İnsan kimi boşana bilmirik…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salam oxucu dost.  

Salam oxucu dost. 

Neçə gündür gündəmdə elə tükürpədən şeylər olur ki, adam münasibət bildirməyə də ürək eləmir. Tüklərim ürpənir, mətbuatı izlədikcə. 45 yaşlı kişinin 8 yaşlı uşağı zorlama xəbərinin şokundan çıxa bilməmiş bu gün Şəmkirdə iki uşağı ilə bərabər intihar edən ananın xəbərinin ağırlığı çökdü canıma.  Lütfən, açın istənilən xəbər  saytını, xəbər lentinə göz gəzdirin. Elə dünəndən bu günə iki qadın ailə uşağını atıb evdən qaçıb. Keçən həftə 20 yaşlı ana uşağını  bağçaya aparmaq adı ilə evdən çıxarıb sonra gördüm deyən olmayıb.  

Hamısının da səbəbi eynidir- ailə münaqişəsi.  Hər nə qədər qəbul etməsək də bütün bu yaşadıqlarımızın – evdən qaçma, intihar etmə olaylarının səbəkarı elə həm də biz özümüzük. Çünki biz boşana bilmirik, çünki biz insan kimi ayrıla bilmirik, çünki biz evlənər-evlənməz məişətə uduzuruq, çünki biz sevmirik sahiblənirik.  Çünki biz bir yerdə yemək yediyimiz, film izlədiyimiz, qucaqlaşdığımız, həyatımızı paylaşdığımız  insanlarla yaxşı davranmırıq.  Biz bir-birimizi hər şeydən soyuduruq- yaşamaqdan, sevməkdən, gülməkdən.  

İki körpə ilə, maddi mənəvi sıxıntılarla, başının üstünü kəsdirmiş əzrayıl kimi qayınana , baldız nə bilim bibi, ərlə  başa çıxmaq asan deyil, hamımız bunu yaxşı bilirik. Hərə bir yerə qədər dözür. Ancaq həmən o nöqtəyə çatanda ya ölür, ya öldürür ya da başını götürüb gedir. Bu gün evdən qaçmış qadının əri müsahibəsində dedi ki, “Hamı bilir üç uşağa baxmaq necə çətindir. Mən indi neyləyim? Necə baxım bunlara?” Jurnalistin qayıtsa qəbul edərsənmi sualına- “Edərəm, niyə etmirəm, ailəmdi”  dedi.  Əlbəttə edərsən, əzizmən, niyə də etməyəsən, axı sən o üç uşaqla neyləyəcəksən? Necə dözəcəksən nazlarına, necə bişirəcəksən yeməklərini? Dərslərini necə oxudacaqsan?  Bu cümlənin altından xətt çəkə-çəkə yazıram. Heç bir qadın səbəbsiz yerə evindən, uşağından, ərindən getməz. And içirəm, getməz…

Dünən gecə mənim balaca qızım, Günəşim çarpayısından yıxıldı. Səsə ayılıb otağına qaçdım. Ürəyim tikə- parça oldu yatdığı yerdən düşən körpəmə. Qucağıma alan kimi sakitləşdi, ağlamadı,  yuxusuna davam elədi. Amma mən onu yerdən qaldırmasaydım saatlara ağlayacaqdı, bilirəm.

Məni qınamayın, lütfən.  Səhər  üç və bir yaşlı körpəsini götürüb qatarın altına tullanan ananı həm də başa düşürəm. O ona görə körpələrini də öldürdü ki, onlardan nigaran idi. Ona  görə körpələrini  öldürdü ki, heç kim o uşaqları onun kimi qucaqlamayacaqdı. O qadın ona görə ölümə tək getmədi ki, uşaqlarına anasızlığı yaşatmaq istəmədi. Düz eləmədi  amma… Bilmirəm… 

Nərmin Dadaşova