İlon Maskın sahibi olduğu X (əvvəllər Twitter kimi tanınırdı) şirkəti Telegram-a bənzər yeni bir şifrələnmiş messencer – XChat-in beta versiyasını təqdim edib.
Tribunainfo.az xarici mətbuata istinadən xəbər verir ki, yeni tətbiq “növbəti nəsil messencer” kimi təqdim olunur və funksionallığı baxımından Telegram-la rəqabət apara biləcək potensiala sahibdir. Şirkətin yaydığı məlumata görə, XChat tətbiqi uçdan-uca şifrələmə, fayl göndərmə imkanı, oxunma bildirişi, bütün istifadəçilər üçün mesaj silmək, eləcə də yoxa çıxan mesajlar rejimi kimi funksiyalar təklif edir.
Qeyd edək ki, İlon Maskın qorunan messencer tətbiqi üzərində işlədiyi barədə məlumatlar hələ iki il əvvəl, o Twitter-in rəhbəri olanda ortaya çıxmışdı. Görünən odur ki, XChat həmin planların X ekosistemi çərçivəsində reallaşmasıdır.
Maraqlı məqam isə ondan ibarətdir ki, mayın 28-də Telegram-ın qurucusu Pavel Durov, İlon Maskın süni intellekt layihəsi olan Grok adlı çat-botunun tezliklə Telegram-a inteqrasiya ediləcəyini açıqlamışdı. Lakin Mask bu razılaşmanın hələlik xAI və Telegram arasında rəsmiləşdirilmədiyini bildirib.
Hazırda Grok həm ayrıca tətbiq və veb versiya kimi, həm də sosial şəbəkə X-də inteqrasiya olunmuş çat-bot kimi istifadəyə verilib.
Qeyd edək ki, daha öncə Tesla robotlarının şirkətin zavodlarında işləyə bilməyəcəyi vəd edilmişdi.
İmran Kərimli