“Qəbul imtahanlarının nəticələri hər il aşağı düşür. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 20 və 21 may tarixlərində keçirilən II və III ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən maksimum nəticə -700 bal toplayan olmadı. Ali məktəblərə qəbul göstəricilərinin aşağı düşməsi və abituriyentin maksimum nəticə göstərə bilməməsinin əsas səbəbi imtahan suallarının məktəb proqramına əsasən tərtib olunmamasıdır”.
Bu fikirləri Bakupost.az -a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.
Onun sözlərinə görə, imtahan sualları orta məktəb proqramı əsasən tərtib olunmalıdır:
“Lakin tərtib edilmir. Ali məktəblərə qəbul imtahanlarında sualların çətin, orta məktəb proqramını əhatə etməməsi abituriyentlərin yüksək nəticə göstərməsinə mane olur. Dövlət İmtahan Mərkəzinin öz proqramı var. İmtahan sualları şagirdlərin bilik- bacarıqlarını qiymətləndirməyə yönəlmir. DİM-in öz vəsaitləri var. İmtahan sualları da həmin vəsaitlərə əsasən hazırlanır. Qəbul imtahanlarında dərsliklərdəki proqramlardan istifadə olunmadıqca göstəricilərin aşağı düşməsi normaldır. Əgər DİM imtahan suallarını öz vəsaitləri əsasında hazırlamağa davam edərsə, nəticələr ildən-ilə daha da aşağı düşəcək”.