Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və onun mütəşəkkil dəstəsi tərəfindən təzyiqlərə məruz qalan zərərçəkmişlər arasında Xəzər rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini çalışmış Ələkbər Heydərov da var.
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və onun mütəşəkkil dəstəsi tərəfindən təzyiqlərə məruz qalan zərərçəkmişlər arasında Xəzər rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini çalışmış Ələkbər Heydərov da var.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Ələkbər Heydərov bildirib ki, 2001-ci ildən 2013-cü ilədək Xəzər rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsində işləyib:
“2011-ci ilin may ayında Gülağa İslamov mənə MTN-nin Antiterror mərkəzinə dəvət olunduğumu bildirdi. Başçı çağırılmağımın səbəbini bilmədiyini, oraya gedərək öyrənməyimi tapşırdı. Mən də deyilən vaxt MTN-nin əsas binasına yaxınlaşdım və özümü təqdim etdim. Adını bilmədiyim bir şəxs məni qarşılayaraq Antiterror Mərkəzinə apardı”.
Ələkbər Heydərovun sözlərinə görə, MTN-nin binasında onu bir otağa gətiriblər:
“Adını bilmədiyim 2-3 nəfər MTN əməkdaşı icra başçısının müavini olduğum müddətdə saxta sərəncam verdiyimi bildirdilər. Onlara sərəncam verməyə səlahiyyətimin olmadığını dedim və həmin saxta sənədi təqdim etmələrini istədim. Həmin şəxslər konkret olaraq kimin barəsində saxta sərəncam verdiyimi bildirməsələr də, ümumi şəkildə danışdılar. Daha sonra hansısa vətəndaşa məxsus torpaq sahəsini başqa şəxsə satmağımı, 1990-cı illərə aid bir neçə sərəncamın sürətini göstərdilər. Həmin sənədlərə aidiyyətim olmadığını bildirdim, buna dair izahat yazdım”.
İcra başçısını müavini qeyd edib ki, onu sorğu-sual edən şəxslərin vəzifəsi və adlarını bilməyib:
“Söhbət zamanı Abşeron rayon İcra Hakimiyyəti başçısının müavinini də bir müddət əvvəl dəvət etdiklərini, onun da etdiyi cinayəti etiraf etmədiyini və məsuliyyətdən azad edilmək üçün pul verməsinə dair razılaşdıqlarını, ancaq aradan çıxdıqdan sonra onları aldadaraq dediyi məbləğı gətirmədiyini, daha sonra həmin şəxsi narkotik vasitələrin qaçaqmalçılığı ilə həbs etdiklərini bildirdilər”.
Ələkbər Heydərov deyib ki, sonra ona rəisin onunla görüşmək istədiyini bildiriblər:
“Məni həmin mərtəbədə başqa bir otağa apardılar. Otaqda polkovnik və ya polkovnik-leytenant rütbəli şəxsin oturdğunu, sonradan həmin şəxsin İlqar Əliyev olduğunu xatırlayıram. İlqar Əliyevin otağına daxil olandan sonra digər əməkdaşlar çıxdılar. Əvvəlcə İlqar Əliyev bildirdi ki, MTN-ə nazir Eldar Mahmudova məruzə olunmaqla çağırılmışam. O, saxta sərəncam verməklə torpaq sahələri satdığımı bildirdi. Mən buna etiraz etdim, bu məsələyə adiyyətim olmadığını dedim. Həmin suallar üzrə bir neçə dəqiqə yenidən söhbət etdik”.
İcra başçısının müavini əlavə eləyib ki, sonra İlqar Əliyev MTN-nin Antiterror Mərkəzinin səlahiyyətləri, oraya girənin onların icazəsi olmadan çıxa bilmədiyini, onun başqa vasitə ilə həbs olunacağı ilə bağlı hədə-qorxu gəlib:
“Mənə cavan oğlumun olduğunu dedi. Onun siqaret çəkib-çəkmədiyini, silahının olub-olmadığını soruşdu. Oğlumun maşınından silah və yaxud narkotik vasitə çıxa biləcəyini bildirdi, özümdən çox oğlumu nəzərə almağımı söylədi. İlqar Əliyevin bu sözündən həyəcanlandım. Həqiqətən də onların istədikləri formada məni və ya ailə üzvlərimi şərləyə biləcəklərini düşündüm. Ancaq onların məhz məni çağırmalarının səbəbini, məndən konkret nəyin istənildiyini bilmədim”.
İcra başçısının müavininin sözlərinə görə, daha sonra İlqar Əliyev əli ilə 5 rəqəmini göstərib, 500.000 manat verməli olduğunu bildirib:
“Həmin məbləği düzəldə bilməyəcəyimi, imkanımın olmadığını dedim. Bu zaman İlqar Əliyev mənə hörmət etdiyini bildirdi. O, bir kağız parçasına 300.000 manat yazdı, yekun rəqəm olduğunu, həmin pulu növbəti gün gətirməyimi istədi. Söhbət zamanı İlqarın həmçinin həmin pulun hamısının ona çatmadığını, pulun böyük hissəsinin əsasən nazir və idarə rəisinə çatacağını, ona az miqdarda pul qalacağını bildirdi. Bir gün ərzində həmin məbləği düzəldə bilməyəcəyimi söylədim. Ondan mənə vaxt verməsini xahiş etdim. İlqar Əliyev pulu bir həftə sonra, saat 3-də gətirmək gərəkdiyini dedi, bu barədə də heç kəsə məlumat verməməyimi tapşırdı. Mən də İlqarla razılaşdıqdan sonra oradan çıxdım”.
Ələkbər Heydərovun sözlərinə görə, qardaşı Abbasəli ilə məsləhətləşdikdən sonra MTN-nin çox təhlükəli qurum olduğunu, İlqar Əliyevə qarşı getsə, özünə və oğluna şər ataraq həbs edəcəklərini düşünüb:
“Buna görə də razılaşdığım məbləği toplamağa başladım. Qardaşım və oğlumun dostlarından borc almaqla 300.000 manatı topladım, bir həftə sonra MTN-nin əsas qapısına gəldim. Orada İlqar Əliyevin yanına gəldiyimi bildirdim. Bir nəfər adını bilmədiyim şəxs mənə yaxınlaşaraq İlqar Məmmədovun xidməti otağına apardı. Otaqda özümlə gətirdiyim 300.000 manatı İlqar Əliyevin özünə verdim. Pulu verən zaman otaqda başqa şəxs olmayıb”.
Ələkbər Heydərov əlavə edib ki, oğlu Aydına borc pul vermiş dostunun kim olmasını özü ifadəsində dəqiq göstərə bilər. Onun sözlərinə görə, İlqar Əliyevin ona qarşı qanunsuz hərəkətlər etməklə, 300.000 manat alması barədə qorxusundan heç bir hüquq-mühafizə və başqa dövlət qurumuna şikayət etməyib:
“Həmin dövrdə MTN-dən şikayət etməyimin heç bir mənası yox idi. Çünki İlqar Əliyevə heç bir şeyi sübut edə bilməzdim”.
Təqsirləndirilən şəxs qismində ifadə verən Elçin Quliyev Ələkbər Heydərovu tanımadığını, onu MTN-ə çağırılımasını xatırlamadığını bildirib. (teleqraf)