İlham Əliyev Çavuşoğlu ilə görüşdü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib. TİA.AZ xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.

Prezident İlham Əliyev bu gün Bakıda keçiriləcək Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin görüşünün önəmini qeyd edərək, bu tədbirdə əməkdaşlıqla bağlı məsələlərin müzakirə olunacağına, üçtərəfli əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün müvafiq qərarların qəbul ediləcəyinə əminliyini bildirib. Prezident İlham Əliyev Dünya Neft Konqresinin 22-ci İstanbul toplantısının bu təşkilatın nüfuzunun artmasında mühüm rol oynadığını deyib və tədbir çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünü məmnunluqla xatırladıb. Dövlət başçısı qeyd edib ki, Türkiyə xarici işlər nazirinin ölkəmizə səfəri bir daha ikitərəfli münasibətlərimizə dair məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradır. Prezident İlham Əliyev Azərbaycan-Türkiyə əlaqələrinin günü-gündən daha da gücləndiyini və bütün istiqamətlər üzrə yaxşı nəticələrin olduğunu vurğulayıb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilk növbədə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. O qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevin İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində iştirakından dərin məmnunluq hissi keçirib. Mövlud Çavuşoğlu Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd hadisələri ilə bağlı Azərbaycanda keçirilən tədbirlərin ölkəsində böyük razılıq hissi ilə qarşılandığını vurğulayıb. Türkiyənin xarici işlər naziri bu yaxınlarda Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində təmas xəttində Azərbaycanın mülki şəxslərinin həlak olması ilə bağlı Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verib. Mövlud Çavuşoğlu bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar Türkiyə xalqı tərəfindən böyük sevinclə qarşılanır. Mövlud Çavuşoğlu Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirləri arasında bu gün keçiriləcək görüşə toxunaraq, bu tədbirin regional əməkdaşlıq və ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi baxımından önəmini qeyd edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.