Paytaxtın Buzovna qəsəbəsi, Çingiz Mustafayev döngəsi 9, mənzil 34 ünvanında yaşayan Lətifə Əliyeva “İnternational 1” klinikasının ginekoloqu Lalə Əzizbəyovadan şikayətçidir. O, gəlini Əliyeva Təravət İntiqam qızının başına gətirilən səhlənkarlıqla bağlı Səhiyyə Nazirliyinə müraciət edib. L.Əliyeva Tribunainfo.az vasitəsi ilə müraciətində qeyd edib ki, gəlini ana olmaq sevincindən məhrum edilib, hamiləliyin 36-cı həftəsində körpəsi tələf olub. Müraciət müəllifi bildirib ki, gəlini Təravət Əliyeva hamiləliyin ilk vaxtlarından sözügedən klinikanın ginekoloqu Lalə Əzizbəyovanın müayinəsinə gedib, ta əməliyyata qədər. Şikayətçinin sözlərinə görə, gəlini davamlı olaraq həkimin nəzarətində olub: “Bu müddət ərzində analizlər, UZİ müayinəsi və onlarla belə xərclərimiz çıxıb. Hər kəs bilir ki, hamiləlik dövründə müayinə xərcləri nə qədər olur, hər ay yoxlanışlardan keçilir. Lalə həkim isə əvvəl gündən bəhanə edirdi ki, Təravətin qan qrupu mənfidir, bu da risk yaradır. Amma biz bilirik ki, mənfi qan qrupuna aid olan hamilələr üçün qabaqlayıcı tədbirlər görülür, müəyyən iynələr vurulur”.
Lalə Əzizbəyova
L.Əliyeva qeyd edib ki, gəlininin hamiləliyinin iki-üç aylığında böyrəyində iltihab aşkarlanıb. Bu da dəhşətli ürəkbulanma, qusma halları yaradıb: “Lalə doktor dərman yazmışdı. Bacım ona dedi ki, sistem vuraq, qusmanı dayandıraq. Onun bu tövsiyəsi həkimin acığına gəldi, qayıtdı ki, hər kəs öz işini bilir. Sonra bizdən analizlərin nəticələrini aldı və qaytarmadı”.
Şikayətçi əlavə edib ki, nəhayət iyul ayının 18-də yoxlanışa gediblər: “Bu vaxta qədər də dediyim kimi, hər ay UZİ, dopler xərcləri. İyulun 29-da əməliyyat hazırlığı olmalı idi. Avqustun 9-da isə artıq gəlinim qeysəriyyə əməliyyatına girəcəkdi. Ancaq o vaxtadək Təravət Lalə həkimin hər yanına gedəndə şiddətli bel ağrısından şikayətlənirdi. Amma buna o dərəcədə əhəmiyyət vermirdi”.
Bütün bunlarla yanaşı iyulun 21-də hamilə qadında yenidən sancılar olduğu üçün məcbur əməliyyata girib. Şikayətçi L.Əliyeva deyib ki, ginekoloq L.Əzizbəyova əməliyyat otağından çıxaraq uşağın ürəyinin dayandığını açıqlayıb: “Bizə dedi ki, guya gec gətirmişik. Halbuki iyulun 18-də yanında olmuşuq. Cəmi üç gün əvvəl müayinəyə gəlmişdik, niyə həmin vaxt demədi ki, bu problemlər və təhlükə mövcuddur? Nə üçün bel ağrılarından əziyyət çəkdiyini deməsini ciddiyə almadı? 9 ay sərhasər müayinə, UZİ… Niyə bu müddətdə bizi xəbərdar etməyib ki, hansısa risk var, yaxud uşağın qalmaması təhlükəsi gözləyir? Amma əməliyyat otağından çıxanda bildirir ki, gec gəlmisiz”.
Müraciət sahibinin sözlərinə görə, əməliyyat üçün 1400 manat ödəniş olunub, uşağın tələf olmasından sonra Lalə doktor 200 manat qaytarıb ki, özünə düşən pulu istəmir: “Dedi ki, guya bu pulu yeyə bilməz. Yerdə qalan vəsait klinikadan qaytarılmayıb. Bəs bu müddətdə klinikada xərclədiyimiz müayinə pulları hara gedib? Niyə iyulun 18-də bizi məlumatlandırmadı ki, belə bir problem ola bilər. Halbuki, bizə deyirdi ki, bu ağrılar təbii haldır, yəni narahat olmayın. Bu da nəticəsi…”
L.Əliyeva “İnternational 1” klinikasının həkimi Lalə Əzizbəyova ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edib, cavab gözləyir. Onun sözlərinə görə, hazırda gəlinin vəziyyəti pisdir, ginekoloq onu müalicə etmədiyi üçün böyrəyi sıradan çıxıb, təzyiqi düşmür: “Uroloqla danışıb müalicə etməliyik, əks halda böyrəyində ciddi problemlər meydana gələ bilər. Həkimin müalicə etməməsi nəticəsində də uşağın ürəyi dayanıb”.
Klinikanın təqdim etdiyi epikriz sənədində isə qeyd olunub ki, Təravət Əliyeva iyulun 21-i, saat 13:01-də 36 həftəlik diaqnozu ilə qəbul olunub. Epikrizdə yazılıb ki, hamiləlik vaginal doğuş qeysəriyyə kəsiyi əməliyyatı vasitəsi ilə başa çatıb, saat 13:26-da vaxtından qabaq ciftin total ayrılması olub. Son diaqnozda vaxtından əvvəl cərrahi doğuş qeyd edilib. Vətəndaş şikayətində məsələnin hərtərəfli araşdırılmasını xahiş edir.
Tribunainfo.az