“İmkansız təbəqə süni ət almağa məcbur olacaq” – SOSİOLOQbackend

“İmkansız təbəqə süni ət almağa məcbur olacaq” – SOSİOLOQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ət məhsulları bahalaşmaqda davam edir. Artıq paytaxtda dana ətinin bir kiloqramı 16, quzu ətinin bir kiloqramı isə 21 manata təklif olunur. Bu isə o deməkdir ki, son bir ayda ət 10-15 faiz bahalaşıb. Bunun səbəbi heyvandarlığa marağın azalması, bölgələrdə istehsalın aşağı düşməsi ola bilərmi? Bundan başqa, bəzi ölkələrdə artıq süni ət istehsalına başlanılıb. Bizdə də reallaşacağı mümkündürmü?
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, bahalaşma təkcə bizdə deyil, bütün dünyada da baş verir.

Sosioloqun sözlərinə görə, ətin qiymətinin bahalaşması artıq neçə ildir ki, davam edir: “Bunun da iki əsas səbəbi var: Biri lokal səbəblərdir, digəri isə qlobal səbəblərdir. Qlobal səbəb süni ət texnologiyasının artıq bir neçə ildir hazır olması və bəzi ölkələrdə dövriyyəyə buraxılması ilə bağlıdır.

“Proqramlaşdırılmış hüceyrələrin süni çoxaldılması nəticəsində əldə olunur. Genetikası tamamilə təbiilikdən çıxarılmış süni və təhlükəli məhsuldur. Bunu tədricən dünyada otuzdurmaq üçün qlobal bir proses gedir. Hazırda maya dəyəri 15 dollara qədər aşağı salınıb və getdikcə də aşağı düşür. Hədəf maya dəyərinin 5 dollara qədər salınmasıdır. Buna paralel olaraq da bütün dünyada heyvandarlığa qarşı mübarizə gedir. Artıq bir çox Qərb ölkələrində insanların heyvan saxlaması üçün vergilər artırılıb, müxtəlif qadağalar və məhdudiyyətlər qoyulub. Bunu da qlobalistlər belə əsaslandırırlar ki, guya ki, heyvanlar xeyli metan və karbon qazı buraxır ki, bu da ozon qatını dağıdır, atmosferi çirkləndirərək təhlükə yaradır. Halbuki bu tamamilə əsassız bir bəhanədir. Dünyadakı sənaye zavodlarından buraxılan metan və karbon emissiyası daha çox təbiəti korlayır. Eyni zamanda avtomobillər, gəmilər daha çox havanı zəhərləyir. Yəni təbiətə zərər vuran kapitalist sənayesidir. Azğıncasına, qudurmuşcasına, vəhşicəsinə qurulmuş istehlak çılığınlığı nəticəsində zavod və fabriklərdə təbii resursların tələbatdan artıq istehsalı və emalı nəticəsində yaranmış təhlükəli maddələrlə atmosferə heyvanların buraxdığından milyon dəfələrlə artıq zərər vururlar.

Təbii heyvanların sıradan çıxarılması üçübn hətta bəzi ölkələrdə heyvanlar arasında yayılan müxtəlif xəstəliklər buraxdılar. Kütləvi şəkildə heyvanların qırılması baş verdi.

Biz də dünyaya aid olduğumuz üçün bu prosesin bizə də təsirləri dəyir. Azərbaycan həm də xaricdən böyük həcmdə diri heyvan və ət idxal edir. Yerli istehsala gəldikdə heyvandarlıq sahəsi son illərdə çox ciddi şəkildə tənəzzülə doğru gedir. Heyvandarlıq üçün xərclər artıb. Müxtəlif standartların qoyulması sahibkarların xərclərini artırır. Örüş yerləri kəskin azaldılıb əkin sahələrinə verilir. Heyvanların otarılması üçün ərazi də qalmayıb. Heyvan yemlərinin kəskin bahalaşması da ətin qiymətinin artmasına təsir göstərir.
Eyni zamanda dolayı təsirlər var. Yanacağın qiymətinin artması, son illərdə suyun qiymətinin artması, dərmanların qiymətinin artması, kənd təsərrüfatına aid məsələlərdə qiymət artımı olması dolayı təsir göstərir. Heyvandarlıq üçün maya dəyəri baha başa gəlir.
Bu 2 səbəbi biz ümumilikdə götürsək aydındır ki, ətin qiyməti fasiləsiz olaraq durmadan bahalaşacaq.

Qlobal plan belədir ki, yaxın bir neçə ildə təbii ət dövriyyədən çıxarılsın. Müxtəlif qadağalar gözlənilə bilər. Sağlamlıq, ekologiya adı altında heyvanlara qarşı bir virusun buraxılacağını güman edirəm. Qlobal miqyasda, xüsusilə də qırmızı ətlə bağlı heyvanlarda olacaq. Çünki broyler sənayesi tamamilə qlobal korporasiyaların əlindədir. Bir müddət əvvəl quş qripini buraxmaqla, dünya ölkələrinin əksəriyyətində təbii quşları qırıb məhv etdilər, yerinə isə broyler sistemini oturtdular. Çox yaxşı ki, quş qripi dövründə bizim hökumət ağıllı tərpəndi, qlobal hay-həşirə uymadı. Bizim yerli quşların məhv olmasına imkan vermədi. Hələlik rayonlarımızda, kəndlərimizdə xeyli təbii toyuqlar, quşlar hələ ki, qalıb. Məsələn, qonşu Türkiyədə təbii toyuqlar artıq demək olar ki, yoxdur.
İndi isə, hələlik insanların əlində qalan xırda buynuzlu və iribuynuzlu heyvanları da sıradan çıxarmaq istəyirlər.
Pronozlara görə yaxın 5-10 ildə bütün dünyada tam şəkildə süni ətə keçiləcək. Əvvəlcə ət məmulatlarında- kolbasa və sosiskalarda, və ət konservlərində tətbiq olunacaq, həmçinin kafe-restoranlarda. Sonra isə açıq şəkildə satışa buraxılacaq. Dadı ətlə təxminən eyni olacaq, qiyməti də ucuz olacaq.
İlk vaxtlar ət tam qadağan edilməyəcək. Amma arada elə bir qiymət fərqi olacaq ki, insanlar məcburən süni əti alacaq. İmkansız təbəqə süni ət almağa məcbur olacaq. Sonrakı müddətdə də tədricən təbii heyvan əti tam dövriyyədən çıxarılacaq.
Bundan əvvəl necə ki, bütün qidaları süniləşdirdilər- meyvələri, tərəvəzləri, paxlalıları, taxılları… bütün emal olunmuş, konservləşmiş qidaların hamısı süni maddələrdən ibarətdir. Eynilə bu proses heyvandarlıqda da gedir.
Mən hökumətimizi, sahibkarlarımızı, fermerlərimizi çağırıram ki, mümkün qədər bu prosesdən yan keçməyə çalışaq. Öz təbii məhsullarımızı təbiətin yaratdığı nemətlərlə inkişaf etdirək. Dədə-baba toxumlarımızla əkin-biçin edək. Eynilə heyvandarlığı da, quşçuluğu da təbii formada inkişaf etdirək.
Yeri gəlmişkən artıq balıqçılıqda da vəziyyət ağırdır. Süni dərmanlı göllərdə hormonal yemlərlə yetişdirilən balıqlar bazarın 90 faizindən çoxunu götürüb. Hələ ki, 5-10 faiz çaydan, göldən, dənizdən tutulan balıqları tapmaq olur.
Bax beləcə, bütün dünyada qlobal qida terroru gedir. Azərbaycanı bu terrordan qoruması üçün hər cür imkanlar var- coğrafiyamız, iqlimimiz, təbii ehtiyyatlarımız tamamilə buna imkan verir. Sadəcə qoruyucu tədbirlər görülməlidir. Dövlət təbii əkin-biçinləri, heyvandarlığın inkişafı üçün yardımlar verməli, maneələri aradan qaldırmalıdır. Biz idxaldan asılılığımızı aradan qaldırmalıyıq. Bu gün ərzaq təminatında biz 50 faizdən artıq idxaldan asılıyıq. Ət və süd məhsullarında da çox böyük idxal göstəriciləri var. Bunu aradan qaldırmaq üçün imkanlarımız var.
Yeni azad olunmuş ərazilərdə çox böyük imkanlar var. Vaxtilə orada heyvandarlığın çox böyük şöhrəti, imkanları olub. Bütün ölkəmizi təbii məhsullarla təmin edə bilərik. Biz bu qlobal prosesdən özümüzü qorumağa məcburuq. Çünki qidalarla insanların genləri dəyişir. Süni qidalar həm də psixologiyanı, sağlamlığı məhv edir. Bu ağır bir qlobal terrordur və biz bundan özümüzü qorumalıyıq. Bəzi ölkələrin buna imkanı yoxdur. Amma bizim coğrafi, təbii imkanlarımız buna tamamilə şərait yaradır. Sadəcə bu sahədə böyük bir dövlət siyasəti, dövlət proqramı olmalıdır. İnsanlarımız da bu sahədə ciddi məşğul olmalıdır ki, kənd təsərrüfatında biz heç bir ölkədən asılı qalmayaq və eyni zamanda təbii qidaları süni qidalarla əvəzləməyək”.

Dəniz Pənahova