Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi Vazeh Əsgərovun ətrafındakı qalmaqal böyüyür. ADNSU müəllimlərinin Prezident İlham Əliyevə ünvanladıqları müraciətdən sonra mətbuata açıqlama verən 2007-2024-cü illərdə ADNSU-nun “Elektronika və avtomatika” kafedrasında müəllim vəzifəsində çalışan Elmira Xanməmmədova dosent Teyyub Əliyevin səsləndirdiyi fikirlərə də səssiz qalmayıb.
Pravda.az-a danışan E.Xanməmmədova bir sıra faktları açıqlayıb.
O bildirib ki, 2023-cü ildən ADNSU-ya rəhbərlik edən dosent Vazeh Əsgərovun yarıtmaz idarəetməsi sayəsində ixtisaslı müəllimlər işdən çıxarılır: “Əvəzində isə qeyri-ixtisasçıları işə qəbul edir və vəzifəyə təyin edir. Vazeh Əsgərov Universitetdə dosent Qasım Məmmədov və dosent Fərid Ağayevin dediklərini edir. Dosent Vazeh Əsgərov yüksək reytinqli, saxtakarlıq hallarına qarşı çıxan müəllimləri ADNSU-dan çıxarmaqla nəyə nail olmağa çalışır? Böyük tarixi keçmişi, intellektual potensialı və strateji əhəmiyyəti olan bir universiteti intriqalarla idarə etmək olarmı? Universitetdə dosent Fərid Ağayevin və prorektor Qasım Məmmədovun diktəsi ilə addım ataraq bizim kimi müəllimlərin səsini eşitmək istəmədi. Dekan və prorektorun istəyi ilə işçilərin işdən çıxarılmasına göz yummaq Vazeh Əsgərovun idarəetmə bacarığının olmamasının göstəricidir. Universitetdə ixtisaslı kadrlar, yüksək elmi-pedaqoji göstəriciləri olan müəllimlər qısqanclıq, saxtakarlığa boyun əymirsə, intriqaların qurbanına çevrilirsə və bununla bağlı universitet rəhbərliyinə müraciət etdiyi halda dosent Vazeh Əsgərov şikayətlərə məhəl qoymursa, belə başa düşmək olar ki, ya o özü belə bir tapşırıq verib, ya da bu əməllərin arxasında dayanan dosent Qasım Məmmədov və dosent Fərid Ağayevdən çəkinir. Axı “Təhsil haqqında” qanunda deyildiyi kimi, universitetdə professor-müəllim heyətinin vəzifə seçkiləri onların elmi-pedaqoji fəaliyyətləri ilə bağlıdır. Bu, Vazeh Əsgərovun nə təhsildən, nə də elmdən xəbəri olmadığının göstəricisidir. Onun “Google scholar” profilinə baxmaqla bunlara şahid olmaq mümkündür”.
Qeyd: E.Xanməmmədova 2004-cü ildə Bakı Dövlət Universitetinin “Fiziki elektronika” ixtisasını, 2006-cı ildə isə “Bərk cisim elektronikası” istiqaməti üzrə magistr dərəcəsini fərqlənmə diplomları ilə bitirib. O, “Akademik Həsən Abdullayev” mükafatının sahibidir. 2023-cü ildə bərk cisimlər fizikası ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini uğurla müdafiə edib.