Təhsil eksperti İlham Əhmədov Azərbaycan universitetlərinin inkişaf etməməsinin səbəblərini açıqlayıb.
Tribunainfo.az xəbər verir ki, ekspertin sözlərinə görə, son 30 ildə universitetlərin elm, təhsil və innovasiya yönümlü layihələri olmadığından və mövcud təşəbbüslərin də ictimai əsaslarla həyata keçirildiyindən bu sahədə ciddi irəliləyiş müşahidə olunmayıb.
“Beynəlxalq təcrübədə universitetlərin icra etdiyi hər bir layihənin konkret büdcəsi olur, bu büdcə əsasında maliyyələşir və icra edilir. Orta səviyyəli universitetlər ildə yüzlərlə elm və təhsil yönümlü layihə həyata keçirirlər. Bu proseslər əsasən investisiya proqramları ilə maliyyələşir”, – deyə İlham Əhmədov bildirib.
Ekspert vurğulayıb ki, universitetlərin inkişafı məhz layihələr və investisiyalar hesabına mümkündür:
“Universitetlər yalnız tədris müəssisəsi deyil, həm də elmi-tədqiqat, innovasiya və cəmiyyətin inkişaf mərkəzidir. Keyfiyyətli təhsil üçün universitetlərə resurs və maliyyə dəstəyi vacibdir. Bu dəstəyin əsas mənbəyi isə investisiyalardır”.
İlham Əhmədov misal olaraq Gürcüstandakı Kutaisi Beynəlxalq Universitetini (KBU-KİU) göstərib. Onun sözlərinə görə, bu universitetin yaradılmasına əvvəlcə 1 milyard avro, sonrakı illərdə isə əlavə olaraq 2 milyard avro investisiya qoyulub. Nəticədə, cəmi 5 ildə universitet regionun lider təhsil ocaqlarından birinə çevrilib.
“5 il əvvəl yaradılmış KBU-KİU bu illərdə bizim universitetlərin on illər ərzində qət edə bilmədiyi yolu keçib. 100 illik tarixə malik təhsil müəssisələrimizin bu nümunə ilə müqayisəsi olduqca düşündürücüdür”, – deyə ekspert əlavə edib.
“5 il əvvəl yaradılmış KBU-KİU bu illərdə bizim universitetlərin on illər ərzində qət edə bilmədiyi yolu keçib. 100 illik tarixə malik təhsil müəssisələrimizin bu nümunə ilə müqayisəsi olduqca düşündürücüdür”, – deyə ekspert əlavə edib.
Dəniz Pənahova