Müğənni Nadir Qafarzadə bu yaxınlarda vəfat edən qaynanasının vəsiyyətindən danışıb.
Sənətçi Musavat.com-a bildirib ki, mərhumun vəsiyyətinə əsasən fərqli bir yas ehsanı təşkil edib.O, ənənəvi yas süfrəsi qurmaq əvəzinə, ehtiyacı olan ailələrə ət paylayıb.
Müğənninin sözlərinə görə, bunu mərhum qaynanası sağlığında ondan xahiş edib:
“Qaynanamın istəyi bu idi ki, ölümündən sonra ehtiyacı olan insanlara yardım edilsin. Biz də ehsan üçün nəzərdə tutulan ətləri kimsəsiz və imkansız ailələrə çatdırdıq. Yasda iştirak edən qonaqlara isə sadəcə çay, halva, qənd və digər yüngül ərzaqlar təqdim olundu. Hətta bu ət payından özümə bir qram belə götürmədim”.
Nadir Qafarzadə bildirib ki, yas mərasimlərində insanların borca-xərcə düşərək ehsan verməsi və israf etməsi doğru deyil: “Ehsan hamının öz imkanı daxilində özünü pis vəziyyətə salmadan olmalıdır. Kimin imkanı nə qədərsə, o qədər də etməlidir. Əgər kiminsə imkanı azdırsa, çay, qoğal, qənd verməklə də bu vəzifəni yerinə yetirmiş olar. Amma imkanı olan biri daha çox kömək etmək istəyirsə, mənim etdiyimi buyurub etsin”, -deyə o, sayta açıqlamasında deyib.