backend

İlham Əliyev: “Kasıbçılıq, səfalət idi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“25 il müstəqil dövlət kimi yaşayan Azərbaycan bu gün ayaqda möhkəm dayanır”. 

“25 il müstəqil dövlət kimi yaşayan Azərbaycan bu gün ayaqda möhkəm dayanır”.

Bunu Azərbaycan Prezident İlham Əliyev aprelin 26-da SOCAR-ın Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış olarkən neftçilərlər söhbətində deyib.

 

Dövlət başçısı qeyd edib: “Biz gərək bunu dünyada yaxşı təbliğ edək. Çünki mən dəfələrlə demişəm ki, sənaye üsulu ilə ilk neft Azərbaycanda çıxarılıb, ancaq onun yeri dəqiq bilinmirdi. Ona görə mən tapşırıq verdim ki, o yer müəyyən olunsun. Əlbəttə ki, biz bilirdik bu, Bibiheybət ərazisində olubdur, ancaq indi onun yeri də dəqiqləşdi və gözəl bir abidə yaradıldı. Hesab edirəm ki, bu, həm neftçilər, həm də ölkəmizə gələn turistlər üçün çox gözəl hadisədir”.

 

İlham Əliyev bildirib ki, neftin vətəni Azərbaycandır, neft sənayesi, bax, buradan başlanıb: “Bu gün – artıq 200 ilə yaxın vaxt keçəndən sonra da Azərbaycan dünyada neft ölkəsi, qaz ölkəsi kimi öz sözünü deyir. Bu gün bizim neftimiz xalqımıza məxsusdur. O vaxt biz çar Rusiyasının tərkibində idik və buradan çıxarılan təbii ehtiyatlar xalqımızın güzəranına o qədər də təsir etmirdi. Kasıbçılıq, səfalət idi. Azərbaycan xalqı böyük bir sərvətin sahibi idi, ancaq özü bu sərvətdən istifadə edə bilmirdi. Sovet dövründə də Azərbaycan neft respublikası kimi özünü göstərmişdir. İkinci Dünya müharibəsi dövründə Azərbaycan neftçilərinin əməyi olmasaydı, müharibənin nəticələri tam başqa cür ola bilərdi. Azərbaycan neftçiləri faşizm üzərində Qələbədə həlledici rol oynayıblar. Biz bu il 2 milyard ton neftin hasil olunmasını qeyd edəcəyik. Təsəvvür edin, əgər Azərbaycan müstəqil ölkə olsaydı, indi dünyanın ən zəngin ölkələrindən biri olacaqdı”.

 

Prezident vurğulayıb ki, bu gün isə bizim neftimiz xalqımıza xidmət edir, dövlətimizi gücləndirir:

 

“Bax, bütün bu ərazi hələ də neft buruqları ilə doludur və birinci quyu da burada qazılmışdır. Bu ərazinin fotoşəkilləri, videogörüntüləri var. Onlar yaxın tarixin görüntüləridir. Bura ekoloji fəlakət zonası idi. Hər tərəfdə neft gölməçələri, köhnə buruqlar var idi, ərazi neftlə çirklənmişdi. İndi bu ərazi şəhərimizin ən abad yerlərindən birinə çevrilibdir. Yəni, biz neftdən gələn gəliri ölkəmizin inkişafına yönəltdik, insan kapitalına, infrastruktur layihələrinə qoyduq və bu gün neft Azərbaycan xalqının inkişafını təmin edir. Bax, müstəqillik budur və 25 il müstəqil dövlət kimi yaşayan Azərbaycan bu gün ayaqda möhkəm dayanır. Neft bizim təbii sərvətimizdir, xalqımızın böyük sərvətidir, biz də ondan istifadə edib ölkəmizi inkişaf etdiririk. Əlbəttə, neftçilərin də burada əməyi xüsusi qiymətə layiqdir. Mən həmişə neftçilərin əməyini, onların cəsarətini qiymətləndirirəm. Onlar ağır şəraitdə çalışırlar, ölkəmizin inkişafı üçün işləyirlər. Çalışırlar ki, öz əməyi ilə ölkəmizi gücləndirsinlər”.

 

Azərbaycan Prezidenti bildirib ki, bugünkü hadisə də tarixi hadisədir:

 

“Biz artıq o tarixi həqiqəti, bax, burada əyani şəkildə bütün dünyaya nümayiş etdiririk. Əminəm ki, şəhərimizə gələn bütün qonaqlar çox böyük maraqla buraya gəlib, bax, bu buruğun önündə şəkil çəkdirəcəklər”.