Nəsiminin avam, cahil kütlə tərəfindən dinsiz, kafir deyə damğalanmasına səbəb olmuş “ən əl-həqq” ifadəsi həmin bu beytin olduğu qəzəldə keçir.
Nəsiminin avam, cahil kütlə tərəfindən dinsiz, kafir deyə damğalanmasına səbəb olmuş “ən əl-həqq” ifadəsi həmin bu beytin olduğu qəzəldə keçir.
Amma artıq o qəzəlin də, eləcə də şairin digər qəzəllərinin də həzrət Adəmin dilindən söylənmiş olduğunu nəzərə alsaq o zaman “ən əl-Həqq” ifadəsi tamam başqa məna almış olur. Nəsimidən beş yüz il əvvəl yaşamış məşhur sufi Mənsur Həllac tərəfindən deyilmiş bu ifadə min ildən çoxdur ki, onu deyənin özünə aid edildiyi üçün bu gün də yanlış anlaşılmaqdadır.
Birbaşa tərcüməsi “Haqq mənəm” demək olduğu üçün bunu deyən adamın Allahlıq iddiasında olduğu düşünülmüş, o səbəbdən kafir deyilərək edam edilmişlər; çünki “Haqq” Allahın Mübarək İsimlərindən birisidir. Amma sufilər içində bunun mənası birbaşa tərcüməsindən qat-qat dərindir; kamil sufilər Allahı zikr edərkən ilahi eşqin gücündən cuşə gəlib özlərini Allaha yaxın hiss etdikləri anlarda onlardan soruşan olanda “Sən kimsən?”, pıçıldayarmışlar “ən əl-həqq”. Yəni “Mən yoxam, Allah var”. O anlar kamilliyin zirvəsinə yetdikləri üçün fikrən, ruhən həzrət Adəm olurlarmış və
Allahın Hüsnü-Camalını görürlərmiş. Nəsimi də “ən əl-həqq” söylərkən kamilliyin zirvəsindən həzrət Adəmin diliylə söyləmiş qəzəli. Daha doğrusu, qəzəlin söyləndiyi anlar həzrət Adəm Nəsimidə təzahür etmiş sanki. Allah deyil, həzrət Adəm, cənnətdəki ilk insan Nəsimidə təzahür etmişdir. O qəzəlin ilk beytindəncə bu aşkarca vurğulanır. ”Sirri-ənəlhəqq söylərəm aləmdə, pünhan gəlmişəm. Həm həqq derəm, həqq məndədir, həm xətmü-insan gəlmişəm”. Yəni həqq deyən, həqq məndədir deyən, ”ən əl-həqq” söyləyən həzrət Adəmdir, hansı ki Nəsimi adlı insan kimi danışır Yer üzündə. Həmin o həqq deyən varlıq şairin təxəyyülündə Allah olaraq nəzərdə tutulmuş olsaydı digər beytində söylərdimi “Hüsnü-Camalın nəqşini əzəldən gördü gözlərim”? Allah Özü Öz Hüsnü-Camalını görüb Özü Özünə heyran olarmı? O Hüsnü-Camalı görən həzrət Adəm olmuşdur deyə insanlara həqiqətdən sapdıqlarını, həqiqəti olduğu kimi yalnız özünün bildiyini söyləmişdir, belə ki, heç bir insan cənnətdə onunla bərabər
olmamış ki, həqiqətin necə olduğunu onun qədər dəqiq bilmiş olsun. O həqiqətin mayasında da bu durur ki, yalnız insanlar deyil, bütün maddi mövcudat həzrət Adəm cənnətdən qovularkən onun cismi ilə içindəki ilahi nur sidrətül-müntəha içərisinə səpələnərkən meydana gəlmişdir. Allah Öz Sözünü bütün külli-mövcudata desə də yalnız insanlar şüurludurlar deyə Allah onlarla danışmışdır ya birbaşa, ya mələk vasitəsilə. İnsanlar da Adəmdən törədiklərini bu səbəbdən yalnız özlərinə aid etmiş, digər bütün maddi varlıqların da Adəmdən, onun cənnətdəki halından törədiyini anlaya bilməmişlər. Bu həqiqəti bütün maddi yaradılış içindəkilərdən yalnız Adəm doğru-dürüst bildiyi üçün demiş haqq mənəm, haqq məndədir, haqq söylərəm. Haqlı, doğru-düzgün bilən mənəm yəni işin əslini. Yəni Adəmin özü təsdiq edir ki, “İnsanü-bəşərsən, ey Nəsimi”, sadəcə, kamilliyinlə mənimlə bağlı həqiqətə, haqqa qovuşmusan deyə həmin o “Həqq der haman, haman mənəm mən”. Bəs niyə özünə insanlardan,sadəcə, birisi deyil, “xətmi-insan” deyir? Bu o deməkdir ki, Nəsimidən qabaq da dilləriylə danışdığım insanlar olub bu həqiqəti bəyan etmək üçün, Nəsimi onlardan sonuncusudur, onların xitamıdır, ondan sonra heç kimsənin diliylə danışmağım olmayacaq. Müqayisə üçün deyim ki, Məhəmməd peyğəmbərə qədər Yer üzünə çox peyğəmbər gəlmişdir, sonuncusu o olduğu üçün “xətəmül-ənbiya”dır, yəni nəbilərin, peyğəmbərlərin sonuncusudur, xitamıdır, xətmidir, ondan sonra Allah daha özünə elçi, rəsul seçməyəcək. Ayələrdə dəryalar kimi sirrlər gizlənir, eləsi var bir neçə məna verir. Nəsimi o həqiqətin insanlar üçün anlaşılmaz tərəflərini Adəmin diliylə izah edir, daha doğrusu, Adəm bildirir bunu Nəsiminin diliylə insanlara və Nəsimidən sonra bir daha bildirməyəcək. Çünki Nəsimi Adəmin dili ilə danışan insanların sonuncusudur, xitamıdır, xətmidir. Bütün peyğəmbərlərin bədəni bütün digər insanların bədəni kimi maddidir, yəni onlar da bəşər övladlarıdırlar. Bədənləri maddidir deyə cənnətdən qovulan Adəmin vücudundandır digər bütün maddiliklər kimi. Amma onların missiyası, peyğəmbər seçilmələri Allahdandır, Adəmdən deyil, onlar Allahın dediklərini deyirlər. Nəsiminin vücudu da Adəmin vücudundandır, amma Allahın deyil, Adəmin sözünü deyir. Bu fərq yaxşıca qavranmalıdır, yoxsa Nəsiminin qəzəlləri kimsəyə aydın olmaz, o qəzəllərdən yanlış izahlar çıxara bilərlər.
Cənnətdən qovulduqdan sonra Adəmin maddi varlıq aləminə çevrilməyini bu maddi aləmdə çox sonralar yaranacaq Yer insanı heç cür anlaya bilməmişdir; bu aləmdəki Ayı, Günəşi, ulduzları, eləcə də, Yer üzünün digər canlıları olan nəbatat və heyvanatı bir tərəfə atıb belə hesab etmişdir ki, cənnətdən qovulan Adəm yalnız Yer üzünün ilk insanı olmuşdur, ona görə də Adəm yalnız insanın əcdadıdır. Nəsimi həzrət Adəmin diliylə bəşəriyyətə bu düşüncənin kökündən yanlış olduğunu hayqırır bu qəzəldə. Başa salmaq istəyir ki, ey insan, həzrət Adəmin qətiyyən sənə bənzəri yoxdur, o, sənə yox, Allaha bənzədilərək yaradılmışdır, bütün maddiliklərin,içlərindəki
ruhlarla birlikdə cəmidir, sən içində ruh olan o saysız-hesabsız maddi varlıqlardan,sadəcə, birisisən. Yer üzünün ilk insanı deyil həzrət Adəm. Bütün maddi aləm, bütün bu cahan onun özüdür,sadəcə, dağılıb parçalanıb səpələnmiş halıdır. Yalnız Yer kürəsi, Ay, Günəş yox, bütün Qalaktikalar aləmi Adəmin özüdür, onun cənnətdən qovulan varlığına, içinə sığmışdır. Yer üzünün ilk insanı və ondan törəyənlər balaca bir Yer kürəsinə sığdıqları halda o bu cür milyardlarla kürələrdən oluşan cahanın özünə sığmaz dərəcədə böyükdür. Bu cahan onun özü böyüklükdədir. Cənnətin Allaha bənzədilərək yaradılmış məkansız gövhəridir o, bu kövnü-məkana, bu varlıq məkanına necə sığsın o? Varlıq məkanı kimi böyük bir məkana sığmadığı halda sənin yaşadığın, ”bəhrəvü-kan”a, yəni su quyusuna bənzətdiyi Yer kürəsinə heç sığarmı?
Əvvəlcə Adəmin cismi yaradılıb; torpaqdan yoğrularaq “toxunduqda çanaq kimi səs çıxaran” bir hala gətirilib o cisim, yalnız bundan sonra Allah Öz Ruhundan o cismin içinə üfürərək onu canlandırıb və cənnətə salıb. Amma nə o canlılıq bizim bildiyimiz canlılıqdır, nə onun yoğrulduğu torpaq bu cahanın torpağıdır. Çünki bu cahanın torpağı Adəmin cənnətdən qovulmasından sonranın yaradılışıdır. Necə ki Adəmin əvvəl cismi yaradılıb, sonra ona Ruh üfürülüb, eləcə də o, cənnətdən qovulduğu zaman əvvəlcə varlıq məkanı yaradılıb, sonra onun
içindəki canlılar. Yoğrulduğu torpaq cənnət məkanının materialı olsa da mələklər və ilk cin olan İblis üçün konkret bir cisim kimi bəyan olmuşdur ki, onu görmüşlər. Canlandırıldığı zaman nəinki mələklər və İblis onu görmüşlər, eyni zamanda o özü də onları görmüşdür, çünki onların da cismi var o aləmdə. Heç də hər görüntü varlığın özünün birbaşa, konkret görüntüsü deyil,sadəcə, onun təzahür, bəyan formalarından biri ola bilər. Allahın Mübarək Adları kimi. Mələklərin materialı olan işıq, cinin materialı olan od isə torpaq kimi sonradan yaradılan olduğu üçün onlar Adəmə varlıq kimi görünmüşdür. Amma mələyin də,İblisin də, Adəmin də içindəki ilahidəndir. O nur yaradılmamışdır, çünki Ruhul-Əvvəlin kiçicik bir parçasıdır. Ruhul-Əvvəl ərşi-Alidən o tərəfə bütün sonsuzluğu sarmaqdadır, Əzəli və Əbədidir. O sonsuzluq məkan deyil, Allahın içindədir. Məkan yaradılar. Sonsuzluq isə yaradılan deyildir, sonsuzluq boşluq deyildir İlkin Ruh o boşluğu doldurmuş olsun. Nə mələk, nə İblis, nə Adəm Ərşi-Alidən ö üzə keçəmməzlər, yalnızca o sonsuzluqda Mübarək Adları görə bilərlər. O İlkin Ruh Rəbbül-Aləmindir, yəni Aləmləri Yaradandır. Cənnətlər məkanı yaradılmazdan əvvəllər sonsuzluqda yalnız və yalnız İlkin Ruh vardı. Ərşi-Ali cənnətlər məkanı yaradıldıqdan sonra o məkanın sərhəddi olmuşdur. Ondan o yana məkan anlayışı yoxdur, Laməkandır o yan, yəni Məkansızlıqdır. İlkin Ruhun cənnət məkanındakı hissəsi Rəhman Rəhimdir; yəni o da İlkin Ruhdur, amma yalnız Əqli deyil, həm də Qəlbi keyfiyyətdədir. Adəmlə Həvva cənnətin ortasındakı qadağan edilmiş ağaca toxunarkən Allahın onlara qəzəblənməsi əqli deyil, qəlbi keyfiyyətdir. Mərhəmət, qəzəb, sevinc, bağışlamaq, nifrət etmək qəlbdən gələndir. Cənnət məkanı özündəki bütün naz-nemətləri ilə birlikdə Rəhmanın Özüdür. Daha doğrusu, o məkan sonsuzluğu bürüyən İlkin Ruhun bütününün deyil, yalnızca o İlkin Ruhun Ərşi-Ali içərisinə uzantı hissəsinin Özüdür. Müqayisəyə sığmasa da fikrim aydın olsun deyə bu bənzətmə ilə deyim ki, bizim varlıq məkanımızda da bütün maddi olan nə varsa bu məkanın cəmi ilə birlikdə həzrət Adəmin özüdür. Belə ki, can ilə həm cahandır, cism ilə də candır Adəm. Rəhman da həm Adəmin cənnətdəki cismiylə canı, həm də Adəmin özünün bütün o cənnət məkanıyla bütünlüyüdür.
O halda heç bir varlıq heçlikdən yaradılmamışdır, belə ki, sonsuzluqda Allahın nüfuz etmədiyi bir qum dənəsi qədər də boş yer yoxdur ki, orada heçlik olsun. Bu varıq məkanı Adəmin cismindən yaradılmışsa Adəm heçlikdirmi? Adəmin özü ilkin cənnət torpağından yoğrulmuşsa o torpaq heçlikdirmi? Mələklər işıqdan, cinlər dumansız alovdan yaradılmışsa o işıq, o alov heçlikdirmi? Adəm bütün cənnət məkanıyla birlikdə Rəhman Rəhimdən yaranmışsa Rəhman Rəhim heçlikdirmi? Bu da o deməkdir ki, vücudu olan heç bir şeyə “yaradılmışdır” demək doğru deyil, hər birisi özünə qədər mövcud olan materialdan düzəldilmişdir. Bizim “yaradılış” kimi anladığımız hər bir şey əslində təzahürdür, formadan formaya keçiddir, şəkillənmədir. Əgər Adəm Rəhman Rəhimin cənnətdəki
təzahürlərindən birisidirsə, bu maddi məkan da Adəmin maddiləşməsidirsə, demək, bu maddi məkan Rəhman Rəhimin, sadəcə, bircə təzahürünün maddiləşməsi, şəkillənməsidir.
Adəm yaradıldığı zaman Uca Məclisdə Allaha bütün əşyaların adlarını söylərkən mələklərlə, ilk cinlə yanaşı Allahın Hüsnü-Camalını da görmüşdür; qeyd etdiyim kimi, mələklər də, cin də bəlli materialdan düzəldilmişdilər deyə vücuda malik idilər, o vücud onların görüntüsü, bəyanıdır. Allahın Mübarək Adlarından oluşan Hüsnü-Camalını isə yalnız görüntü kimi görmüşdür. Çünki O Hüsnü-Camalı göstərən İlkin Ruhdur, Onunla Özünü bəyan etmişdir, amma vücudu, cismi yoxdur deyə Özü görünməz. Hüsnü-Camal cisimsiz Laməkanın görüntüsüdür. O Laməkan olan İlkin Ruh Hüsnü-Camalla birlikdə Allahdır. Rəhman-Rəhim o Mübarək Adlardan yalnızca birisidir, bütün cənnət məkanı o Mübarək Adlardan yalnız birisinin təzahürüdür. Mələk Cəbrayılın gətirdiyi ayələr bu Addan gəlir. “Bismillah ir-Rəhman ir-Rəhim”, yəni Allahın Rəhman-Rəhim Adıyla başlayıram. Bütün Adları ilə deyil, yalnızca Rəhman-Rəhim Adı ilə. Bütün Adları ilə olmuş olsaydı, bu o demək olardı ki, Allahın Hüsnü-Camalı ilə başlayıram. “Əlhəmdü lillahi Rəbbil aləmin”. Yəni həmd aləmlərin yaradıcısı Allaha məxsusdur. Ayrılıqda İlkin Ruhamı? Ayrılıqda Hüsnü-Camalamı? Xeyr. İlkin Ruhla Hüsnü-Camalın birliyinə. Hüsnü-Camal İlkin Ruhsuz var olmazdı, İlkin Ruhun da Hüsnü-Camalı olmasaydı, o Camalı oluşduran Mübarək Adlardan aləmlər yaranmazdı. Hansı
aləmlər? Bizim bildiyimiz cənnət və varlıq məkanından başqa Allahın digər Mübarək Adlarından da təzahür edən aləmlər varmış. Biz insanların o aləmlərin varlığından xəbərimiz yoxdur. Amma həzrət Adəm cənnətdə yaşadığı vaxtlar bundan xəbərdar imiş; on səkkiz min aləmin mövcudluğundan xəbər verir o, Nəsiminin diliylə. O aləmlərin hər birinə Allahın sözü onların təzahür etdikləri Adlardan gəlir. Bizim aləm isə Rəhman-Rəhim Adından təzahür etmişdir deyə həmd, tərif Allaha və bu aləm üçün Onun Adlarından birisi olan Rəhman-Rəhimə məxsusdur. Çünki bizim aləm üçün Qiyamət gününün hökmdarı Rəhman-Rəhim olacaq. (Əslində “Rəhman” və “Rəhim” iki ayrı Mübarək Ad olsa da Rəhman bu maddi dünyadakılara, Rəhim isə Qiyamətdən sonrakılara mərhəmət edən mənasındadır deyə ikisini bir Adda birləşdirilir. Belə ki, Ərşi-Ali və sidrətül-müntəha içində olanlar hər ikisindən təzahür etmişlər).
“Allahdan başqa ilah yoxdur, Məhəmməd Allahın Rəsuludur”. Onun Rəsul olaraq göndərilməsi irəlicədən göylərdəki Ana Kitabda yazılıdır, ona göndərilən ayələr də o Kitabdandır. O Yazılar Allahındır, yəni bütün Mübarək Adlarındır Rəhman Adı ilə birlikdə. Yalnız Rəhman Adına aid olmuş ilsaydı deyilərdi “Allahın Rəhman-Rəhim adından baıqa ilah yoxdur, Məhəmməd Allahın Rəhman-Rəhim Adının Rəsuludur”. Bununla belə, ayələr bizim məkana yalnız Rəhman-Rəhim Adına gəlir. Niyə? Çünki o Ana Kitabdakı ayələr içərisində yalnız bizim məkana endirilməsi nəzərdə tutulan ayələr digər Mübarək Adların təzahürü olan on səkkiz min aləmə deyil, yalnız Rəhman Adının təzahürü olan aləmə gəlir.
Adəm cənnətdə kamil olmuşsa, yəni bütün cənnət məkanının bütünlüklə Rəhmandan təzahür etdiyi həqiqətini anlamışsa, demək, ruhən Rəhmana qovuşmuş kimi olmuşdur. Necə ki, Yer üzü insanı kamilləşincə ruhən Adəmə qovuşur və “mühiti-əzəməm, adım Adəmdir, Adəməm” deyir, eləcə də, kamil Adəm ruhən Rəhmana qovuşub “Həm ayətü-Rəhman mənəm, həm rəhmətü-Rəhman mənəm” deyir. Bir ovuc suyu dənizə atarsan dənizə qovuşar, sonra o su desə ki mən dənizəm, ayırd etmək olarmı onu deyən o bir ovuc sudur, yoxsa bütünlükdə dəniz? Ruhən Rəhmana qovuşduğu
üçün hətta “vəhy ilə həm mələk mənəm” deyir. Yəni bir halda ki, Rəhmana qovuşaraq Hüsnü-Camaldayam, vəhy də, mələk də o Hüsnü-Camaldan deyilmi? Maddi məkanda vəhyin ayət şəklində olması, mələyin surət halında görüntüsü, eşidilməsi mənəmsə, cənnətdəki kamil halımda vəhyin də, mələyin də şəkillənməsi deyil, özləri mən olmurammı Hüsnü-Camalda ikən? Qadağan olunmuş ağaca toxunduğu zaman isə kamilliyinə qüsur gəlmişdir, çünki kamil varlıq Allahın əmrindən çıxmaz. O üzdən Rəhmana qovuşmağı bitir və Allahın əmrilə bu maddi cahana çevrilir. Ona görə də anlamaq lazımdır ki, qəzəldə Nəsiminin dili ilə danışan mühiti-əzəm Adəm cənnətdəki kamil halındadır.
Mələyin də, cinin də cənnət məkanındakı görüntüləri onların konkret bir cisim kimi görüntüləridir deyə həqiqidir, amma maddi dünyamızdakı görüntüləri isə şəkillənmədir, xəyaldır deyə fanidir. Adəmin də o məkandakı onlara görüntüsü cisim kimi görüntüdür deyə həqiqidir. Amma onun bu maddi məkanın ayrı-ayrı maddiliklər kimi, yəni Ay, Günəş, ulduzlar, canlı-cansız hər şey şəklində görüntüləri şəkillənmədir, xəyaldır deyə fanidir. Eləcə də, Allahın Hüsnü-Camalı İlkin Ruhun bir (cisim kimi deyil) varlıq kimi görüntüsüdür, cənnət və içindəkilər isə o görüntünün (daha doğrusu, o görüntünü oluşduranlardan birisi olan Rəhman-Rəhim Adının) görüntüsü, şəkli, bəyanıdır. Maddi məkandakı şəkillənmələrdən birisi olan biz insanlar da faniyik deyə bizim üçün cənnət məkanı həqiqidir, əsil həyat oradadır. Amma o məkan əbədi olsa da əzəlidirmi? Xeyr. Məhz sonradan mövcud olduğu baxımından Allah üçün o məkan da şəkillənmədir, xəyaldır. Həqiqi var olan yalnız və yalnız Allahdır. Amma cənnət əzəli deyil deyə fanidirmi? Xeyr. Çünki Allah onun əbədi olacağını vəd etmişdir. Allah isə vədində doğrudur, sözündən dönməz. İstəsə o məkanı da yox edər və bütün sonsuzluq “Öncə Allah vardı və Onunla heç bir şey yox idi” halına gələr. Və bunu edərsə Ona qarşı çıxacaq bir qüvvə, vədinə xilaf çıxdığı üçün Onu qınayacaq bir kimsə olmaz. Amma bununla belə o məkanın əbədiliyini vəd etmişdir, demək, əbədiyyən onu yox etməz. Əbədi olan şey isə fani sayılmaz, həqiqi sayılar. Maddi məkan isə içindəki hər şeylə, o cümlədən, insanlarla birlikdə Qiyamət zamanı əzəldən olmayıbmış kimi silinəcək, ona görə fanidir. Cənnət məkanının Rəhmanın şəkillənməsi, bəyanı olduğu həqiqətini dərk edən Adəm bu bəyan ilə Rəhmanı görmüş, Rəhmanı görməsi ilə də Allahın digər Mübarək Adlarını, yəni bu Adların oluşdurduğu Hüsnü-Camalı görə bilmişdir. Ona görə Adəm deyir ki, “surəti gör bəyan ilə”, ey insan, nə qədər ki, yaşadığın varlıq məkanının cəm halda mənim cismimin bəyanı olduğunu anlamayacaqsan, mənim bu varlıq məkanından böyük olduğumu dərk edə bilməyəcəksən. Bilməyəcəksən ki, bu dünya, bu cahan dediyin “bəyana sığmazam” mən. Necə ki cənnət məkanı Rəhmanın bəyanıdır, Rəhmanın içindədir, Rəhmana sığar deyə Rəhman o məkana sığmaz. Çünki Rəhman ondan böyükdür.
Daha anlaşıqlı olsun deyə müqayisələrlə deyim. Necə ki cənnətə salınarkən Adəmin cisim halında Hüsnü-Camalla birbaşa əlaqəsi kəsilmişdir, eləcə də Adəm cənnətdən çıxarılarkən cənnətlə cisim halında birbaşa əlaqəsi kəsilmişdir. Adəmin cənnətdəki cismini Hüsnü-Camaldan ayıran Ərşi-Alidir, maddi məkana çevrilən cismini cənnətdən ayıran isə sidrətül-müntəhadır. Cənnətdəki Adəm cismən Ərşi-Alidən o yana keçə bilməz; Ərşi-Ali olmazsa Hüsnü-Camalla cismən birləşər. Eləcə də, maddi-məkan sidrətül-müntəhadan o yana keçə bilməz; keçərsə cənnətlə bir olar. Amma baxmayaraq ki, sidrətül-müntəhadan dərhal sonra ilk qoşa cənnətlər başlayır, bu qovuşma mümkün deyil. Eləcə də, baxmayaraq ki, Ərşi-Alidən dərhal sonra Hüsnü-Camal başlayır, o qovuşma mümkün deyil. Belə ki, cənnət məkanı yalnız Rəhman Adının təzahürü olduğu üçün digər Mübarək Adlardan ayrı, müstəqil bir məkan kimi yalnız Rəhmanın içindədir. Maddi məkan da yalnız Adəmin cismindən yaradıldığı üçün cənnət məkanından ayrı, müstəqil bir məkandır deyə yalnız Adəmin içindədir. Varlıq tipləri fərqli olan məkanlar cismən bir-birinə qovuşmaz. Məkan nədən yaradılmışsa, nəyin təzahürüdürsə ona sığar. Cənnət Rəhmanın təzahürüdür deyə Rəhmana sığar. Maddi aləm də Adəmdən yaradılmışdır deyə Adəmə sığar. Ona görə də Adəm bu maddi məkana sığmaz, cənnətə sığar. Necə ki Rəhman cənnətə sığmaz, Hüsnü-Camala sığar. Ona görə Adəm deyir “Məndə sığar ikən cahan, mən bu cahana sığmazam”. Ona görə də qəzəldə insanlara böyük bir qəzəb var; Adəmin cismi olan bütün bu maddi cahanın səsidir o səs: “Kəs sözünü və əbsəm ol, şərhü-bəyanə sığmazam!!!”. “Çək dilini və əbsəm ol, mən bu lisanə
sığmazam!!!”. Yer üzündəki ilk insanı Adəm hesab edib mənim barəmdəki təxminlərini, gümanlarını həqiqət bilmə. Çünki “Kimsə gümani-zənn ilə etmədi həqq ilə bilik. Həqqi bilən bilir ki mən zənni-gümanə sığmazam!!!”.
Bəs bu bilik insana niyə lazımdır? Cismindən oluşan maddi aləmin içindəki bütün maddilikləri arasında yeganə şüurlusu insandır deyə Adəm istəyir ki, heç olmasa insan əbədiyyən Allahın içində olaraq var olmaq şansını itirməsin. Adəmi Allah Öz Hüsnü-Camalına bənzədərək yaratmışdır, yəni onun yaradılışında bütün Mübarək
Adların iştirakı var. Ayrılıqda yalnız Rəhman Adının işi deyil bu. Yaradıldığı zaman Adəm Allahla birbaşa təmasda olmuş, ona cismən və ruhən qovuşmuş halda idi. Sonra Allah onu Mübarək Adlardan yalnızca birisinin, Rəhmanın təzahürü olan cənnət məkanına salır. Bu zaman onun Allahla cismən qovuşması kəsilir, yalnız ruhən Rəhman vasitəsilə əlaqəsi qalır. Və yalnız kamil olduğu üçün ruhən Rəhmana qovuşa bilir. Yer üzü insanı da Allaha qovuşmaq istəyirsə qəlbini saflaşdırmaq və biliyini artırmaqla kamilləşərək ruhən Adəmin cənnətdəki halına çatmalıdır ki, Rəhmana qovuşsun. Rəhmana qovuşmaq isə digər Mübarək Adlarla birlikdə Allahın Hüsnü-Camalında olmaq deməkdir.
(ardı var)
MİRZƏ HACIYEV