Nə qədər ki, Allah heç bir şey yaratmamışdı, sonsuzluqda Onun varlığından xəbər tutan heç bir şey yox idi. Məhz varlığından xəbər tutanlar olsun deyə yaratmağa başlayır və mələklərlə ilk cin olan İblisi yaradır.
Nə qədər ki, Allah heç bir şey yaratmamışdı, sonsuzluqda Onun varlığından xəbər tutan heç bir şey yox idi. Məhz varlığından xəbər tutanlar olsun deyə yaratmağa başlayır və mələklərlə ilk cin olan İblisi yaradır.
Amma onlar Allahdan xəbərdar olsalar da heç birisi Hüsn-Camala bənzədilərək yaradılmamışdı. Bu səbəbdən sonradan Özünə bənzər, lakin kokret vücuda malik Adəm adlı bir varlığı, ilk insanı yaradır. “Haqq surətində gələn insan sənsən cahana. Ey Tanrının sifəti, aləmdə cavidansan”. Bunu Nəsimi deyir Adəmi mədh edərkən. Allah Adəmi bütün başqa yaratdığı varlıqlar kimi kəlamı ilə, ayələri ilə yaratmışdır; cənnətdən qovularkən də maddi məkana çevrilişi üçün ona kəlamı ilə “Ol” demişdir, maddi məkanın içindəki irili-xırdalı hər bir hərəkət də Onun ayələrinin icrasıdır, yəni bütün maddi aləm Allahın ayələr toplusudur Qiyamətə qədər. Üstəlik bütün peyğəmbərlərə göndərilən ayələr, nazil olan kitablar maddi məkan kimi Adəmin özünə gəlmişdir. Odur ki Nəsimi Adəmi mədh edərkən davam edir: ”Üzün kitabi-münzəl, zülfü-ruhundur ayət. Ey Xaliqin kəlamı, dilimdə tərcümansan”. Yəni maddi aləm bir vücud kimi götürülsə o vücudun üzü həmin o ayələr toplusu olan kitabi-
Münzəldir, nazil olan kitabdır. Ayələr isə obrazlı olaraq o vücudun içindəki ruhun saçlarına bənzədilmişdir. Bu beytdəki mənanın bu cür açılışı olmadan digər qəzəldəki gözəl bir beytin mənasınl açmaq mümkün olmaz. Baxın, Adəm deyir Nəsiminin dili ilə: “Mişkin saçın zülmətinə yol bulmaq istər Xızrı gör. Ləlin şərabın içmişəm mən, abi-heyvan gəlmişəm”. Mişk saça sürtülər. Onun saçların dibinə qədər getməsi üçün Xızır peyğəmbəri niyə görməlidir insan? Amma əgər ayələr ruhun zülfünə, saçına bənzədilmişsə, demək, ayənin “zülmətinə”, yəni ondakı mənanın dərinliyinə yol bulmaq istəyən mişk idrakdır. Yəni dərrakən ayənin məna dərinliyinə yol tapmaq istəyirsə Xızır peyğəmbəri gör. Niyə Xızır peyğəmbəri? Çünki çöllərdə yollarını azanlar onu yardıma çağırarlar və o da yardıma yetişib yolunu azmışlara yol göstərər. Əgər insan ayələrin məna dərinliyinə varmamışsa, demək, yolunu azmışdır. O zaman yol göstərən kimdirsə onu görməli, onun ətəyindən yapışmalıdır. Məna dərinliyinə gedən yolun ən doğrusunu isə Adəm göstərə bilər. Belə ki, peyğəmbərlər Allahdan aldıqları ayələri insanlara çatdırmaqla mükəlləfdirlər. Bu və ya digər ayədəki məna dərinliyini Allahın onlara bildirdiyi qədər insanlara izah edə bilərlər, çünki qeybin açarları Allahın əlindədir. Adəmdən başqa heç bir peyğəmbər cənnətdə yaşamamış,
heç birisi o məkanda “Ləlin şərabından”, yəni abi-Kövsərdən, dirilik suyundan içməmişdir. Yalnız Adəm cənnətin sakini olmuşdur deyə o məkan barədə hərtərəfli məlumatlıdır.
Ənənəvi dindarlıq, təbii ki, həqiqətin bu şəkildə izahını qəbul edəcək ağılda deyildi, Əbu Cəhllər Rəsulillahı anlamayıb ona dinsiz dedikləri kimi müasirləri olan ənənəvi dindarlar da Nəsimini anlayamadıqları üçün ona kafir deyirdilər. Nəsiminin isə cavabına baxın:”Həqqin kəlamı məndədir, sanma məni həqqdən iraq. Çünki
könül ərşi-həqqdir, bəs ərşi-Rəhman olmuşam”. İlk baxışda pafosla deyilmiş üsyankar şair beyti deyib ötmək olar. Amma arif olanlar bu ecazkar beytin yanından ötüb keçərlərmi? Görməzlərmi böyük bir məna əlavə heç bir izah verilmədən, bircə misraya necə lakonik yerləşdirilmişdir? Hansıdır o məna?
Könül, qəlb ürək deyil. Ürək qanı, sadəcə, damarlara qovan maddi bir orqandır. Könül isə ruha aiddir; ruh ağılla könülün vəhdətidir. Ağıl ruhun yaradıcı hissəsidir, könül isə hal, hiss, duyğu mənbəyi. Ağıl ruhun özəyidir, könül isə o özəyin ətrafını Ayın haləsi Ayı bürüyən kimi bürümüşdür. Sidrətül-müntəha maddi aləmin ətrafını bürüyən kimi. Və ya Ərşi-Ali cənnətlər məkanının ətrafını bürüyən kimi. Həm maddi aləmin, həm cənnətlər məkanının ətrafı, sonu vardır deyə onların içindəki ilahi könül onları sidrətül-müntəha və Ərşi-Ali kimi bürüyə bilər. Amma Allahın İlkin Ruhu sonsuzdur, ətrafsızdır deyə İlahi Könül İlahi Ağlın ətrafını bürümüşdür demək doğru deyildir; İlahi Könül İlahi Ağılla birlikdə sonsuzluq boyuncadır. Əgər insanın üzü, camalı olmasaydı könlünün qəzəb, sevinc, qəm-qüssə, peşmanlıq və sair hallarını sözlə bildirməklə təsəvvür etmək mümkün olmazdı. Məhz könülün halının görüntüsü üçün üz, camal mövcuddur, belə ki, üz könülün aynasıdır, üzdəki hər hansı bir məna könülün o andakı halının görüntüsü, bəyanıdır. Allahın Hüsnü-Camalı da Onun İlahi Könlünün bəyanıdır, yaratdığı varlıqlar cənnətdən baxarkən Onun Könlünün halını görsünlər deyə. İlk insan kimi Adəmi yaratdığında da bu bənzərliklə yaratmışdır ki, onun da sifəti olsun ki, könlünün halını bəyan edə bilsin. Cənnətdəkilərin gördüyü Hüsnü-Camal olar, “Allahı görürük” deyərlər, amma O nə İlahi Ağıldır, nə də İlahi Könül. Yəni İlkin Ruh deyildir. İlahi Könülün bəyanı olaraq İlkin Ruhun bəyanıdır. Ilkin Ruh isə, yəni İlahi Ağılla İlahi Könül birliyi əbədiyyən bir kimsəyə görünməz, çünki bənzəri yoxdur. Necə ki, biz bir cismə, bir insana baxdıqda onun yalnızca vücudunu, sifətini görərik, içindəki ağıl-könül vəhdəti olan ruhunu isə görməmiz mümkün deyildir. Adəm öz könlünə ərşi-Həqq deyir. Əvvəldə qeyd etmişdim ki, “həqq” sözünü Allahın Adlarından birisi olaraq yox, Adəmin maddi aləmə çevrilmə həqiqəti, “həqqi” olaraq anlamaq lazımdır. Bu “həqqin” ərşi, sonu sidrətül-müntəhadır. Yəni könlüm maddi aləmi Ayın haləsi kimi bürüyən sidrətül-müntəha böyüklüyündədirsə, ey məni həqqdən uzaq sayan insan, maddi aləmə çevrilməzdən öncə cənnətdə kamilliyimlə Rəhmana qovuşub ərşi-Rəhman olmamışammı? Təbii ki, Rəhmanın ərşi, hüdudu, sonu olmaz. Rəhmanın təcəllisi olan məkanın, yəni cənnətin ərşi olar ki, bu da Ərşi-Alidir. Ərşi-Aliyə qovuşan varlıq həqqdən, dindən necə uzaq ola bilər? Fikrimi bir az da izah edim, çünki olduqca incə məsələdir. Yalnız sevən könül zəngindir və yalnız elmli ağıl üstündür, amma bir tək zəngin könüllə və ya bir tək üstün ağılla ruh kamil sayılmaz. Kamil ruh elmli ağılla sevən könülün birliyidir. Elm sevgidən irəlidir ilahi üçün, amma sevənlərin ruhlarının könülləri qovuşar o könülün bürüdüyü ağıl elmsiz olsa belə, sadəcə, Allah qatında dərəcəsi aşağı olar o ruhun elmsiz olduğuna görə. Yuxarıda qeyd etmişdim ki, biz insanlar canlılığı səhv başa düşürük. Bir qum zərrəsi də içində ilahi nur, ruh parçası vardır deyə canlıdır; torpaqdan ruhu çıxarsa ölü torpaq sayılar Ayın torpağı kimi. Canlıdırsa, demək, içindəki ruhun ağlı və könülü var. İki su damcısı bir-biri ilə birləşərsə bu yalnız onların ayrı-ayrılıqdakı ruh parçalarının könüllərinin birliyi deyil, həm də onların cismani birliyidir; birləşib tam olarlar. Erkəklə dişinin bir-birinə əsl sevgisi isə cismani deyil, yalnızca könüllərinin birliyidir. Könül isə ruhdan ayrı olmadığı üçün sevgi ruhların qovuşmasıdır. İnsanın təbiətə, Allaha olan sevgisi də bu cür ruhani, könülcə qovuşmaqdır. Əgər insan maddi aləmin tam bir vücud olaraq Adəmin cismindən yaradıldığını qəbul edib onu sevərsə insanın könlü maddi aləmin könlünə qovuşar. Yəni ərşi-Həqqə. Yəni sidrətül-müntəha böyüklükdə olar könlü. Əgər Adəm cənnətdə ikən cənnət məkanının Rəhmanın zühuru olduğunu qəbul edib onu sevmişsə, demək, könlü cənnət məkanının könlünə qovuşmuşdur. Yəni Ərşi-Rəhmana. Yəni Ərşi-Ali böyüklükdə olmuşdur könlü. Buna görə Adəm Nəsiminin dili ilə demək istəmişdir ki, bir bəşər övladı kimi, bir “fəqirü-gəda” kimi Ərşi-Həqqəm, maddi aləmin könlünə qovuşmuşam, belə ki, bəşər övladı üçün könül sidrətül-müntəha böyüklükdədir. Cənnətdəki Adəm kimi isə Ərşi-Rəhmanam, cənnət məkanının könlünə qovuşmuşam, belə ki, cənnət əhli üçün könül Ərşi-Ali böyüklükdədir. Cənnət məkanı üçün sidrətül-müntəha çox-çox kiçikdirsə hansı biriniz kamil olsanız belə dini həqiqəti məndən çox bilərsiniz, ona məndən daha yaxın ola bilərsiniz, ey bəşər övladları? Axı mən sizdən fərqli olaraq bir Adəm kimi “Gah çıxaram göy üzünə seyr edərəm aləmi”, bir Nəsimi olaraq da “Gah enərəm Yer üzünə seyr edər aləm məni”. Elə isə məndən çoxmu biləcəksiniz?
Bax, bütün bu danışdıqlarım elə böyük həqiqətdir ki, Adəm Nəsiminin diliylə digər bir şerdə belə deyir: ” Yüz yaşında ruhban görsə gərdəninin ağını. İncili suya buraxar, vaz gələr xaçdan keçər”. Ruhban xristian keşişidir, yeni doğulmuş körpələr xristian olsunlar deyə onları xaç suyuna salıb çıxarar. Həqiqətin
göz qamaşdıran parlaqlığı isə rəmzi olaraq gözəlin gərdəninin, sinəsinin ağlığına bənzədilmişdir. Yəni bu həqiqət elə parlaqdır ki, yüz yaşına qədər körpələri xaç suyuna salıb çıxarmağı doğru iş bilən bir keşiş də onu görsə haqqa gəlib körpəni yox, İncilin özünü təhrif olunmuşdur deyə suya buraxar, xaçını tullayar. Və ya: “Hacılar həccə gedərkən çöldə görsələr səni. Heyran olub mat qalarlar, vaz gəlib həccdən keçər”. Yəni anlarlar ki, həccin anlamı Kəbə ətrafında dolanmaqda, Səfa-Mərvə arasında qaçmaqda, qurban kəsməkdə deyil. Həqiqəti dərk etmədən icra edilən bu əməllər, sadəcə, dini mərasimlərdir. Həqiqət onları heyran edər, təsdiq edərlər ki, “Haqqdan gələn kəlamın mücizdir, ey Nəsimi. Sənsən ki, kündü-kənzin əsrarına bəyansan ”. ( Elə bir tək bu beyt onun özünə əsla “Allah” demədiyinin sübutudur; əks halda kəlamlar onun özündən gəlməli idi. Amma “Haqqdan gələn kəlam”dan söhbət gedir, o möcüzəli kəlamlar sayəsində maddi xəzinənin sirrlərinə bəyan olub Nəsimi).
Bu həm də ona görə böyük həqiqətdir ki, əsrlərin arasından keçərək bu günümüzə qədər də nəinki yaşaya bilmişdir, hətta bu elm-texnologiya əsrində bu həqiqət əsasında xristian alimləri tərfindən “Qaynar kainat” modeli deyə Böyük Partlayış nəzəriyyəsi də yaradılmışdır. Bu nəzəriyyənin əsasında da Kainatdakı bütün cisimlərin bir tək maddədən yaradılması durur. Bu nəzəriyyəyə görə bəlli olmayan guya bir tək şeydir: o tənha
cismi kim yaradıb? Qalan hər şey isə bəllidir; guya ölçüsü santimetrin trilyonda bir hissəsi qədər kiçik olan bir zərrəciyin içində baş verən partlayışdan sonra bir-birini əvəzləyən proseslər nəticəsində bir göz qırpımındaca bütün Kainatı dolduran səma cisimləri yaranmışdır. Başqa necə deyə bilərlər? Desələr ki, həmin o cisim Adəmin özü olub, “Böyük partlayış” nəticəsində vücudundan sidrətül-müntəha böyüklüyündə bu maddi məkan əmələ gəlib, buna artıq yeni yox, tamamilə Nəsimidən oğurlanmış nəzəriyyə deyə bilərlər axı.
(ardı var)
MİRZƏ HACIYEV