“Hər kəsə aydın olan bir oyundur. İstər səviyyə baxımından, istərsə də futbolçuların keyfiyyətinə görə bizi üstələyirlər. Belə oyuna proqnoz vermək də olmur”.
Bu sözləri QOL.az-a açıqlamasında futbol mütəxəssisi Şahin Diniyev deyib.
O, millimizin DÇ-2026-nın seçmə mərhələsində bu gün səfərdə Fransa ilə keçiriləcək oyunu haqda danışıb. Qeyd edib ki, bu cür rəqiblə görüşlərdə nəticə yox, mübarizə aparmaq haqda düşünmək lazımdır:
“Bizim millimizdir, pozitiv olmaq, müsbət məqam tapıb ondan danışmaq istəyirəm. Gəlin etiraf edək ki, biz mübarizə aparmaqdan danışmalıyıq, nəticədən yox. Bir faiz şansımız varsa, ona əsasən danışmalıyam. Fransa millisinin bəzi aparıcı oyunçuları olmayacaq. Müdafiədə etibarlı çıxış etsək, ilk dəqiqələrdən qol buraxmasaq, bu, tədricən rəqibi narahat edə bilər. Ancaq bilirik ki, millimizi çox çətin oyun gözləyir. Düşünürəm ki, keyfiyyət baxımından yox, sadəcə meydandançanın hər qarışı uğrunda savaşmaq və özünü fəda etmək baxımından nəsə edə bilərik”.
Ş.Diniyev Avro-1996-nın seçmə mərhələsində millimizin səfərdə Fransaya 0:10 hesabı ilə məğlub olduğu matçın iştirakçılarındandır. Diniyev 1995-ci ilin sentyabrında Oserdə qeydə alınan nəticənin həyəcanının bu görüşdə də onda olduğunu bildirib: “Desəm o qorxu yoxdur, yalan olar. Təbii ki, qorxu var. Millimizin səviyyəsi yüksəlsəydi, deyərdik ki, artıq hər şey geridə qaldı, bir daha o cür məğlubiyyət olmaz. Ancaq yenə də inanmıram və istəmirəm ki, o cür hesab qeydə alınsın. Bomba bir yerə bir dəfə düşər. Matçın ilk dəqiqələrində nələr baş verməsindən çox şey asılı olacaq. İlk 10-15 dəqiqə ərzində komandamız təzyiqlərə dözsə, müdafiədə sıx və etibarlı oynasa, elə acınacaqlı hesab qeydə alınmayacaq. Əsas ilk dəqiqələrə dözmək lazımdır. Millimiz 15 dəqiqə ərzində qol buraxmasa, özünəinam yaranacaq. Bir də 60-cı dəqiqədən sonra millimiz yorulmasa, nəyəsə ümid etmək olar. Demirəm qalib gələk, heç-heçə edək, ancaq məğlubiyyət olsa belə, uğurlu mübarizə aparaq və çətin qarşılaşmada şərəflə çıxış edək”.
Qeyd edək ki, Parisdəki “Park de Prens” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək