TƏBİB-in tabeliyində olan İnnovasiya və Təchizat Mərkəzi 2024-cü ildə, həm ən çox tender keçirən, həm də ən iri məbləğli müsabiqələrin sayına görə, öndə gedir. Tribunainfo.az-ın bununla bağlı apardığı araşdırmalar zamanı məlum olub ki, ötən il sözügedən qurum üst-üstə 72 tender keçirib.
İnnovasiya və Təchizat Mərkəzinin keçirdiyi tenderlərin ümumi məbləği isə həddindən artıq böyükdür. Belə ki, bu müsabiqələrdə 342 milyon 993 min 928 manat sərf olunub.
Mərkəzin əsas prtnoyorlarının sayı çox deyil. Elə açıq qaynaqlardan əldə olunan məlumatlar da göstərir ki, 343 milyon manat əsasən bir neçə şirkət arasında bölüşdürülüb. Digər şirkətlər isə ad və say çox olsun deyə, müsabiqənin qalibləri sırasına salınıb.
Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırmasına görə, İnnovasiya və Təchizat Mərkəzi əsasən üç böyük şirkətlər anlaşıb. Onlar “ZEYTUN PHARMACEUTİCALS” MMC, “Medsol” MMC və “AvroMed” MMC-dir. 2024-cü il ərazində bu şirkətlə Mərkəz arasında 11 satınalma müqaviləsi imzalanıb. Bu müqavilələrin ümumi dəyəri isə 62 milyon 545 min 923 manat olub. Bu isə ümumi tender məbləğinin 20 faizinə bərabərdir.
İkinci sırada “Avromed” MMC gəlir ki, bu şirkətlə də il ərzində Mərkəz arasında 4 müqavilə bağlanılıb. Həmin müqavilənin ümumi dəyəri 68 milyon manat olub. Bu ümumi məbləğin isə 22 faizini təşkil edib.
Sayca ən çox müqavilə bağlanan şirkətlərdən biri isə “MEDSOL” MMC olub. Tribunainfo.az xəbər verir ki, 7 satınalma müqaviləsinin ümumi dəyəri 54 milyon 468 min 564 manata bərabər olub. Bu isə ümimi tender məbləğinin təxminən 15-16 faizi deməkdir.
TƏBİB-in tabeliyində olan İnnovasiya və Təchizat Mərkəzinin iri həcmli tender müqavilələri də olub. Məsələn, Respublika Pediatriya Mərkəzində klinik biokimya, hormon, seroloji, immunoloji, tam avtomatik mikroelisa müayinələrinin istifadəsi üçün nəzərdə tutulmuş laboratoriya testləri alınmasına 27.801.184,68 manat xərclənib. “ALBATROS HELTKEYR” MMC ilə bağlanan bu müqaviləyə daha sonra daha bir 799.013,4 manatlıq tender də əlavə edilib.
Tribunainfo.az xəbər verir ki, Mərkəzin maraqlı tenderlərindən biri də Kliniki Tibbi Mərkəzin 1 saylı korpusunun, həmçinin 7 saylı korpus və mətbəx binasının əsaslı təmiri işlərinin satın alınması ilə bağlıdır. “ORN GROUP” MMC ilə bağlanan müqavilənin dəyəri 9.902.629,24 manat təşkil edib.
“VAR CONSTRUCTİON” MMC ilə bağlanılmış 18.891.761,32 manatlıq tender müqaviləsinə əsasən isə Mirqasımov adına Respublika Klinik Xəstəxanasının əsas inzibati binası, əlavə korpus və köməkçi binalarının yenidən qurulmasının birinci mərhələsi həyata keçirilib.
Bundan başqa, sözügedən mərkəzin “AZFAR MED” MMC ilə də biri neçə tender müqaviləsi bağlayıb. Bu müqavilələrin ümumi dəyərinin 30 milyon manata yaxın olması diqqəti çəkib.