Artıq Qərblə və ya ABŞ-la Azərbaycan arasındakı gərginlik səngiyir. Bura qədər Bakı Qərb platformasından məsafəli dayanırdı, İrəvan isə Moskvanın vasitəçiliyinə yaxın durmur. Bu məsələ Bakı və İrəvan arasında necə həll olunacaq? Şans kimin tərəfindədir – Qərb, yoxsa Rusiyanın?
Tribunainfo.az-a bu barədə açıqlamasında politoloq İlyas Hüseynov bildirdi ki, ABŞ-la Azərbaycan arasında gərginlik aradan qalxır:
“Eyni zamanda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ehtimalları da güclənir. Çünki Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistanın Baş naziri aparatının birgə bəyanatı dediklərimizi təsdiqləyir. Həm əsirlərin mübadiləsi, həm beynəlxalq platformalarda bir-birinin namizədlərini dəstəkləməsi, həm də etimad quruculuğunun formalaşması sülhün müjdəçisi kimi qiymətləndirilə bilər. Əlbəttə ki, burada vasitəçilərin rolu da mövcuddur. Üç il ərzində Moskva, Brüssel, Vaşinqton formatları sülhə töhfə versələr də yekun nəticə əldə edilmədi”.
İ.Hüseynov söhbət əsanasında Azərbaycanla Ermənistan vasitəçilər olmadan da nəticəyə varmağın mümkün olmasını göstərdiyini vurğuladı:
“Bu istiqamətdə fəaliyyəti davam etdirmək lazımdır. Düşünürəm ki, məhz vasitəçilər olmadan Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalana bilər. Bunun bir sıra səbəbləri var. Məsələn, Rusiya platformasında sülh müqaviləsi imzalansa qərb bunu təftiş etməyə can atacaq. Qərbdə belə bir sülh müqaviləsi imzalansa Rusiya ənənəvi təsir rıçaqlarını işə salacaq. Regionda sabitliyi pozmaq üçün müxtəlif variantlar haqqında düşünəcək. Bu da əlbəttə ki, dayanıqlı sülh demək deyil. Ona görə də məhz elə geopolitik güclü aktrların iştirakı olmadan bunu etmək mümkündür. Azərbaycan eləcə də Ermənistan bunu sübut etdi”.