bizim jurnalistlərimiz kifayət qədər yaxşı işlədi və cəmiyyətdə böyük əhval-ruhiyyə yarandı. Biz daim Ermənistanla müharibə vəziyyətindəyik. Jurnalistlərimiz belə zamanda qeyri-peşəkarlığa yol verməməli, daim peşəkarlıq nöqteyi-nəzərindən çıxış etməlidirlər. Hesab edirəm ki, qərarların verilməsində internet medianın fəaliyyətinin qanunla tənzimlənməsi bu kimi halların qarşısını almaqda çox böyük rol oynayacaq. Burda söz, ifadə azadlığının boğulması deyilsə, bu fikir tamamilə yanlış olar. Azərbaycanda kifayət qədər söz, fikir azadlığı var. Bu gün hər kəs sosial şəbəkədə, saytlarda istənilən mövzuda yazır. Burda sırf məqsəd Azərbaycan mətbuatını üz ləkəsi olan reket jurnalistikasından təmizləmək və eyni zamanda bu dezinformasiyaları, xüsusən cəbhə xəbərləri ilə bağlı həssas məqamlarda cəmiyyətdə çaşqınlıq, xaos yaradanların qarşısını almaqdır. Burda başqa bir məqsəd yoxdur.
Əgər hər hansı bir sayt, xəbər portalı cəbhə xəbərləri ilə bağlı dezinformasiya yayıb, reket jurnalistikası ilə məşğul olursa, cəzadan əvvəl hər hansı bir qurum tərəfindən dəvət olunub məsələni aydınlaşdırlmalıdır ki, sən bu xəbəri yaymaqla düşmən dəyirmanına su tökürsən. Cəzanın qanunla necə tənzimlənəcəyi, pul cəzası və ya saytın fəaliyyətinin dayandırılması ilə bağlı fikir deyə bilmərəm. Qanun açıqlanandan sonra bu haqda fikir söyləmək olar. Amma bunun müsbət tərəfləri o olacaq ki, həmin jurnalistləri və yaxud media qurumlarını müəyyən etmək asan olacaq və onda yəqin ki, maddi cəzalar da olar və yaxud həmin şəxslərlə profilaktik söhbətlər aparılar”.
İlahə