Dünən səhər saatlarında “28 may” Metro stansiyası yaxınlığındakı yeraltı keçiddə kimsəsiz birinin beton döşəmədə yatdığının şahidi oldum. Həmin an gözlərimə inana bilmədim . Soyuq qış günündə belə bir yerdə necə yatmaq olar?! Fikirləşdim ki, bəlkə yatan adam burdakı mağazaların birində çalışır. Ətrafımdakı insanlardan soruşdum.
Mağazada çalışanlar dedilər ki, o, hər gün bu saatlarda gəlir və burada yatır. Üzünü örtdüyü üçün kimliyi mənə müəammalı qaldı. Əlbəttə, bir insan kimi onun düşdüyü vəziyyətə biganə qala bilməzdim. Lakin karton parçalarının üzərində uyuyan bu naməlum insanı oyandırmağa çəkindim. Buna baxmayaraq, onun yatdığı yerdə çəkdiyim fotonu sosial şəbəkədə paylaşdım. Bir çox insanlar isə mənə irad tutdular ki, niyə həmin insandan reportaj hazırlamamışam. Fotoya gələn rəylərdən bəlli oldu ki, bu soyuq qış günlərində evsiz-eşiksiz, yeraltı keçidlərdə yatan şəxs qadındır.
Təhminə adlı bir xanım bildirir ki, həmin xanım Sahil Metrosu yaxınlığında “Respublika Bank”-ın da binasının pilləkənlərində yatır. Səhərlər gizlənən bu xanım, gecələr həmin pilləkənlərdə uzanır. Bank müdiri, ətrafdakı mağazaların rəhbərləri də ona qalmağa yer təklif ediblər. O , isə insanlardan qaçır, onların köməyini istəmir.Təxminə bildirir ki, həmin xanım olduqca intelektual və ali təhsilli biridir: “Onunla bir dəfə düz bir saat söhbət elədim. Qalmağa evimi təklif etdim, rədd etdi. Sonra dedim ki, səni qadın sığınacağına aparaq. Yenə istəmədiyini bildirdi.Onun tək istədiyi insanların ondan əl çəkməsidir. “ Dünəndən bu yana yeraltı keçiddə yatan həmin xanımı düşünürəm. Görəsən, o, insanlardan niyə üz döndərib?! Niyə ona gələn bütün bu yardımlardan imtina edir, bu soyuq qış günlərində küçələrdə, yeraltı keçid və parklarda yatır?!
NÜŞABƏ
TİA.AZ