Yer kürəsi bundan sonra 5 milyard il mövcud olacaq.
Axar.az xəbər verir ki, bu sözləri fizika üzrə fəlsəfə doktoru, Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov britaniyalı astrofizik Stiven Hokinqin Yer kürəsinin 30 il sonra məhv olacağı barədə açıqlamasını şərh edərkən deyib. O bildirib ki, əgər hansısa bir asteroid və ya kometa gəlib Yerlə toqquşmasa, planetimiz 4-5 milyard il mövcud olacaq.
X.Mikayılov S.Hokinqin insanların Ay və Marsa köçürülməsi çağırışına da reaksiya verib:
“Yerdəki real şərait Ayda və ya Marsda mövcud deyil. Ona görə də insanlar gedib başqa planetlərdə yaşaya bilməzlər. Yaşamaq bir kənara qalsın, indiki zamanda insanların oraya köç etməsi belə mümkün deyil. Əgər qlobal problemlərlə bağlı insanlara çatdırılmalı olan bir mesaj varsa, o da insanlara ətraf mühiti qoruması və çirkləndirməməsidir. Son dövrlərdə atmosferin çirkləndirilməsi, müharibələr və s. kimi hadisələr Yer kürəsində mövcud olan həyat şəraitini xeyli çətinləşdirib. Bu mənada onlara xəbərdarlıq etmək lazımdır ki, Yer kürəsini qorusunlar”.
Ekspertin sözlərinə görə, Yerə hər hansı təhlükəli asteroid yaxınlaşanda müvafiq qabaqlayıcı tədbirlər görülür:
“Müntəzəm olaraq bütün rəsədxanalarda monitorinqlər aparılır. Yerə təhlükəli bir asteroid yaxınlaşarsa, asteroidin orbitini dəyişməyə məcbur etmək üçün müəyyən tədbirlər görülür. Ola bilər ki, asteroidi parçalamaq üçün onun səthinə enib orada hansısa partlayışlar törədilsin və bununla da real təhlükənin qarşısı alınsın. Adətən belə işləri qüdrətli dövlətlər həyata keçirirlər. Hələ ki, Yer kürəsi üçün heç bir təhlükə gözlənilmir”.
Qeyd edək ki, Norveçdə keçirilən “Starmuss” festivalında çıxışı edən britaniyalı məşhur astrofizik Stiven Hokinq insanların 30 ildən sonra Yeri tərk etməli olacaqlarını söyləyib. Onun sözlərinə görə, əgər insanlar Yeri tərk etməsələr, o zaman iqlim dəyişikliyi və əhalinin çoxluğundan məhv olacaqlar. Hokinq insanları təcili olaraq Mars və Ayda koloniyalar yaratmağa, eləcə də müxtəlif canlıların ora daşınması prosesini başlatmağa çağırıb.