Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.
Tribunainfo.az xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış etdi.
Prezident İlham Əliyevin
çıxışı
-Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz!
Bu gün sizin həyatınızda tarixi bir gündür. Doğma Vətənə, doğma şəhərə 32 ildən sonra qayıdırsınız və bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır. Azərbaycan xalqı öz doğma torpağına bağlıdır və bütün çətinliklərə baxmayaraq, işğal dövründə biz nəinki inamımızı itirməmişik, hər birimiz – bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı.
Dövlət sizin üçün burada gözəl şərait yaradıb. Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Siz artıq birinci yaşayış kompleksində evlərlə təmin olunursunuz, amma inşaat işləri bununla bitmir. Bu gün təməlini qoyduğum növbəti yaşayış komplekslərində yaxın gələcəkdə sizin qohumlarınız, dostlarınız gəlib yerləşəcək. Birinci mərhələdə “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Təbii ki, lazım olan bütün digər infrastruktur layihələri də icra edilibdir. İşıq, su, təbii qaz çəkilib, yollar salınıb, minalardan təmizləmə işi aparılıb. İndi Kəlbəcər şəhərində gözəl məktəb tikilir və gələn il istifadəyə veriləcək. Ancaq builki dərs ilini kəlbəcərli uşaqlar modul tipli məktəbdə oxuyacaqlar.
Bu gün, o cümlədən ona görə tarixi bir gündür ki, ölkəmizin ən böyük rayonu olan Kəlbəcər və onun şəhəri artıq canlanır, buraya həyat qayıdır və əminəm ki, siz burada rahat yaşayacaqsınız. Siz buna layiqsiniz. Uzun illər ərzində ağır şəraitdə – çadırlarda, uyğunlaşdırılmış binalarda, uşaq bağçalarında, yataqxanalarda – müxtəlif yerlərdə yaşamısınız, həyatınız çox ağır olub.
Kəlbəcərin işğalı bizim üçün bütün başqa yaşayış məntəqələrimizin işğalı kimi böyük faciə idi. Ancaq Kəlbəcərin işğalı strateji nöqteyi-nəzərdən Azərbaycan üçün çox böyük problemlər yaradırdı. Çünki Ermənistanla ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi bağlantı yaradılırdı. 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi artıq o bağlantını yaratmışdı və o vaxt “Laçın dəhlizi” adlandırılan yol faktiki olaraq bizim torpaqlarımızın gələcək işğalına yol açmışdı. Kəlbəcərin işğalı isə çox böyük bir coğrafi ərazi üzrə Ermənistanla keçmiş “Dağlıq Qarabağ” arasında coğrafi bağlantı yaratmışdır və beləliklə, digər torpaqlarımızın işğalına yol açmışdır. Əfsuslar olsun ki, ovaxtkı Azərbaycan rəhbərliyi xəyanətkarlıq və satqınlıq siyasəti apararaq doğma diyarımızı qoruya bilməmişdir. Hələ 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi o vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində mümkün olmuşdur. Alınmaz qalamız Şuşa demək olar ki, ermənilərə təhvil verilmişdir.
Mənfur cütlük bundan istifadə edərək bir ay sonra məhz Şuşa və Laçın faciəsi üzərində hakimiyyətə gəldi, doğma diyarınızı qoruya bilmədi, ya da qorumaq istəmədi.
Kəlbəcərin 1993-cü il aprelin əvvəlində işğal altına düşməsi məhz ovaxtkı xəyanətkar rəhbərliyin bəd əməllərinin nəticəsi olmuşdur. Ondan sonrakı dövrü hamımız yaxşı xatırlayırıq. Uzun sürən danışıqlar heç bir nəticə verməmişdi, verə də bilməzdi. Çünki birincisi, Ermənistan bir qarış torpaq qaytarmaq fikrində deyildi və danışıqlarda, sadəcə olaraq, görüntü yaratmaq naminə iştirak edirdi. Bu məsələ ilə məşğul olmalı olan üç ölkə – Fransa, Rusiya və Amerika məsələni həll etmək əvəzinə, münaqişəni dondurmaq istiqamətində işlər aparırdı və faktiki olaraq erməni işğalına hüquqi don geyindirmək üçün dəridən-qabıqdan çıxırdı. Məhz buna görə münaqişə sülh yolu ilə həll olunmadı. Əgər Ermənistana qarşı o vaxt ciddi sanksiyalar tətbiq edilsəydi, əgər işğalçı dövlət böyük dövlətlər tərəfindən cəzalandırılsaydı, əlbəttə ki, Ermənistan bizim torpaqlarımızı sülh yolu ilə qaytara bilərdi və əminəm ki, qaytaracaqdı. Sadəcə olaraq, onlara qarşı zərrə qədər təzyiq göstərilmədi, əksinə, onlar üçün bütün imkanlar açılmışdı. Bəzi ölkələr onlara milyardlarla dollar dəyərində pulsuz silahlar verirdi. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində məhv etdiyimiz və hərbi qənimət kimi götürdüyümüz Ermənistan ordusuna xaricdən verilən silahların qiyməti təqribən 5-6 milyard dollar dəyərindədir. Təbii ki, Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi. Bütün bu silahlar onlara pulsuz verilirdi, bir məqsədlə ki, işğal davam etsin, bir məqsədlə ki, azərbaycanlılar heç vaxt öz dədə-baba torpaqlarına qayıtmasınlar, bir məqsədlə ki, Ermənistanla Azərbaycan arasında bu münaqişə sülh yolu ilə həll olunmasın. Mən bunu dəfələrlə demişəm və bu, tam həqiqətdir. Mən 2003-cü ildən 2020-ci ilə qədər bu danışıqlarda iştirak etməyə məcbur idim. Demişdim ki, bu məsələni həll etmək mandatı olan ölkələr faktiki olaraq işğalı əbədi etmək istəyirlər. Biri silahlar, biri siyasi dəstək, biri isə digər imtiyazlar verirdi. Məhz buna görə məsələ öz həllini tapmırdı. Kiməsə elə gələ bilərdi ki, Azərbaycan xalqı bununla barışacaq, halbuki mən dəfələrlə demişdim ki, biz bu məsələ ilə heç vaxt barışmayacağıq. Hələ 2003-cü ildə prezident vəzifəsinə seçiləndə bunu demişdim, ondan sonrakı dövrlərdə dəfələrlə demişdim və nəinki demişdim, hər gün, hər saat biz bu müqəddəs Zəfər günümüzü yaxınlaşdırırdıq. Güclü iqtisadiyyat qurduq, beynəlxalq müstəvidə Ermənistanı işğalçı dövlət kimi ifşa etdik. Bir çox aparıcı beynəlxalq təşkilatlar bizim səylərimiz nəticəsində mövqeyimizi qəbul etməyə məcbur olmuşdur. Güclü ordu yaratdıq, ən müasir silahlar aldıq və gənc nəsil yetişdirdik. O gənc nəsil ki, Vətən müharibəsində sinəsini qabağa verib torpaqlarımızı düşməndən azad etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz bu Zəfərə görə onlara, onlar kimi 10 minlərlə Azərbaycan əsgər və zabitinə borcluyuq.
Azərbaycan dövləti və Azərbaycan xalqı bir yumruq kimi birləşdi və biz Ermənistanı cəmi 44 gün ərzində kapitulyasiya aktını imzalamağa məcbur etdik. 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Biz hər gün irəli gedirdik. Bir dənə də olsun döyüş meydanını tərk edən olmamışdır. Bir dənə də olsun fərari olmamışdır. Yəni bu, xalqımızın yüksək keyfiyyətlərini göstərir və onu göstərir ki, bütün xalqımız və Silahlı Qüvvələr Vətən uğrunda ölümə getməyə hazır idi. Ermənistan ordusunda isə özlərinin dediklərinə görə 12 min fərari olmuşdur. Vətən müharibəsi başa çatanda Kəlbəcər, Laçın, Ağdamın böyük hissəsi hələ işğal altında idi. Ancaq biz kapitulyasiya aktı nəticəsində Ermənistanı məcbur etdik ki, bu bölgələri bizə qaytarsın və bunu etməyə məcbur olmuşdur. Yəni, Kəlbəcər bir güllə atılmadan azad edildi. Siz kəlbəcərlilər bu bölgənin relyefini, iqlimini çox yaxşı bilirsiniz. Mən də çox yaxşı bilirəm, çünki dəfələrlə burada olmuşam və əvvəlki dövrlərdə buraya Ömər aşırımından keçmişəm.
Kəlbəcəri 2020-ci ilin sonunda, – artıq qış başlamışdır, – hərbi yolla azad etmək böyük itkilərlə nəticələnərdi. Təbii ki, biz azad edəcəkdik. Çünki Ermənistan ordusunu biz o vaxt demək olar ki, məhv etmişdik. Ancaq onların güclü istehkamları var idi. O vaxt Ağdərə rayonu bizim nəzarətimizdə deyildi. Tək yeganə istiqamət Murov istiqamətindən idi və yenə də deyirəm, biz böyük itkilər verə bilərdik. Ona görə tarix bir daha göstərdi ki, 2020-ci il noyabrın 10-da müharibənin dayandırılması ən düzgün addım idi. Ancaq bununla bərabər, o vaxt hələ də torpaqlarımızın bir hissəsi nəzarətimizdə deyildi. O vaxtdan 2023-cü il sentyabrın 19-na qədər bizim qarşımızda duran əsas hədəf ölkəmizin suverenliyini tam bərpa etmək idi. O tarixi siz yaxşı xatırlayırsınız, həm dırnaqarası Laçın dəhlizini yox etmək və bunu Laçın-Xankəndi yoluna çevirmək, həm Ermənistan-Azərbaycan sərhədində Laçın istiqamətində nəzarət-buraxılış məntəqəsinin yaradılması, eyni zamanda, 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər önəmli strateji nöqtələrin götürülməsi, “Fərrux”, “Qırxqız”, “Sarıbaba” əməliyyatları – bütün bunlar şanlı tariximizdir və bütün bunlar məqsədyönlü siyasətimizin bir hissəsi idi. Təbii ki, o vaxt biz bir çox şeyləri dilə gətirmirdik, buna ehtiyac da yox idi. Ancaq hədəfə doğru gedirdik ki, bizim torpağımızda bir dənə də olsun separatçı qalmamalıdır. Separatizmin başı əzilməlidir, kökü kəsilməlidir və bunu da etdik. Cəmi bir neçə saat davam edən antiterror əməliyyatı nəticəsində separatçı xunta kapitulyasiya aktına imza atdı. Öz saxta dırnaqarası respublikasının guya süquta uğramasını əks etdirən sənəd imzaladı.
Bizim üçün 2023-cü ilin 19-20 sentyabrı 8 noyabr qədər şərəfli və tarixi günlərdir. O vaxtdan bu yana Azərbaycan xalqı sülh şəraitində yaşayır və əminəm, bundan sonra da sülh şəraitində yaşayacaq. Bilirsiniz ki, Ermənistan-Azərbaycan normallaşması prosesi demək olar ki, başa çatıb və imzalanmış sənədlər bizim maraqlarımızı tam təmin edir. Biz istədiyimizə nail olmuşuq, mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır.
Ermənistanla sülh müqaviləsinin müəllifi də bizik, o bəndlərin tərtibatında da bizim mövqeyimiz hər zaman əsas götürülmüşdür. Bu sənədin paraflanması faktiki olaraq Ermənistan-Azərbaycan qarşıdurmasına son qoyur. Bununla bərabər, bizim tarixi diyarımız olan Naxçıvanla quru bağlantısı da təmin edildi. 2020-ci ilin noyabrından son günlərə qədər biz təkidlə bu məsələni daim gündəlikdə saxlayırdıq və müxtəlif yollarla bu məqsədə çatmaq üçün səylər göstərirdik və nəhayət, biz buna da nail olduq. Artıq Ermənistan bu öhdəliyi də üzərinə götürmüşdür və ümid edirəm ki, yaxın bir neçə il ərzində biz qatarlarla və avtomobillərlə Azərbaycanın əsas hissəsindən Naxçıvana gedə biləcəyik. Eyni zamanda, bu, təkcə Azərbaycanın iki hissəsini bir-biri ilə birləşdirməyəcək. Bu, eyni zamanda, beynəlxalq nəqliyyat dəhlizinə çevriləcək. İndi Azərbaycan ərazisindən bir neçə nəqliyyat dəhlizi keçir və bu, əlbəttə ki, ölkəmizin önəmini artırır. Bir dəhliz də məhz bu istiqamət üzrə gedəcək. Artıq Zəngilana qədər dəmir yolunun inşası uğurla davam edir, yəqin ki, gələn il başa çatacaq. Biz indi Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik. Ermənistan ərazisində də dəmir yolunun tikintisi nəzərdə tutulur. Yəni, Ermənistan bu öhdəliyi də üzərinə götürüb və bu, bizim növbəti tarixi uğurumuzdur.
Azərbaycan xalqı ən yüksək beynəlxalq müstəvidə öz böyüklüyünü bir daha göstərmişdir. Həm Vətən müharibəsi, həm antiterror əməliyyatı nəticəsində yaratdığımız yeni reallıqlar dünya tərəfindən qəbul edildi. Bu da çox vacib idi. Çünki Vətən müharibəsindən və xüsusilə 2023-cü ilin sentyabr əməliyyatından sonra Ermənistanın havadarları, müxtəlif ölkələr və dairələr bizə qarşı kampaniyaya başlamışdılar. Azərbaycanı cəzalandırmaq, Azərbaycana qarşı sanksiyalar tətbiq etmək və digər səylər göz önündə idi. Düzdür, onların heç biri həyata keçmədi. Bizim kifayət qədər güclü tərəfdaşlarımız var və beynəlxalq təşkilatlar çərçivəsində mövqeyimiz hər zaman ədalətli mövqe kimi qəbul olunub. Çünki biz öz torpağımızda müharibə aparmışıq. Bəzi başqa ölkələr kimi heç bir ölkənin torpağını zəbt etməmişik, etnik təmizləmə aparmamışıq, heç bir ölkənin şəhər və kəndlərini viran qoymamışıq. Biz öz torpağımızda döyüşmüşük, düşməni böyrü üstə qoymuşuq və ərazi bütövlüyümüzü bərpa etmişik, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında. Ancaq buna baxmayaraq, Ermənistana himayədarlıq edən ölkələr bizə qarşı daim hərəkətdə idi və Vaşinqton şəhərində, dünyanın bir nömrəli ofisində imzalanmış sənədlər bütün bu səylərə də son qoydu.
Yəni, dünya birliyi, beynəlxalq aləm bizim Qələbəmizi və yeni reallıqları tam qəbul etmişdir və bu da özlüyündə tarixi hadisədir. Çünki sirr deyil ki, həm işğal dövründə, həm də müharibə dövründə Ermənistanı dəstəkləyən böyük dövlətlər bizə hər zaman böyük problemlər yaradırdı və yarada bilərdi. Bizim gücümüz, xalqımızın iqtidarla bir yerdə olması, hərbi Zəfərimiz, cəmiyyətdəki ovqat, vətənpərvərlik ruhu – bütün bu amillər bütün dünyaya göstərdi ki, hər kəs bizimlə hesablaşmalıdır və bizimlə hesablaşmayan nəticədə peşman olur. Bunu Ermənistan-Azərbaycan müharibəsi, Vətən müharibəsi, müharibədən sonrakı dövr göstərmişdir və bunu bugünkü reallıqlar da göstərir.
Azərbaycan ləyaqətli ölkədir, güclü ölkədir, heç kimə məsləhət görmürük ki, nə vaxtsa bizə qarşı hansısa bəd əməllər haqqında düşünsün. Hər halda son 80 il ərzində dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır. İndi dünyada gedən prosesləri görürsünüz. Müxtəlif yerlərdə toqquşmalar, müharibələr, hərbi cinayətlər baş alıb gedir. Amma heç kim tam qələbə qazanmayıb. Müharibələr davam edir, daha böyük coğrafiyanı əhatə edir və yəqin ki, davam edəcək. Yəni, bax, bu siyasi məsələlərin inkişafı bunu göstərir. Tək yeganə ölkə bizik. Yeganə xalq bizik ki, tam Qələbə qazandıq, mütləq Qələbə qazandıq. Düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdik və eyni zamanda, sülhün təminatçısı da Azərbaycandır.
Biz düşməndən qisasımızı döyüş meydanında aldıq. Biz bir daha xalqımızın böyüklüyünü göstərdik. Onların bizə etdiklərini biz onlara etmədik. Halbuki onların etdikləri heç vaxt yaddaşımızdan silinməyəcək. O cümlədən kəlbəcərlilərə qarşı edilən hərbi cinayətlər, soyqırımı, Xocalı soyqırımı, digər bölgələrdən olan vətəndaşlarımıza qarşı düşmənçilik, ədavət və vəhşilik heç vaxt yaddaşımızdan silinməyəcək və silinməməlidir. Bunu mən həm müharibəni qazanan ölkənin Ali Baş Komandanı kimi və bu gün Ermənistanla, məğlub edilmiş Ermənistanla sülh prosesinin iştirakçısı kimi deyirəm. Biz istəmirik ki, müharibə olsun. Biz sülh istəyirik. Ancaq heç vaxt o qanlı tarix yaddaşımızdan silinməməlidir, heç vaxt şirin sözlərə aldanmamalıyıq, ayıq olmalıyıq. Təbii ki, bizim Silahlı Qüvvələrimiz hər an, hər gün dövlətimizin maraqlarının, təhlükəsizliyin keşiyindədir. Biz mümkün olan təhlükə mənbələrini izləyirik, görürük və görəcəyik. Biz hərbi gücümüzü artırırıq. İkinci Qarabağ müharibəsindən sonra həm Xəzər dənizindəki, həm də bütün digər silahlı qüvvələrimizin inkişafı ilə əlaqədar minlərlə, – sayını demək istəmirəm, amma böyük sayda, – xüsusi təyinatlı qüvvələrimizin say tərkibini artırmışıq, yeni komando qüvvələri yaradılıb.
Pilotsuz uçuş aparatlarının ən müasirləri, yeni artilleriya sistemləri ölkəmizə gətirilib. İndi yeni döyüş təyyarələri üzrə kontraktlar bağlanıb və mövcud olan təyyarələr tam müasirləşdirilib. Biz hər an müharibəyə hazır olmalıyıq. Çünki dünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz, sabah nə olacaq. Bizim təhlükəsizliyimizin qarantı biz özümüzük – dövlət, xalq və Silahlı Qüvvələrimiz. Ona görə, əgər kiminsə xəstə ağlına Azərbaycana qarşı hər hansı bir təxribat törətmək gələrsə, məncə, yenə də peşman olacaq. Biz isə bundan sonra müzəffər xalq və müzəffər, qalib dövlət kimi yaşayacağıq.
Bizim işimiz quruculuqdur. Onlar bütün şəhər və kəndlərimizi viran qoyublar. Kəlbəcər şəhərində bir dənə salamat bina qalmamışdır. Kəlbəcərin heç bir kəndində bir dənə də bina qalmamışdır. O, vəhşilik idi. O, insanlığa sığmayan hərəkət idi və bunu bir nəfər yox, 10 nəfər yox, kütləvi surətdə edirdilər. Onlar gərək bu məsələlərlə məşğul olsunlar, hansı cəmiyyətdə yaşayır Ermənistan? O cəmiyyət ki, işğal dövründə talançılığı özü üçün əsas gəlir mənbəyi etmişdir. Bu cəmiyyət xəstədir və mən bunu açıq deyirəm. Mən heç kimi təhqir etmək istəmirəm. Biz onlara nə etmişik ki, nə pislik etmişik ki, bu qədər vəhşiliklə üz-üzə qalaq?! Bütün şəhər və kəndlər dağıdılıb, məscidlər dağıdılıb, təhqir edilib, insanlar qətlə yetirilib, öldürülüb, yandırılıb. Hətta İkinci Qarabağ müharibəsindən sonra bizdən vasitəçilər tərəfindən vaxt istəmişdilər, burada öz şələ-şülələrini yığmaq üçün. Biz hətta vaxt da verdik onlara. Nə etdilər? Yandırdılar, ağacları qırdılar. İnsan bunu edər? Axı, bunu təkcə separatçıların başçıları etməyiblər. Kütləvi surətdə ediblər. Yəni, biz bilməliyik ki, kiminlə üz-üzəyik, bizim qonşumuz kimdir. Keçmişimizi heç vaxt unutmamalıyıq və ayıq olmalıyıq. Əminəm ki, bütün bu amillər imkan verəcək ki, üstünlük hər zaman bizdə olsun. Bu gün bunu yenə də deyirəm, biz qalib xalq kimi bəyan edirik. Biz o pisliyi, vəhşiliyi unutmayacağıq. Ancaq biz bundan sonra heç kimlə müharibə aparmaq fikrində deyilik. Əgər bizə qarşı hər hansı bir təhlükə çıxarsa, onda yenə də bizim dəmir yumruğumuzu hər kəs görəcək. Bu gün bu gözəl binaların ətrafında bizim görüşümüz də çox böyük rəmzi məna daşıyır. Onlar buranı dağıdıblar, biz isə qurub-yaratmışıq və sizi bu münasibətlə bir daha təbrik edirəm. Rahat yaşayın, sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun.
x x x
Prezident İlham Əliyev: Kim söz demək istəyir?
Sakin Cəlil Alıyev: Cənab Prezident, cənab Ali Baş Komandan, çox hörmətli Mehriban xanım, Sizi kəlbəcərlilər adından salamlayırıq. Doğma yurdumuza xoş gəlmisiniz! Bütün çıxışlarınızı diqqətlə izlədik, bəyənirik, alqışlayırıq. Bütün bu hadisələrin qəhrəmanı Sizsiniz. Bir daha Sizə təşəkkür edirik. Bilirik ki, Kəlbəcər xalqı, Kəlbəcər camaatı aşıqlar diyarıdır, şairlər diyarıdır. Ona görə də gözəl şairimiz Sücaət 32 il bundan qabaq yazırdı:
Sücaət, neyləyək, baxt belə baxtdır,
Darıxma, hər şeyi həll edən vaxtdır.
Bir gün gülə-gülə qayıdacaqdır,
Ağlaya-ağlaya köçən Kəlbəcər.
Bu hadisələrin səbəbkarı Sizsiniz. Sizə təşəkkür edirəm. Sağ olun, var olun.
Prezident İlham Əliyev: Təşəkkür edirəm, sağ olun.
Cəlil Alıyev: Həmişə Sizin yanınızda durmalıyıq. Bir olmalıyıq. Yumruq kimi birləşməliyik. “Böyük Qayıdış”ı başa çatdırmalıyıq. Mənim qızım Hökumənin sözü olmasın, hər şey yaxşı olacaq. Bir daha təşəkkür edirəm Sizə.
Sakin Fənarə Sadıqova: Möhtərəm Ali Baş Komandan, cənab Prezidentimiz, çox sevimli əzizimiz Mehriban xanım, əziz qonaqlar və həmvətənlərim. Bu gün illərdən sonra böyük qürur hissi ilə doğma yurdum cənnət Kəlbəcərimdə Sizi salamlayıram. Dahi Ulu Öndərimizin başladığı siyasəti Siz məharətlə, qətiyyətlə, yuxusuz gecələrinizə, gərgin günlərinizə baxmayaraq davam etdirərək bəşəriyyətdə analoqu olmayan Zəfər tarixi yazdınız. İşğal olunan torpaqlarımızı geri qaytardınız, cənab Prezident. Bir sıra çox vacib sazişlərə imza atdınız. Biz Sizinlə qürur duyuruq. Biz həmişə Sizin yanınızdayıq. Allah Ulu Öndərimizə rəhmət eləsin ki, Sizin kimi ləyaqətli davamçı qoyubdur. Sizin prezidentlərlə görüşlərinizi hər dəfə televiziyada izləyərkən şux duruşunuzu, natiqliyinizi böyük həyəcan və sevinc hissi ilə müşahidə edirik – Siz əsl poliqlotsunuz. Siz müxtəlif dillərdə çox natiq danışırsınız, onların özlərindən də gözəl olur. Biz bununla qürur duyuruq. Bu istedad Allah tərəfindən hər prezidentə verilmir.
Cənab Prezident, mən bir haşiyə çıxmaq istəyirəm. Üzrlü sayın, mən bunu deməsəm, atamın ruhu məni bağışlamaz. Hələ 1992-ci ildə hərc-mərclik, özbaşınalıq baş alıb gedəndə sadə sürücü olan atam, – o Kəlbəcərdə yaxşı insan kimi tanınırdı, – bu hadisələrdən çox narahat idi. Atam gedib, – o vaxt Ulu Öndərimiz Ali Sovetin sədri idi,- öz adından ona teleqram vurur ki, Azərbaycan batır, Siz burada lazımsınız. Ulu Öndərimiz 1998-ci ildə prezident seçiləndə atamın çıxışını verirlər. Sonra Prezidentimiz bayrağı öpür və kürsüyə qalxır. O, mənim atamdır. Çox əfsuslar olsun ki, atam Şuşanın alındığı gün dünyasını dəyişdi.
Prezident İlham Əliyev: Allah rəhmət eləsin!
Fənarə Sadıqova: Allah ölənlərimizə rəhmət eləsin. Atalarımızın ruhu şaddır bu gün. Ulu Öndər Sizin kimi layiqli övladı yerində qoyub gedib. Bu gün mənim atamın da ruhu şaddır, biz bu arzumuza çatmışıq. Doğma Kəlbəcərimizdə, eləcə də Qarabağda böyük quruculuq işi gedir. Bunu Siz edirsiniz. Biz Sizə minnətdarıq. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirik. Möhtərəm Prezidentimiz, biz Sizə bu ağır işinizdə, bu fəaliyyətinizdə uğurlar, ailənizə, özünüzə cansağlığı arzulayırıq. Biz həmişə Sizin arxanızdayıq. Sizin dediyiniz kimi, “Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”.
Prezident İlham Əliyev: Sağ olun, xoş sözlərə görə təşəkkürümü bildirirəm.
Kəlbəcər ölkəmizin ən gözəl rayonlarından biridir. Hər dəfə buraya gələndə Mehriban xanım və mən maşından izləyirik və bir-birimizə deyirik ki, nə gözəl diyardır, nə gözəl mənzərədir. Bunun dünyada tayı-bərabəri yoxdur. Amma siz də yaxşı bilirsiniz ki, Kəlbəcər həmişə ucqar rayon sayılırdı, çünki yollar yox idi. Yüz il bundan əvvəl, ümumiyyətlə, yol yox idi, ancaq atlarla hərəkət etmək mümkün idi. Ondan sonra sovet hakimiyyəti dövründə çəkilmiş o yollar da çox təhlükəli idi, ensiz idi. Biz Mehriban xanımla işğaldan sonra ilk dəfə Kəlbəcərə, təbii ki, Ömər aşırımından gəldik. O vaxt o yol da demək olar ki, yox idi, bir cığır idi və həm də çox təhlükəli idi. Amma o qədər əzəmətli mənzərə ilə üzləşdik ki, çətinlik heç özünü hiss etdirmirdi. Göygöldən gələndə Ömər aşırımından hər dəfə aşağıya baxarkən bu təbiətə valeh olurduq. Eyni zamanda, mən o vaxt dərhal göstəriş verdim ki, biz mütləq Gəncə istiqamətindən Kəlbəcərə müasir yol çəkməliyik. Çünki bilirsiniz ki, o vaxt biz Ağdərə-Kəlbəcər yolundan istifadə edə bilmirdik. Ona görə dərhal işlər başlandı və bu gün biz Mehriban xanımla Kəlbəcərə gələndə daha Ömər aşırımından yox, ilk dəfə olaraq tuneldən keçdik. Bu da uzunluğuna görə Avropada beşinci tuneldir. Təxminən 12 kilometr uzunluğunda ən böyük tunel. Amma yol boyunca beş tunel artıq var. Ən uzun tuneli də biz bu gün açdıq. Düzdür, hələ yəqin ki, yeddi-səkkiz ay vaxt lazım olacaq ki, onun içərisi də tam düzəlsin. Ondan sonra Kəlbəcərdən Gəncəyə, Göygölə getmək çox rahat olacaq. Yəni, biz Kəlbəcəri ölkəmizin qərb bölgəsi ilə birləşdiririk.
Digər yol, – onu da biz indi inşa edirik, – Ağdərə-Kəlbəcər yoludur. O da Naftalandan gələn yoldur. O yol olub, işğal dövründə işğalçılar istifadə ediblər. Mən o yol ilə də gəlmişəm. O da çox narahat yoldur. Kələ-kötür yoldur. Ona görə biz o yolu da genişləndiririk, düzəldirik.
Üçüncü istiqamət isə Kəlbəcər-Laçın yoludur. Mən o vaxt Göygöldən Kəlbəcərə, Kəlbəcərdən ta Laçına qədər getmişdim. Mən ömrümdə bunun kimi təhlükəli yol görməmişdim və siz də o yolu yəqin ki, xatırlayırsınız. İndi biz o yolu da dördzolaqlı tunellərlə, körpülərlə tamamilə yeni görkəmə salırıq. Laçının Qorçu kəndində beynəlxalq hava limanı da istifadəyə verilib. Biz o yerin seçilməsində də çətinlik çəkirdik. Çünki Kəlbəcərdə və Laçında bir dənə də düz yer tapa bilməmişdik ki, orada uçuş-enmə zolağı inşa edilsin. Bir dənə də düz yer yoxdur. Amma mən istəyirdim ki, aeroport həm Kəlbəcərə, həm Laçın şəhərinə yaxın olsun. Ona görə o yer seçildi. Dedilər ki, burada da bunu etmək mümkün deyil, gərək dağları kəsək. Dedim kəsmək lazımdırsa, kəsək. Əminəm ki, bu aeroport sayəsində bura gələnlər üçün çox gözəl bir turizm mərkəzi olacaq. Yəni, üç istiqamətdən yol, – Gəncə, Laçın, hətta Zəngilandan ta Kəlbəcərə qədər, bir də Naftalan, Ağdərə, Sərsəng, Kəlbəcər, – üç tərəfdən rahat əlaqələndirmə olacaq və əlbəttə ki, bu, bölgənin canlandırılması üçün böyük imkanlar yaradacaq: iş adamları, hotellər, turizm kompleksləri. Yəni, planlarımız çox böyükdür. Mən artıq bəyan etmişdim ki, biz kanat yollarını da çəkməyə başlayırıq. Birincisi, Laçında. Siz Laçın şəhərini də yaxşı tanıyırsınız, Həkəri çayından da Laçının yuxarı məhəlləsinə məsafə böyükdür. Həm də hündürlük fərqi də böyükdür. Laçın şəhərində kanat yolu yəqin ki, gələn il hazır olacaq. İkinci kanat yolu isə Xankəndi-Şuşadır, onun da təməlini qoyduq. Üçüncü kanat yolu da Kəlbəcərdə olacaq. Onun da yerinə baxmışıq. Bura çox gözəl mənzərəli yerlərdir, həm də cənnətdir. Amma buranı cənnət etmək üçün gərək bax, belə gözəl şərait olsun. Bunu da biz edirik. Ona görə bir daha sizi təbrik edirəm. Xoşbəxt yaşayın, cansağlığı arzulayıram. Sağ olun.
x x x
Sonra açarların təqdim edilməsi mərasimi oldu.
x x x
Sakin Hikmət Şahmuradov: Çox sağ olun, cənab Prezident, təşəkkür edirəm, minnətdaram. İcazənizlə, cənab Prezident, Sizə öz təşəkkürümü, minnətdarlığımı bildirirəm. Sizin çıxışlarınıza hər zaman diqqətlə qulaq asmışıq. Sizi fəxarətlə izləyirik, cənab Prezident. Mən Sizi sülhün, xoşbəxtliyin banisi kimi tanıyıram. Mən ümidvaram ki, Sizin bu missiyanız dünyada öz sözünü deyəcək və bəşəriyyət Sizdən örnək götürərək sülhü bərqərar edəcək. Dünyamız da, Azərbaycanımız da xoşbəxt, əmin-amanlıq şəraitində yaşayacaq.
Sakin Fənarə Sadıqova: Allah Sizi və sevdiklərinizi qorusun. Tunel üçün də xüsusi təşəkkürümü bildirirəm, var olasınız.
Prezident İlham Əliyev: İndi Gəncəyə buradan, Kəlbəcərdən yəqin ki, 1 saat yarıma gedəcəksiniz. Bir məsələni də demək istəyirəm. Bu gün tunelin açılışını edəndə bir göstəriş də verdim. İndi onun üzərində işləyəcəklər ki, Toğanalıdan ta Gəncəyə qədər də baxsınlar, biz o yolu da qısaldaq, çünki o yol da bir az narahatdır. Orada da bəlkə bir yox, bir neçə tunel inşa ediləcək. O olarsa, onda Gəncədən Kəlbəcərə rahat 1 saat, 1 saat 10 dəqiqəyə gəlmək mümkün olacaq.
Sakin Fənarə Sadıqova: Necə deyək, Siz çox namümkünü mümkün etdiniz. Var olun!
Mehriban xanım, istəyərdim Sizi qucaqlayım. Biz Sizi sevirik, Allah balalarınızı qorusun, Allah Sizə uzun ömür versin, var olun, biz Sizi çox sevirik.
x x x
Sonra birgə foto çəkdirildi.
x x x
Sakin: Qoy hər zaman Azərbaycan bizi uğurları ilə sevindirsin. Bütün əmin-amanlıq, xoşbəxtlik həmişə xalqımızla olsun.
Prezident İlham Əliyev: Köçkünlük dövrü bitdi. İndi burada yerləşirsiniz. O biri yaşayış kompleksləri də tikiləcək. Bura gözəl bir şəhər olacaq.
Sakin: Sizin rəhbərliyinizlə. İnşallah. Allah Sizi var eləsin.
Prezident İlham Əliyev: Sovet vaxtında buranın əhalisi nə qədər idi?
Sakin: Şəhərin əhalisi 7-8 min nəfər idi.
Prezident İlham Əliyev: 7-8 min. İndi bu dörd yaşayış kompleksində 10 min nəfər yaşayacaq.
Sakinlər: İnşallah.
Prezident İlham Əliyev: Yəni, ovaxtkından daha çox. Amma gələcəkdə əlbəttə ki, daha çox. Sən işğal dövründə harada yaşamısan? Bakıda?
Sakin: Bəli.
Prezident İlham Əliyev: İstisu indi məşhurlaşır. Prezidentlərə göndərirəm. Amerikaya da aparmışam özümlə.
Qadın sakin: Mən Sizə təşəkkürümü bildirirəm. Atam 1993-cü ildə şəhid olub.
Prezident İlham Əliyev: Allah rəhmət eləsin.
Qadın sakin: Bu gün Sizinlə, ailə üzvlərinizlə, dövlətimizlə fəxr edirəm. Ona görə ki, atamın şəhid olduğu bu torpağa mən bu gün Sizin sayənizdə ayaq basa bilmişəm, gələ bilmişəm. Sizə minnətdarlığımı bildirirəm. Bütün xalqımız Sizinlə qürur duyur. Hər zaman var olasınız.
Prezident İlham Əliyev: Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qanı yerdə qalmayıb.
Qadın sakin: Qalmayıb, bəli, çox şükür.
Prezident İlham Əliyev: Onların qanını yerdə qoymadıq. Həm Birinci, həm İkinci Qarabağ müharibələrinin şəhidlərinin qisasını biz döyüş meydanında aldıq. Bu, bütün şəhid övladları üçün bir təsəllidir.
Qadın sakin: Bu gün biz qürur hissi ilə buradayıq, torpağımızdayıq. Sizin sayənizdə. Minnətdarıq Sizə.
Mehriban xanım Əliyeva: Siz də gəlin, bu tərəfdə dayanın.
Qadın sakin: Yanınıza keçmək olar?
Prezident İlham Əliyev: Bəli. İşğal dövründə harada yaşamısan?
Qadın sakin: Mən Göygöldə.
Prezident İlham Əliyev: Göygöldə?
Qadın sakin: Bəli. Arzu edirəm verdiyiniz bu açarlar xeyirli qapılar açsın, İnşallah.
Prezident İlham Əliyev: Bəli. Gəlin. Burada iş yerləri ilə bağlı da tədbirlər görülür. Burada həm yaşayış, həm iş yerləri olmalıdır.
Qadın sakin: İnşallah.
Prezident İlham Əliyev: Burada gözəl məktəb tikilir.
Qadın sakin: Bəli, Allah Sizi var eləsin.
Sakinlər: İnşallah, İnşallah, əsl vətənpərvərlər yetişsin.
Qadın sakin: Bu oğlan ikinci sinifdə oxuyurdu. İndi bu gün gözəl İstisuyumuzun laboratoriyasında işləyir.
Prezident İlham Əliyev: İndi orada işləyir?
Sakin: Bəli, orada işləyir. Mən yerimizlə, yurdumuzla, xalqımızla fəxr edirəm.
Prezident İlham Əliyev: İstisuyu da biz bərpa etdik, birinci layihələrdən biri idi. Özü də biləsiniz, sovet vaxtındakı İstisu ilə indikinin arasında böyük fərq var.
Sakinlər: Bəli.
Prezident İlham Əliyev: İndi laboratoriyadan keçirmişik, xarici mütəxəssislər baxıblar. Onun tərkibində bəzi maddələr var ki, standartlara uyğun deyildi, tam təmizləndi, indi dünyanın ən yaxşı suyu oldu.
Qadın sakin: Bəli, təmizləmədə iştirak edirəm.
Prezident İlham Əliyev: Siz də orada işləyirsiniz?
Qadın sakin: Bəli. Cənab Prezident, Sizinlə şəkil çəkdirmək olar?
Prezident İlham Əliyev: Bəli, gəlin.
Kişi sakin: Çox sağ olun.
Prezident İlham Əliyev: Sağ olun. Anandır?
Qadın sakin: Buraya gəlmişik, Allah qoysa, burada çalışacağıq.
Prezident İlham Əliyev: Məsələn, neçə dəqiqəyə gedirsən?
Qadın sakin: 15 dəqiqəyə çatıram.
Prezident İlham Əliyev: 15 dəqiqəyə. Gələn il hotel də istifadəyə veriləcək. Orada da yüzlərlə iş yeri olacaq.
Qadın sakin: Allah qismət eləsin.
Prezident İlham Əliyev: “İstisu” sanatoriyasını da dağıdıblar, görmüsünüz? Bilmirəm, getmisiniz ya yox. Amma indi necə gözəl tikilib, görmüsünüz?
Kişi sakin: Çox gözəldir.
Prezident İlham Əliyev: Gəlin, hamımız birlikdə şəkil çəkdirək.
Kişi sakin: Çox sağ olun, cənab Prezident. Allah Sizə ömür versin. Allah Sizi var eləsin.
Qadın sakin: Qızım gəlir, gəlsin onunla da çəkdirək?
Mehriban xanım Əliyeva: Gəlsin, əlbəttə. Balacanı da gətirib. Üçaylıq körpəsi ilə gəlib.
Qadın sakin: Birinci dəfədir Kəlbəcərə ayaq basır.
Prezident İlham Əliyev: Bəli, nə gözəl.
Mehriban xanım Əliyeva: Üç ayı oldu. Bu, Əli balamızdır?
Qadın sakin: Bəli.
Mehriban xanım Əliyeva: Əliş, gedək, görək.
Qadın sakin: Çox sağ olun, Allah sizlərə cansağlığı versin. Mehin, gəl də, istəmirdin Mehriban xanımla şəkil çəkdirmək?
Qadın sakin: Gəlirəm.
Mehriban xanım Əliyeva: Gör kimi gətirirəm? Əli balamızı.
Prezident İlham Əliyev: Gəl balaca, bir yerdə şəkil çəkdirək. Anası hansıdır?
Mehriban xanım Əliyeva: Nənə də gəlsin.
Prezident İlham Əliyev: Nənəsi haradadır?
Mehriban xanım Əliyeva: Nənə də buradadır.
Qadın sakin: Allah sizlərə cansağlığı versin.
Prezident İlham Əliyev: Adı Əlidir?
Sakin: Bəli, Əlidir.
Qadın sakin: Allah saxlasın.
Mehriban xanım Əliyeva: Allah saxlasın, böyük oğlan olsun.
Qadın sakin: Allah hamınıza cansağlığı versin.
Digər qadın sakin: Çox sağ olun, minnətdaram Sizə.
Qadın sakin: Bizim də Mehriban xanımla şəklimizi çək.
Kişi sakin: Müharibə qurtaran vaxt mən bir şeir yazmışdım. Onun axırıncı kupletini deyim.
Adaşımdır Baş Komandan,
Saxlasın Ulu Yaradan,
Bu əsgərdən, bu ordudan,
İlham, tərif yaz dəftərə,
Bəyan olsun nəsillərə,
Əhsəndir bu hünərə,
Gəlin gedək Kəlbəcərə.
Prezident İlham Əliyev: Çox sağ olun.
Qadın sakin: Kitabı da gətirmişik, Sizə təqdim etməyə.
Prezident İlham Əliyev: Sağ olun.
Qadın sakin: Həmişə bayraqların uca olsun, heç vaxt enməsin.
Prezident İlham Əliyev: Enməyəcək İnşallah. Ancaq biz qabağa gedəcəyik. Burada şəraitiniz necədir? Yaxşıdır?
Qadın sakin: Bəli, çox sağ olun.
Prezident İlham Əliyev: Bəli, mən də baxdım, çox gözəldir. Geniş otaqlardır, qaz da var. Sovet vaxtında burada qaz olmayıb.
Qadın sakin: Yox, olmayıb, məcburən meşələri qırırdıq.
Prezident İlham Əliyev: Bəli, meşələri qırırdılar. Buraya qaz çəkmək asan məsələ deyildi.
Qadın sakin: Çox çətindir.
Kişi sakin: Dağları yarıb gətirmək çox çətindir.
Qadın sakin: Görürük, neçə yerdə quruculuq işləri görürsünüz. Allah Sizə ömür versin.
Prezident İlham Əliyev: Olmalıdır, siz neçə il əziyyət içində yaşamısınız. Həm fiziki əziyyət, həm mənəvi əzablar çəkmisiniz.
Qadın sakin: Bəli, mənəvi əzablar çox çəkmişik.
Prezident İlham Əliyev: Çətin, çadır şəhərciyi. Öz yerindən didərgin düşmək çox ağır taledir. Özü də bir il yox, on il yox, otuz il.
Kişi sakin: 32 il.
Prezident İlham Əliyev: Bəli, 1993-cü ilin aprelindən çıxmısınızsa 32 il. Ona görə, sizin üçün ən gözəl şərait yaradılmalıdır. Bu da İsveçrə layihəsidir. İsveçrədəki şəhərlərə tam uyğundur. Bəli, həm memarlıq, həm də daxildəki dizayn baxımından. Bilirsiniz, İsveçrə dünyada insanın həyat keyfiyyətinə görə birinci yerdədir. Ona görə, biz Kəlbəcər üçün bunu seçmişik.
Kişi sakin: Bu havaya, bu iqlimə yaraşandır elə.
Prezident İlham Əliyev: Bəli. Necə də gözəldir, o tərəf, bu tərəf gözəl binalardır. Cansağlığı ilə yaşayın.
Kişi sakin: Çox sağ olun, cənab Prezident.
Prezident İlham Əliyev: Sağlığınıza qismət.
Kişi sakin: Allah Sizi var eləsin.
Qadın sakin: Təşəkkür edirik. Allah Sizi qorusun.