İlin sonu Bakı-İrəvan sülhü baş tutacaqmı? – TƏHLİLbackend

İlin sonu Bakı-İrəvan sülhü baş tutacaqmı? – TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın dövlət katibi Entoni Blinken Türkiyənin XİN başçısı Hakan Fidanla telefonla danışıb. Tribunainfo.az xəbər verir ki, həmin danışıqlar zamanı tərəflər bir sıra məsələləri, o cümlədən Azərbaycan-Ermənistan sülh anlaşması mövzusunu müzakirə ediblər.
Rəsmi məlumatlarda qeyd olunur ki, tərəflər Cənubi Qafqazda ləyaqətli və sabit sülhün əldə edilməsinə tərəfdar olduqlarına tərəfdardırlar və prosesin tezləşdirilməsi üçün addım atmalıdırlar.
Bildirək ki, Azərbaycan sülh danışıqlarının dekabrdan etibarən canlanacağını bildirib. Prezidentin müşaviri Hikmət Hacıyev bildirib ki, Bakı İrəvanla il sonuna kimi bu məsələni müzakirə edəcək.
Elə Ermənistan tərəfi də vurğulayıb ki, onlar razılaşdırılmamış iki bəndlə bağlı fikirlərini yazılı şəkildə Azərbaycana təqdim ediblər və cavab gözləyirlər.
Erməni mediası hazırkı gedişatı belə şərh edir ki, il sonuna qədər sülh sazişinin imzalanması mümkün deyil. Onlar bunu belə əsaslandırırlar ki, bu danışıqların əsas təkanverci qüvvəsi olan ABŞ demokratları artıq hakimiyyətdən gedirlər. Onları əvəz edəcək Trampın isə Qafqazla bağlı aydın fikirləri yoxdur və ya hələlik məlum deyil.
Azərbaycanda da il sonuna qədər sülh sazişinin imzalanacağına inananlar azdır. Çünki Ermənistan bir sıra tələbləri yerinə yetirmədən bu sazişin heç bir əhəmiyyəti olmayacağını düşünürlər. Məsələn, konstitusiyanın dəyişdirilməsi, silahlanma məsələsinə nəzarət, habelə sərhədlərin demarkasiya prosesləri baş vermədən sülh sazişinin bir işə yaramayacağı qeyd edilir.
Türkiyə prosesdə aşkar şəkildə Azərbaycanın yanında olsa da, Ermənistanla sülh sazişinin tez bağlanmasında maraqlıdır. Ankaranın məqsədi iki ölkə arasında münasibətlər normallaşdıqdan sonra Ermənistanla sərhəd və dəmiryol xətlərini açmaq, maneəsiz Qafqazın digər ölkələrinə çıxış əldə etməkdir. Həmçinin Azərbaycanla quru əlaqəsinin yaradılması Türkiyəyə olduqca vacibdir.
Türkiyə parlamentinin Milli təhlükəsizlik komissiyasının rəhbəri Fuad Oqtayın bu günlərdə Tehrana səfəri və orada kommunikasiyaların açılması məsələsini müzakirə etməsi də təsdiqləyir ki, Ankara konkret hansı maraqlardan çıxış edir.
İrana gəldikdə, bu ölkədə kimin əli kimin cibindədir, bəlli deyil. Hökumət bir söz, SEPAH və dini rəhbərlik isə başqa addım atırlar. Elə bu səbəbdəndir ki, prezident Pezeşkian Azərbaycanla əlaqələrin qurulmasını intensivləşdirməyi, dəhlizlərin açılması prosesinin tezləşdirilməsi barədə göstəriş verir. Bir gün sonra isə SEPAH Azərbaycanı təhdid edən bəyanat yayır. Yəni, Tehranda hələ nə edəcəklərini heç özləri də bilmirlər.
Rusiyanın marağı isə aydındır. Kreml indiki situsiyada tərəflər arasında sülh sazişinin imzalanmasında maraqlı deyil. Hətta bu qaçılmaz olarsa, o zaman onun məhz Moskva platforması çərçivəsində təşkil edilməsində maraqlı və israrlıdır. Indiki məqamda Azərbaycanla Ermənistan arasındakı sülh sazişi və münasibətlərin normallaşması Rusiyaya ona görə sərf etmir ki, Kreml əsas təsir rıçaqı olan milli və etnik münaqişə imkanlarından biri itirmiş olacaq. Həmçinin Rusiyanın Qafqazda bir sıra maraqları hələ təmin olunmayıb. Məsələn, Zəngəzur dəhlizinə nəzarət, Azərbaycan-Ermənistan sərhəddini qorumaq, Ermənistanda payının yerində qalması və sairə.
Beləliklə, ilin sonuna kimi Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasına ümid olsa da, reallaşması mümkün görünmür. Hələ ki, daşlar yerinə oturmayıb. Bölgədə maraqları olan ölkələr ortaq məxrəcə gələ bilmir.