Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Zərdab Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmirdən sonra istifadəyə verilən yeni binasında yaradılan şəraitlə tanış olublar.
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Zərdab Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmirdən sonra istifadəyə verilən yeni binasında yaradılan şəraitlə tanış olublar.
TİA.AZ Azərtac-a istinadən xəbər verir ki, dövlət başçısı və xanımı xəstəxana kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.
Görüşdə İlham Əliyev çıxış edib, bildirib ki, Zərdabda insanların sağlamlığı üçün digər tədbirlər də görülüb:
“Bu il bu istiqamətdə dövlət proqramlarının icrası ilə bağlı çox önəmli addımlar atılmışdır. Hazırda kənd təsərrüfatının müxtəlif sahələri – pambıqçılıq, baramaçılıq inkişaf edir. İl ərzində bu istiqamətlərdə çox böyük irəliləyiş var. İnsanlar yaxşı pul qazanırlar.
Ölkəmizin hərtərəfli inkişafı davam edir. Son illərlə müqayisədə 2016-cı il ölkə iqtisadiyyatı üçün obyektiv səbəblər üzündən ən ağır il olmuşdur. Buna baxmayaraq, biz çox ciddi tədbirlər görərək dünya böhranının mənfi fəsadlarını azaltmağa çalışmışıq və buna nail ola bilmişik. Biz ili yaxşı göstəricilərlə başa vururuq. Qeyri-neft sənayesinin, kənd təsərrüfatının artımı, əlbəttə ki, görülmüş işlərin nəticəsidir. Biz valyuta ehtiyatlarımızı qoruya bilmişik. Bu da çox vacib məsələdir. Çünki neftlə zəngin olan ölkələrin əksəriyyətində valyuta ehtiyatları tükənir, ya da azalır. Biz isə qoruyuruq, çünki bu, dövlətimiz, xalqımız üçün lazımdır. Bu, bizə əminlik və imkan verir ki, gələcəyə nikbinliklə baxaq.
Sosial məsələlərin həlli bundan sonra da prioritet olacaq. Neftin qiymətinin 3-4 dəfə düşməsinə baxmayaraq, Azərbaycanda belə gözəl tibb ocaqları yaradılır. Ehtiyac meyarı artırılacaq, digər sosial proqramlar gələn il də artıqlaması ilə icra ediləcək.
Yeni iş yerlərinin yaradılması istiqamətində çox ciddi tədbirlər görülür. Bu gün bütün bölgələrimizdə çox böyük canlanma gedir. İnsanlar kənd təsərrüfatı ilə çox həvəslə məşğul olurlar, dövlət öz dəstəyini göstərir, subsidiyalar, güzəştli şərtlərlə gübrələr, yanacaq, texnika verilir. Yəni, hər şey etməyə çalışırıq ki, insanlar daha da rahat yaşasınlar və dünya böhranının mənfi təsirindən özlərini qoruya bilsinlər.
Bizim atdığımız bütün addımlar sosial xarakter daşıyır və sosial ədaləti tərənnüm edir. Çünki yaxşı yaşayan dövlətə daha çox töhfə verməlidir, daha çox vergi ödəməlidir, daha çox kommunal xərcləri olmalıdır. Ancaq aztəminatlı təbəqə, orta təbəqə dövlət tərəfindən qorunmalıdır və qorunur. Bu, sosial ədalət prinsipidir. Biz bu yolla gedirik. Biz bazar iqtisadiyyatı prinsipi əsasında yaşayırıq, eyni zamanda, vətəndaşların sosial təminatı da daim diqqət mərkəzindədir. Beləliklə, biz həm sosial məsələlərin həlli, həm də iqtisadi inkişaf ilə bağlı siyasətimizi gələn illərdə də davam etdirəcəyik.
Zərdab rayonunun uğurlu inkişafı ilə bağlı bundan sonra da addımlar atılacaq. Burada yeni kənd yolları layihələri icra ediləcək, binaların, xüsusilə çoxmərtəbəli binaların təmiri ilə bağlı addımlar atılacaq, qeyd etdiyim kimi, kənd təsərrüfatını, sahibkarlığı stimullaşdırmaq üçün çox ciddi tədbirlər görüləcək.
Sizi bir daha salamlayıram və bu gözəl hadisə münasibətilə təbrik edirəm”.
Görüşün sonunda xatirə şəkli çəkdirilib.