İnquşetiyada əhali respublikanın ərazisinin bir hissəsinin qonşu Çeçenistana verilməsini nəzərdə tutan müqaviləyə etiraz olaraq küçələrə çıxıb.
Tribunainfo.az xəbər verir ki, paytaxt Maqasda on minə yaxın insan parlamentə doğru yürüş edib. Yürüşə Quran ayələrini oxuyan yaşlılar başçılıq edir. Aksiya iştirakçıları iki respublika arasında sərhəd müqaviləsinin ləğvini və İnquşetiya rəhbəri Yevkurovun istefasını tələb edirlər.
Maqasın mərkəzi meydanı polis qüvvələri tərəfindən mühasirəyə alınıb, sosial şəbəkələrdə yayılan məlumatlara görə insanlar İnquşetiyanın hər yerindən paytaxta axışır. Mindən artıq adam isə Maqasda Maliyyə Nazirliyinin binası qarşısına toplaşıb, şəhərin əsas giriş yollarından biri bağlıdır. Buna baxmayaraq insanlar qruplar halında kilometrlərlə yolu qət edərək dolayı yollarla Maqasa üz tuturlar. Şəhərin girişində internet kəsilib, etirazçıların sayı hər dəqiqə artır, hərbçilər yolları bağlasalar da insanların Maqasa axınının qarşısını almır.
Maqasda izdiham artsa da vəziyyət sakitdir, iğtişaşlar qeydə alınmır, polis kütləyə müdaxilə etmir.
İnquşetiya ilə Çeçenistan arasında inzibati sərhədi müəyyən edən müqavilə sentyabrın 26-da Ramzan Kadırovla Yunusbek Yevkurov arasında imzalanıb. Müqaviləyə əsasən İnqişetiya ərazisinin bir hissəsi Çeçenistana verilir. İnquşetiya əhalisi bu müqavilənin şərtlərindən gec xəbər tutub və buna baxmayaraq küçələrə çıxıb. Oktyabrın 1-də yerli sakinlər Maqasla Nazran şəhərlərini birləşdirən federal avtomobil yolunu bağlayıblar.
İnquşetiya müftiliyi də respublikanın ərazisinin bir hissəsinin Çeçenistana verilməsinə qarşıdır və əhalini birləşməyə çağırıb.
Çeçenistan rəhbəri Ramzan Kadırov bir neçə gün əvvəl İnquşetiyada baş qaldıran etirazlara münasibət bildirib və bunu “əsassız” adlandırıb. Kadırov bildirib ki, bu sərhəd müqaviləsinə görə məscdilərdə ona lənət oxuyurlar, hansı ki, qərarı mərkəzdə qəbul ediblər. Narazı olanlar isə sözlərini mərkəzə deyə bilər.