Havalar çox, həm də çox isti keçir.
Havalar çox, həm də çox isti keçir.
Sərinləmək üçün kimi dağlara, meşələrə üz tutur, kimi də dənizlərə. “Dənizlər” dedik. Çünki başqa dənizlərin sahillərinə yollananlar da az deyil. Bu yayın qızmarında Bakıda qalanların öz dənizimizə getməkdən başqa çarələri varmı? Biz də ÖZ dənizimizin şəhərə ən yaxın olan Şıx çimərliyinə getdik.
Yol boyu bir-birinin ardınca ödənişli çimərlikləri ötürə-ötürə gəldik çıxdıq “Sədərək” dairəsi adlanan ərazidə olan çimərliyə. Bura insanların ödənişsiz daxil ola biləcəyi yeganə çimərlikdir. İsti qumun üzərində özümüzə kiçik bir yer ayırıb istirahətə başlayırıq. Günorta saatları olmasına baxmayaraq xeyli insan var dəniz kənarında. Kimisi çətirin altında əyləşib dənizi seyr edir, kimisi günəşin səhərdən bəri qızdırdığı ilıq dəniz suyuna baş vurur, kimisi də qaynar günəş şüası vannası qəbul edir. FHN-in xilasediciləri sahilin bu başından o başına gedərək istirahət edənlərə göz qoyur, hər hansı bir problem yaşanıb-yaşanmadığını izləyir. Bir qədər aralıda xilasedici qayıqlar da gözə dəyir. Arada bir nəzarətçilərin səsgücləndiricinin çıxardığı gurultulu səslə qadağan olunan ərazilərdə çimən insanlara xəbərdarlığı eşidilir. Çimərlik ərazisində spirtli içki içməyi qadağan edən işarənin olmasına baxmayaraq içənlər də az deyil. Mən isə isti qumun üzərində balıqqulaqlarını toplaya-toplaya ətrafı seyr edirdim. Birdən bir qadının halının pisləşdiyini və huşunu itirdiyini gördüm. Yanındakı qohumu ona ilk yardım göstərməyə çalışdı. Tezliklə ətrafdakı insanların bir çoxu da onların yanına toplaşdı. Yardımçı olmaq məqsədilə hamı – səhv, ya düz- məsləhətlər verirdi. Bu zaman xilasedicilərdən biri yaxınlaşıb xanıma düzgün ilkin yardım göstərdi və təcili tibbi yardıma zəng etdi. Heç 5 dəqiqə keçmədi ki, təcili yardım əməkdaşları artıq hadisə yerində idilər. Bir azdan xanımı özünə gətirdilər. Görünür qadın suda qıcolmadan huşunu itirib. Özünə gəlib gözünü açdıqdan sonra xəstəni təcili tibbi yardım avtomobilində xəstəxanaya apardılar. Hadisəni izləyən insanlar da dağılışıb istirahətlərinə davam etməyə getdi. Bu anda diqqətimi dənizdə çimən bir neçə gənc özünə cəlb edir. 5-6 gənc oğlanlardan biri suya baş vurur və əlində böyük, ya kiçik paslı dəmir və daş parçalarını dostlarının köməyi ilə sudan çıxarır. Bu gənc ard-arda bir neçə dəfə suya girib insanların sağlamlığı üçün təhlükəli olan bu metalları tapıb çıxarır. Öz heyrətimi saxlaya bilməyib həmin gənclərdən birinə yaxınlaşıram. Rüfət adlı gənc suyun altında üzməyi çox xoşladığını bildirir və insanlar, xüsusilə də, uşaqlar üçün təhlükə törədən bu dəmir parçalarını və daşları suyun altında hiss edərkən laqeyd qalmayıb çıxarmağı özünə borc bilir. “Belə şeyləri görüb laqeyd qala bilmərəm . Axı bu hansısa uşağın, yaşlı insanın sağlamlığına zərər vura bilər. Odur ki, öz istirahətimizi belə yaxşı işlərə sərf edirik və bu bizə zövq verir,”-deyə Rüfət qürur və səmimiyyətlə söylədi. Sonra da yenə dənizə baş vurdu. Bir azdan FHN əməkdaşları yaxınlaşıb tullantıları oradan yığışdırdılar. Öz- özlüyümdə sual edirəm: Bura qadağan olunmuş ərazidirmi? Əgər elədirsə, nədən xilasedicilər bura ezam olunub? Və yaxud qadağan olunmuş ərazidə nə üçün təcili yardım xidməti var? Demək qadağan olunmuş zona deyil. Yaxşı, o zaman suyun altı bu qədər təhlükəli daşlarla və dəmir parçaları ilə doludursa, nə üçün insanların çimməyinə göz yumulur?!
ETSN: “Çimərlikdə təmizliyi qorumayan 6 istirahət mərkəzi cəzalandırılıb”
Bütün bu suallara aydınlıq gətirmək üçün rəsmi qurumlara sorğu göndərdik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departametindən bizimyol.info portalının sorğusuna cavab olaraq bildiriblər ki, çimərlik əraziləri dövlətə məxsus olduğundan “bu ərazilərin böyük bir hissəsi bələdiyyələr və yerli icra hakimiyyətləri tərəfindən fiziki və hüquqi şəxslərlə bağlanmış icarə müqaviləsi əsasında sahibkarlıq subyektləri kimi, müəyyən qism ərazilər isə ictimai çimərlik kimi fəaliyyət göstərir”. Sorğumuza Nazirlikdən verilmiş cavabda deyilir ki, çimərlik əraziləri Bakı Şəhər İcra Hakimiyyəti və rayon İcra Hakimiyyətləri tərəfindən müəyyən olunur: “Çimərlik ərazilərinin təhlükəsizliyi,insanların istirahəti zamanı yaranan tullantıların idarə olunması (suda və sahildə təhlükəli əşyaların yığışdırılması, zibil yeşiklərinin qoyulması və tullantıların vaxtında daşınması,çimərlik sahələrinin duş kabinələri ilə təchiz olunması,kölgəlik çadırlarının qurulması və s zəruri vasitələrin təminatı),ekoloji norma və standartların gözlənilməsi müqavilə şərtləri əsasında tənzimlənir. Başqa sözlə, müqavilədə icarəyə verən və icarəyə götürən şəxslərin tullantıları idarə etməsi və ekoloji təhlükəsizliyə görə götürdükləri öhdəlikləri qanunvericilik aktları müəyyənləşdirir. Çimərlik mövsümü ilə əlaqədar Nazirliyin aidiyyəti qurumlarının nümayəndələri tərəfindən mütəmadi olaraq sahilboyu ərazilərdə və çimərlik sahələrində mövcud vəziyyət qiymətləndirilir, ətraf mühitin mühafizəsi,ekoloji norma və standartların gözlənilməsi,mövcud olan ekoloji problemlərə münasibət və bunların həlli yolları müvafiq icra hakimiyyəti, bələdiyyə təşkilatları və sahibkarlarla müzakirə olunur. Müqavilə öhdəliklərinin icrasında qanunvericilik aktlarının tələblərinin pozulması ilə baş verən hallar Nazirliyin müvafiq qurumları tərəfindən sənədləşdirilir və günahkarlara qarşı qanuna müvafiq tədbirlər görülür. Keçən müddət ərzində Sumqayıt zonası üzrə “Freqat”, “Nicat”, “Orxan”, “Neptun”, “Alinea”, “Sahil” ailəvi istirahət mərkəzlərində ekoloji qanunvericiliyin tələbləri pozulduğu üçün icarəçilər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq cərimə olunmuşlar. “Yaşma bağları” massivində tullantıların düzgün idarə olunmamasına görə protokol tərtib olunmuş, hazırda inzibati qərarın icra olunması istiqamətində iş aparılır. Nazirlik tərəfindən çimərlik zonalarında müvafiq monitorinq və araşdırma işləri davam etdirilir”.
Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzi: “Bu ərazilərdə çirkab suları dənizə axıdılır”
Bu arada onu da deyək ki, Şıx, Sahil və Sumqayıt çimərliklərində çimmək qadağandır. Səbəb bu ərazilərdəki suda bağırsaq çöplərinin normadan artıq olmasıdır. Qaradağ, Səbayel və Sumqayıt ərazisindəki suları zəhərləyən, çimməyi təhlükəli edən nədir? Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov bildirib ki, illərdir bu çimərliklərin çirkli qalmasının səbəbi yaxınlıqdakı yaşayış məntəqələrindən çirkab suların təmizlənmədən dənizə axıdılmasıdır: “Bizim işimiz profilaktik tədbirlər görməkdir. Xəbərdarlıq edirik, kimsə əhəmiyyət verməyib çimirsə, artıq məsuliyyət öz üzərindədir. Hansı çimərliklərdə çimmək qadağandırsa, bu barədə aidiyyəti orqanlara məlumat veririk. Bundan sonra hüquq-mühafizə orqanları əraziyə nəzarət etməli, burada heç kimin çimməsinə imkan verməməlidir. Amma insanlar özləri də məsuliyyətli olmalıdır”. Z.Kazımov onu da qeyd etdi ki, dəniz suyunun fiziki, kimyəvi və toksikoloji analizlərinin nəticələri bu il də əvvəlki illərdən fərqlənməyib.
Suda boğulma təhlükəsi olanlara ilkin tibbi yardımın proseduru necədir?
Suda boğulmalar, qıcolmalar zamanı ilk tibbi yardımın necə təşkil olunması ilə bağlı məsələ də çox mühümdür. İlkin yardım düzgün edilərsə, insanları xilas etmək asan olar. FHN-in Tibb Xidmətinin qurumun rəsmi internet səhifəsində yerləşdirilmiş məlumatına görə, dəniz suyunda həll olunmuş maddələrin konsentrasiyası qana nisbətən çox olduğuna görə, dəniz suyu ağ ciyərlərə daxil olan zaman qanın maye hissəsi zülallarla birgə qan damarlarından alveollara daxil olur. Bu qanın qatılaşmasına, onun tərkibindəki kalium, natrium, kalsium, maqnezium və xlor ionlarının konsentrasiyasının artmasına gətirib çıxarır: “Alveollara yığılan maye onların genişlənməsinə, hətta cırılmasına səbəb olur. Qaz mübadiləsi kəskin pozulur, ürəyin fəaliyyəti dayanır. Reanimasiya tədbirləri aparılarkən vaxt faktoru böyük əhəmiyyət kəsb edir. Bu tədbirlər nə qədər tez başlasa, bir o qədər uğurlu nəticə əldə etmək şansı artır. Buna görə də süni tənəffüsü zərərçəkən suda olarkən başlamaq tövsiyə olunur. Bunun üçün zərərçəkən sahilə və ya qayığa çatdırılana qədər, dövrü olaraq, ağızdan və ya burundan nəfəs vermək (hava üfürmək) lazımdır. Sahildə zərərçəkənə ümumi baxış keçirilir. Əgər zərərçəkən huşunu itirməmişsə və ya yüngül bayılma vəziyyətindədirsə, boğulma əlamətlərinin aradan qaldırılması üçün ona amonyak (naşatır) spirti iylətmək və bədənini isitmək kifayət edir. Əgər qan dövranının fəaliyyəti saxlanıbsa (yuxu arteriyalarının pulsasiyası), lakin tənəffüs yoxdursa, ağız boşluğu bint dolanmış barmaqla yad cisimlərdən təmizlənir, protez dişlər varsa çıxarılır. Çox vaxt çeynəmə əzələlərinin spazmı ilə əlaqədar ağzı açmaq mümkün olmur. Bu hallarda süni tənəffüs ağızdan-buruna verilir; bu üsul effekt vermədikdə yastı metal əşyadan istifadə olunur. Bu zaman dişləri sındırmamaq üçün olduqca ehtiyatla davranmaq gərəkdir. Yuxarı tənəffüs yollarını köpük və sudan təmizləməkdən ötrü sorucu vasitədən istifadə etmək lazımdır. Əgər sorucu cihaz yoxdursa, zərərçəkən qarnı üstə xilasedicinin diz oynağından bükülmüş budu üzərinə uzadılır. Daha sonra onun döş qəfəsi sürətlə və kəskin hərəkətlərlə sıxılır. Bu manipulyasiyaların tənəffüs yollarının su və köpüklə qapanması ilə əlaqədar süni tənəffüsün həyata keçirilməsi mümkün olmadıqda aparılması zəruridir. Bu prosedur cəld və sürətlə yerinə yetirilməlidir. Əgər bir neçə saniyə ərzində effekt olmazsa, ağ ciyərlərin süni ventilyasiyasını başlamaq lazımdır. Əgər dəri örtükləri avazımışdırsa, ağız boşluğu təmizləndikdən birbaşa sonra süni ventilyasiyaya başlamaq lazımdır. Zərərçəkəni arxası üstə uzadıb sıxıcı paltarlardan azad etmək, bir əli boynunun altına, digər əli isə alnına qoyaraq başı arxaya əymək lazımdır. Bu prosedur tənəffüs yollarının keçiriciliyinin bərpası məqsədi ilə aparılır. Daha sonra xilasedici dərindən nəfəs alır, bir qədər nəfəsini saxlayır və dodaqlarını zərərçəkənin ağzına və ya burnuna sıxaraq nəfəs verir. Bu zaman burnu (ağızdan- ağıza tənəffüs zamanı), yaxud ağızı (ağızdan- buruna tənəffüs zamanı) barmaqlarla qapamaq məsləhətdir. Ağ ciyərlərin yuxarıda göstərilən üsulla süni ventilyasiyasını uzun müddət aparmaq çətinlik törədir. Belə ki, xilasedicinin ürək damar sistemində arzuolunmaz hallar inkişaf edə bilər. Bu baxımdan süni tənəffüs zamanı müvafiq cihazlardan istifadə etmək daha məqsədəuyğundur. Əgər süni ventilyasiya zamanı xəstənin ağzından su xaric olursa, zərərçəkənin başını yana əyərək çiyni qaldırılmalıdır. Bu zaman zərərçəkənin ağzı döş qəfəsindən aşağı səviyyədə yerləşdiyinə görə maye xaricə tökülür. Bundan sonra süni ventilyasiyanı yerinə yetirmək olar. Əgər zərərçəkəndə sərbəst tənəffüs hərəkətləri əmələ gəlirsə, lakin onun şüuru bərpa olunmamışdırsa və ya tənəffüs ritmi pozulmuş, yaxud kəskin surətdə tezləşmişdirsə, qətiyyən ağciyərlərin süni ventilyasiyasını dayandırmaq olmaz. Əgər qan dövranı bərpa olunmamışdırsa süni ventilyasiya ilə eyni vaxtda ürəyin xarici masajı da yerinə yetirilir”.
FHN: “Mövsüm başlayandan 80 nəfəri xilas etmişik”
Avqustun 2-də Fövqəladə Hallar Nazirliyi çimərlik mövsümü ilə bağlı əhaliyə yenidən xəbərdarlıq edib. KİV-də, eləcə də, Nazirliyin rəsmi saytında yerləşdirilmiş xəbərdarlıqda deyilir ki, nəzərdə tutulmamış ərazilərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək, çimərlikdə balıq tutmaq, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır. Eyni zamanda FHN xəbərdar edir ki, çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir. Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir. Çimərliklərdə istirahət saat 900-dan 2000-dək daha təhlükəsizdir!
FHN-in mətbuat xidmətinin rəhbəri Oqtay Bayramovun musavat.com saytına verdiyi məlumata görə, çimərlik mövsümü başlanandan bəri Nazirliyin əməkdaşları suda boğulmaq təhlükəsi ilə üzləşən 80 nəfəri xilas ediblər. Bunların əksəriyyəti rəsmi çimərliklərdə çimənlərdir. Nazirlik rəsmisi deyir ki, Qadağan olunmuş ərazilərdə isə çimməyin təhlükəli olduğuna dair xəbərdaredici lövhələr qoyulub. Ancaq bizim də müşahidələrimiz, eləcə də, son vaxtlar baş verən bədbəxt hadisələrin statistikasının təhlili də göstərir ki, insalnlar bir çox hallarda qadağanedici işarələrə və xəbərdarlıqlara baxmayaraq icazə verilməyən dəniz çimərliklərində, eləcə də, çimməyin və üzməyin yasaqlandığı başqa su hövzələrində öz həyatlarını təhlükəyə atmaqda davam edir, çox təəssüf ki, bir çox hallarda həyatlarını itirirlər.
Ellana XIDIRZADƏ