backend

İMADƏDDİN NƏSİMİ DÜNYASININ SİRRİ- I HİSSƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məndə sığar ikən cahan” 

“Məndə sığar ikən cahan”

  

Mənasını anlamadığı üçün cahil dünyasının küfr möhürü ilə damğaladığı sirr dolu bir qəzəl. Aqilləri heyrətə gətirən, şerlə deyilmiş fəlsəfə. Cahil anlamamış, aqil isə,sadəcə, “Allahlıq iddiasında olan” şairin cürətinə, şeriyatın dərinliyinə heyran olmuş. Yalnız şairin zamanındamı belə olmuşdur? İndiyədək də bu qəzəl “özünə Allah deyən bir şair”in qəzəli hesab olunmurmu?

Təəssüf ki, belədir. Cahil nadanlığından, aqil isə Nəsimi fəlsəfəsinin mahiyyətini bilmədiyindən.

Nəsimi dəryasına girmək mənim hünərim deyil, sadəcə, o dəryanın kənarındaca dayanıb dəryanın sahilə atdığı həqiqət incilərini toplamağa çalışacağam. Zənnimcə, söyləyəcəyim fikirlər bu altı yüz il içində o böyük şəksiyyətə edilən hücumların nə qədər əsassız olduğunu düşünən beyinlər üçün anlamağa yetərli olacaq. Amma yalnız düşünən beyinlər üçün.

  Nədir bu qəzəldəki fəlsəfə? Necə yəni “Məndə sığar ikən cahan”? Əgər qəzəl Allahın diliylə deyilmişsə Allah,sadəcə, bir cahanmı yaratmışdır? Biz Qiyamətə qədər yeddi dünya keçməyəcəyikmi? Qiyamətdən sonra yerləşdiriləcəyimiz  məkanlar bəs nə qədərdir? Səkkiz cənnət və yeddi cəhənnəm. O on beş məkanın arasında hələ “Eraf”  adlı bir neytral məkan da yoxdurmu? Qəzəl kimin dili ilə deyilmişdir? ”Mən” sözü ilə Nəsimi kimi nəzərdə tutur? Özünümü? Allahımı?

  Bax, əsas məsələ də bundadır. Ağıllara nədənsə üçüncü bir təxmin gəlməmişdir. Halbuki qəzəlin ortasındaca bu qəzəli “deyən”in kimliyi açıqca bildirilir. ”Gərçi mühiti-əzəməm, adım Adəmdir, Adəməm”, deyir şair. Yəni qəzəli söyləyən nə Nəsimidir, nə Allahdır. Qəzəli həzrət Adəm söyləyirmiş!

 Bu beytə çatanda Nəsimini Allahlıq iddiasında suçlayanlar heç özlərinə sual vermişlərmi ki, o halda şair niyə deyir adım Adəmdir? Axı o, ad açıqlayır. Əgər, deyək ki, həzrət Adəmi və ya bir başqasını Allah hesab etmişsə  bunun Nəsimiyə nə aidiyyatı varmış? Qəzəlin son beyti çaşdırmış ola bilir insanları, çünki şair yalnız sonda deyir “Gərçi bu gün Nəsimiyəm”. Və qət etmişlər ki, Nəsimi öz dilindən demişdir bu qəzəli. Fakt göz qabağındadır yəni. Amma düşünməmişlər ki, niyə “bu gün” demişdir şair? Sadəcə, “Nəsimiyəm”  deyəcəyi yerinə niyə  misrada “bu gün” sözü  vurğulanmışdır? “Bu gün Nəsimiyəm”. Dünən, öncəki gün, bir neçə il qabaq kim olmuşdur bu qəzəli deyən?

  Bunu anlamaq üçün Nəsimi fəlsəfəsinə müraciət etmək lazımdır. Amma öncədən qeyd edim ki, bu, fəlsəfə yox, həqiqətdir. Fəlsəfə başqa şeydir.

  Ondan başlayım ki, həzrət Adəmlə Həvva cənnətdə olduqlarında maddi aləm dediyimiz ulduzlar-planetlər aləmi yox idi. Bu aləmin sonunda sidrətül-müntəha adlanan son hüdud var, ondan dərhal sonra cənnətlər məkanı başlayır, o məkanların altında da cəhənnəm məkanları vardır. Cənnətlər məkanının sonu  Ərşi-Ali adlanan Ali Göydür, su ilə əhatələnmişdir. O Ali Göydən sonra Allahın Əsmail-Hüsna deyilən Mübarək Adları mövcuddur. Nə qədər ki, ilk iki insan cənnətin qadağan olunmuş ağacına toxunmamışdılar, nə sidrətül-müntəha vardı, nə onun içində  maddi aləm ,nə də cəhənnəm məkanları. Çünki Yer kürəsi ilə  birlikdə maddi aləmdə qum dənəsindən tutmuş  Qalaktikalara qədər nə varsa hər şey ilk insanlardan törəyəcək nəsillər üçün həmin o ilk insanlar cənnətdən qovulduqları zaman yaradılacaqdı. Allahın  bir tək “ol” əmri ilə. Həm də cənnətdə yalnız ikicə insan vardı deyə cəhənnəmlər də yaradılmamışdı, onlar da “ol” əmri zamanı yaranacaqdı. O iki insan hələ Allahın əmrindən çıxmamışdılar, günah etməmişdilər axı cəhənnəmə ehtiyac olsun. Həm də ikicə insan üçün yeddi qat cəhənnəm yaradılmayacaqdı ki. Amma elə ki, həzrət Adəmlə Həvva qadağan olunmuş ağacın meyvəsindən dadırlar, örtülü övrət yerləri bir-birinə görünür, yəni bədənləri keyfiyyətcə dəyişir. Allah qəzəblənir

onlara, ”ol” deyincə bütün maddi aləm yaranır, həzrət Adəmlə Həvva da belə düşünmüşük ki, bu maddi aləmdəki göy cisimlərindən biri olan Yer kürəsinə qovulur.

 Amma yəni Yer kürəsinin ilk iki insanı Adəmlə Həvvadırmı?      

 Nəsimiyə görə xeyr! O deyir ki, həmin o iki insanla sidrətül-müntəha içində maddi olan nə varsa hər şey cəm halında həzrət Adəmdir. Adəm qovulduqdan sonra maddiləşmişdir, amma yalnız ayrıca insan halında yox, bütün maddi aləm şəklində maddiləşmişdir.( Həvvanın özü də hələ cənnətdə ikən Adəmin özündən yaradılmışdı. Ona görə bir tək Adəmdən söhbət gedir. Yaradılan bir tək Adəm olmuşdur, Həvva ondan törəyəndir). Maddi olan nə varsa şəkildir, surətdir; o şəkilin, o surətin içində ilahi ruh var, o ruh həzrət Adəmin cənnətdəki ruhundandır. O həmin ruhdur ki, yaradıldığı zaman Allah ona öz ruhundan üfürmüş, onu canlandırmışdı. Ona görə deyir ki, ”Surətə baxu mənini surət içində tanı kim, Cism ilə can mənəm,vəli, cism ilə cana sığmazam”. Bunu Adəm deyir insana. Yəni gördüyün nə varsa cansız şəkildir, surətdir, onun içində ilahi ruh var, sən onda tanı özünü, mənanı. Sənin içindəki nədirsə o gördüklərinin içindəki də odur, eyni ruhdur, ilahidəndir. Ayrılıqda heç bir insan Adəm deyil. Bütün bəşəriyyət və bütün maddiyyət birlikdə Adəmin özüdür. Cənnətdə Allahın əmrindən çıxarkən “Ol” əmri Adəmə deyilib və Adəmdən bütün maddiyyat əmələ gəlib. ”Ərş ilə fərşü kafü-nun, məndə bulundu cümlə çün. Kəs sözünü və əbsəm ol, şərhü-bəyanə sığmazam”. Yer kürəsidir “fərş”. ”Kaf” və “nun” isə ərəb hərfləridir, ikisi bir yerdə olanda “kun” sözüdür, bu isə ərəbcə “ol” deməkdir. Bu “ol” əmrindən sonra məndə oldu hər şey, daha doğrusu, bizim bildiyimiz maddi aləm. Ona görə də kəs sözünü və səssiz ol, çünki məni anlaya bilməzsən, ey insan, sənin şərhinə, bəyanına sığammaram. Allah bütün maddi aləmi məndən yaratdığı üçün “dar ilə kunfəkan mənəm”, ”Zərrə mənəm, Günəş mənəm”, ”Can ilə həm cahan mənəm”, ”Şəms mənəm, qəmər mənəm”. Yəni Günəş də, Ay da, bir qum zərrəsi də maddidir, məndəndir, yaşadığın ev olan Yer kürəsi ilə, yəni “dar” ilə birlikdə “künfəkan”, bütün maddi aləm mənəm. ( “Kun”, “fə kane”. Ərəbcə “ol” və “oldu” deməkdir. Yəni Allah bir şeyi yaratmaq istərkən ona “ol” deyir, o da dərhal mövcud olur. ”Ol” əmrinin verildiyi cisim də mənəm, o cisimdən oluşan maddiyyat da). Can ilə cahan, dünya ilə zaman mənəm.  O qədər əzəmətliyəm ki, heç cür məni anlaya bilməzsən, böyük bir “gülşəkərəm nəbat ilə”, sənin o balaca ağzına, ”bəstə dəhanına sığmazam”. Məni özünə bənzətmək, məni özün kiçiklikdə etmək yanlışdır, ona görə də “Çək dilini və əbsəm ol, mən bu lisana sığmazam”. Sənin lisanın, yəni dilin məni vəsf edə bilməz. Heç biriniz ayrılıqda mən deyilsiniz, sadəcə, məndənsiniz, Adəm övladlarısınız. Amma yalnızca sizsinizmi mənim övladlarım? Maddi aləmdə nə varsa hər şey məndəndir deyə mənim övladlarımdır, Adəm övladlarıdır. Ay da, Günəş də, zərrə də, ağac da, daş da, çay da, dəniz də. Sadəcə, bunca Adəm övladları içində danışa bilən, şüurlu yalnız sənsən deyə yanlışlıqla təkcə özünü məndən saymısan. Anlaya bilməmisən ki, mən olmaq üçün bütün maddi aləmlə birlikdə olmalısan, çünki mən “Həm sədəfəm, həm inciyəm”. İnci sədəfləşmiş balıqqulağının içində olur. Yəni mən nəinki inciyəm, eyni zamanda o incinin yerləşdiyi sədəfəm. Sən isə, ey insan, yalnız incisən, sədəfin içindəkisən, mən olmağın üçün sədəflə birlikdə olmalısan. Necə ki bədənin sədəfdir, ruhun isə onun içindəki inci misalıdır, eləcə də maddi məkan, bu cahan  bir sədəfdir, bədəninlə ruhun insan halında onun içindəki inci misalıdır. Adəm olmağın üçün isə bütün bu məkanla, bu cahanla bir olmalısan. Yalnız maddi olan hər şeylə bütünləşdiyin halda  Adəmsən, yalnız o halda “Mən”sən.

 Adəmin cənnətdən qovulduğu halı ilə, yəni varlıq məkanı ilə insanın müqayisəsi insan bədəninin  o bədənin içindəki ilahi ruhla müqayisəsi kimidir. ”Can ilə həm cahan mənəm”, yəni içlərindəki ruhlarla birlikdə

bütün maddi şeylərlə o maddiliklərdən oluşan varlıq məkanının cəmiyəm mən. Günəş, Ay, ulduzlar, ağaclar, daşlar  görünüşləriylə  maddiyyətdir. İnsan öz bədəni, sifəti, görünüşü ilə zatdır, şəxsdir. Mən o görünüşlərlə, o sifətlərlə birlikdə onların içindəki ruham. Canlı aləmlə maddi aləmin vəhdəti ayrılıqda hər bir canlının görüntüsünün, maddi tərəfinin o canlının içindəki ruhu ilə vəhdəti misalına bənzər. Ona görə nəinki “cism ilə can mənəm”, yəni nəinki insanam, Günəşəm, Ayam, ulduzam, ağacam, daşam, eyni zamanda “can ilə  həm cahan mənəm”, yəni sidrətül-müntəha içindəki bütün maddi varlıq məkanıyam. ( Digər bir qəzəl sanki bu qəzəlin daha sadələşmiş formasıdır ki, Adəmin bütün maddi olan hər şey olduğu orada açıqca bildirilir: “Mən mülki-cahan, cahan mənəm, mən. Mən həqqə məkan, məkan mənəm, mən… Mən kövnü-məkanü-künfəkanam… Mən cümlə cahanü-kainatam…”). Maddiyyat ruhsuz ölüdür, çürüyər gedər, ruh da  maddiyyatsız dayanmaz, uçar gedər ilahi Ruhla qovuşar. Birlikdə isə bir maddilik kimi vardırlar, mövcuddurlar. Cəzb edən şey maddənin içindəki ruhdur, o cazibəylə hərəkət yaranar. Cism ilə can bir olmasa o hərəkət də olmaz. Ona görə nəinki ulduz, eyni zamanda o ulduzun yaratdığı hərəkət də mənəm. Yəni ”Əncüm ilə fələk mənəm”. Ayı Yerə Yerin içindəki ruh cəzb edər, Yeri Günəşə Günəşin içindəki ruh cəzb edər. Ay bu cazibəylə Yerin, Yer bu cazibəylə Günəşin ətrafında dönər. Bu hərəkət yoluna fələk deyərlər, fələk boyunca hərəkət vaxt bilmək üçün zaman ölçüsü yaradar. Ona görə nəinki dəhr, yəni dünya, eyni zamanda onun hərəkəti ilə ölçülən zaman da mənəm. Yəni ”Dəhr ilə həm zaman mənəm”. Çünki zaman deyilən şey bu maddi dünyaya məxsusdur. Maddi dünyaya məxsus hər nə varsa mənimdir. Cənnətdə isə zaman yoxdur, əbədiyyət boyunca uzanan bir sonsuz an vardır.

 

Sən o səma cisimlərini ayrı-ayrılıqda görürsən, əslində isə gördüyün, sadəcə, şəkillənmələrdir. Məna onun şəklində deyil, içindədir. Hamısının içindəki ruh eynidir, Allahın məni yaratdığı zaman içimə üfürdüyü ruhun  mən  cənnətdən qovulandan sonra varlıq məkanına səpələnmiş parçalarıdır. O ruhumun hər bir parçasının hərəsi bir cür şəkillənib. Maddiyyatdan hər birisinə bir başqa don, bir başqa şəkil, bir başqa surət geyindirilib. Bir-birindən ayrı düşüblər. Bir-birlərindən ayrı düşdükləri üçün də xislətlərindəki cazibəylə bir-birlərini cəzb edərək bir-birlərinə qovuşmaq, yenə cənnətdəki kimi vahid  Adəm olmaq istəyirlər. Ruhumun səpələnmiş  parçalarına geyindirilmiş şəkillər onların bəyanıdır, görüntüsüdür. ”Zərrə mənəm, Günəş mənəm, çahar ilə pəncü-şeş mənəm. Surəti gör bəyan ilə, çünki bəyana sığmazam”. Bəyan olmasa surəti, şəkli görəmməzsən. Mən isə cənnətdən qovulandan, maddi məkana, kövnü-məkana çevriləndən sonra od-torpaq-hava-su, ağız-burun-qulaq-göz-dil, yuxarı-aşağı-ön-arxa-sağ-sol ilə birlikdəyəm, yəni cisim üstəgəl beş duyğu üstəgəl altı cəhətəm. Maddiyyat, can və məkan birliyiyəm, konkret şəklim, surətim yoxdu deyə bəyana sığmazam.

       Hətta ”Nar mənəm, şəcər mənəm”. Nə deməkdir? Çöllükdə bir ağacın altında yanan od Musa peyğəmbərə səslənir haa. O odu deyirəm. Ərəbcə “nar” oddur, “şəcər” ağac. Baxmayaraq ki, o od ilahidəndir, qeybdəndir, oddursa demək görüntüdür, şəkildir, maddidir o ağacın özü kimi. Və bir halda ki maddidir, demək, o od da, o ağac da mənəm, o odun da, o ağacın da içindəki ruh mənim cənnətdəki ruhumdandır.

 “Vəhy ilə həm mələk mənəm”. Mələk görünən deyil. Amma insan gözünə görünüb bəyan olmaq üçün  şəkillənir, müəyyən bir görkəm alır. Bəyan olan zaman, şəkillənən zaman maddidir. Vəhy mələklə gələr, peyğəmbərə bildirildiyi zaman vəhy ayə şəklində bəyan olar. Bəyan olan zaman vəhy də ayə şəklində maddidir. Bir halda ki insanın onları görməsi, eşitməsi üçün bəyan olurlar, o bəyan olduqları vaxt maddidirlər deyə vəhy də, mələk də mənəm. Amma yalnız bəyan olduqları zaman.

 Maddi aləmdə nə baş verirsə incəliklərinə qədər göylərdə hifz olunan Lövhi-Məhfuz deyilən Ana Kitabda əzəldən yazılıdır. Bütün səmavi kitablar o böyük Kitabdan endirilmişdir. Qarışqanın yem daşımasından tutmuş

qalaktikaların hərəkətinə qədər hər bir şey orada yazılıdır. İlahi əmrlərdir onlar. O əmrlərin icra zamanı gəldiyində dərhal varlıq məkanında o əmrlərə uyğun proseslər baş verir. Yəni maddi aləmdəki bütün çevrilmələr, şəkillənmələr və ya şəkildəyişmələr o Ana Kitabdakı əmrlərin, ayətlərin  varlıq məkanındakı maddiləşməsidir. Əslində o ilahi əmrlər əşyanın içindəki ruha verilir, ruhun üzərini maddiyyat bürümüşdür deyə hərəkət edənin əşya olduğunu düşünürsən. Amma əşya özü hərəkət etmir, ilahidən hərəkət etdirilir içindəki ruh vasitəsilə. Bax,

maddiləşdiyi zaman bütün o ayələrdən üstünəm, çünki varlıq məkanı üçün yazılmış ayələrdən ən birincisi və ən böyüyü cənnətdən qovularkən mənə verilən “Varlıq məkanı ol”maq ayəsidir, əmridir. Yəni ”Kövnü-məkandır ayətim”. Sidrətül-müntəha içində nə varsa hamısı birlikdə mənəmsə, demək, o maddiliklərin içində və bir-birlərinin arasında baş verən nə varsa mənim içimdə baş verir deyə məndən kiçikdir. Bu səbəbdən ”Bundan uludur ayətim, ayətü-şana sığmaz.

 İnsan bədəni varlıq tiplərindən biridir. İnsanın insandan törəyişi də varlıq məkanı içindəki kiçik şəkildəyişmə ayələrindəndir “Kövnü-məkan” ayəti ilə müqayisədə. Ona görə də necə ki, Ay, Günəş, ulduzlar mənəm, bu insan da, o insan da, o biri insan da, bütün bəşəriyyət mənəm. İndikilər keçmişdəkilərin, gələcəkdəkilər isə indikilərin şəkildəyişmələrindən, zaman-məkan-şəraitə görə başqalaşmalarından başqa bir şey deyildir. Əgər insanları zamana, məkana və şəraitə bölmək mümkün olsaydı Yerdə yaşayan ilk insan nədirsə Qiyamət zamanı öləcək son insan da o olardı, tamamilə ona bənzərdi. Ona görə də bir vaxtlar öz dövründəki digər bütün insanlarla yanaşı Nuh  peyğəmbər də mən olmuşam, İbrahim peyğəmbər də mən olmuşam. Sonra zaman gəldi öz dövründəki digər bütün insanlarla yanaşı Musa peyğəmbər oldum, İsa peyğəmbər oldum, Məhəmməd peyğəmbər oldum. Və, nəhayət, ey insanlar, indi hamınızla birlikdə həm də “Bu gün Nəsimiyəm”. Sabah başqaları, yüz il, min il sonra başqaları olacağam ta Qiyamətə qədər.

       Həzrət Adəmin bu məkana səpələnmiş cisminin parçalarından, sadəcə, birisinin şəkillənməsidir Yer üzünün ilk insanı. Cənnətdəki ilk insan isə Allahın Özünə bənzədərək yaratdığı həzrət Adəmdir ki, sidrətül-müntəha içindəki bu maddi aləm böyüklükdədir. Biz insanlar ona bənzəmirik, ağız-burun-qulaq-göz-dil biz Yer insanları üçündür, bizi əhatə edən aləmi eşitmək, görmək, dadmaq, qoxulamaq, duymaq, bilmək üçündür. Suda yaşamış olsaydıq  balıqlardakı kimi üzgəclərimiz olardı, havada süzə bilsəydik qanadlarımız olardı, amma quruda yaşayırıq və Yer cazibəsindən çıxa bilmirik deyə hərəkət üçün ayaqlarımız var. Tikmək, qurmaq, yemək üçün əllərimiz var, yəni varlıq məkanı yaradıldıqdan sonra Yer kürəsinin qurusunda yaşamağa  uyğunlaşdırılmaqla canlı deyilən bioloji cihazlardan biri kimi düzəldilmişik. Bütün maddi aləmə göndərilən vəhyləri şüurluyuq deyə yalnızca biz almışıq, biz qəbul etmişik deyə elə bilmişik “Adəm övladı” ifadəsi yalnız bizə, bəşəriyyətə aiddir. Halbuki vəhylər bu aləmdə canlı və cansız nə varsa hamısına gəlmişdir. Qurani-Kərimdə bunu sübut edən ayə var: “ Biz əmanəti göylərə və Yerə və dağlara təklif etdik, onlar onu yüklənməkdən dərhal çəkindilər və ondan qorxuya düşdülər və onu insan qəbul etdi. Şübhə yox ki, o çox zalım və biliksiz oldu”.(Surə 33,ayə 72). Bəli, vəhyləri yalnız biz insanlar aldıq deyə elə hesab etdik ki, Yer üzündəki ilkimiz cənnətdən qovulan Adəmin özüdür və yalnız biz onun törəmələriyiksə, demək, ona bənzər adamlarıq. Biz Allahın Əsmaül-Hüsna deyilən Mübarək Adlarını görə bilmirik beş duyğumuzla. Görə də bilmərik, çünki bütün fiziki-bioloji quruluşumuz yalnızca maddi aləmə uyğunlaşdırılmışdır. Adəm isə cənnətdə görürdü o Mübarək Adları. ”Hüsnü-camalın nəqşini gördü gözlərim əzəldən. Bu hüsnə heyran olmuşam, mən nəqşə heyran gəlmişəm”, deyir Nəsimi başqa bir qəzəlində həzrət Adəmin diliylə. Əzəldən. Nə vaxtdan? Təbii ki cənnətdə olanda. Yəni onun görünüşü, vücudu tamamilə bizimkindən fərqli olub. Allah onu Özünə bənzər yaradıbsa Allahın bənzəri olmadığı kimi, demək, onu da nəyəsə bənzədə bilmərik. Allahın Mübarək İsimlərinin qismən onda bənzəri olub, başqa hansı bənzərlikdən söhbət gedə bilər? O İsimlərdən birisi də Laməkandır. Yəni Məkansız. Bənzəri və məkanı olmayan cənnət yaradılışı, təbii ki, Yer insanının “şərhü-bəyanına”, ”zənnü-gümanına”, ”lisanına”, ”bəstə dəhanına” sığmaz. Çünki o, “Gövhərü-Laməkandır”, yəni Məkansız olan Allahın yaratdığı gövhərdir.

Mirzə Hacıyev

                                (ardı var)