backend

İLDIRIM TANRISI ZEVS KİM OLMUŞDUR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Allah-Təala Həzrəti İbrahimə və ondan törəyəcək nəsillərə Misirdən Fərat çayı arasına qədər olan geniş, bərəkətli torpaqları  vəd etmişdi, amma onun övladı yox  idi.   

Allah-Təala Həzrəti İbrahimə və ondan törəyəcək nəsillərə Misirdən Fərat çayı arasına qədər olan geniş, bərəkətli torpaqları vəd etmişdi, amma onun övladı yox idi.

Buna görə də Sara xanımın təkidi ilə Həzrət İbrahim kənizi Həcərlə evlənir və ondan İsmayıl adlı bir uşağı dünyaya gəlir. Bu zaman Həzrət İbrahimin 86 yaşı vardı.

Həmin bu zamanlarda Elam padşahı Kedor Laomer itaət altına aldığı bir neçə hökmdarla Dəclə-Fərat çayları arasından qərbə, İordan çöllüklərinə hücum edərək Lutun yaşadığı Sodom şəhərinə qədər gəlir, şəhəri alır, çox sayda əsir, var-dövlət yığaraq geri qayıdır. Həzrəti İbrahim bu xəbəri alan kimi öz 318 nökər-qulluqçusunu toplayıb onların ardınca gedir və savaşaraq Lut ailəsini və var-dövlətini geri qaytarır. Həzrəti İbrahim bu savaşla da şöhrətlənir. Şalem (indiki Yerusəlim) şəhərinin hakimi ona xeyir-dua verir.

Elam dövləti İndiki İranın cənub-qərbində, Fars körfəzinin şimalında, şumer torpaqlarının qonşuluğunda qüdrətli dövlət idi. Əhalisi Orta Asiyadan gəlmə Yafətoğulları idi, yəni şumer türkləri ilə bir kökdən idilər, elə şumer əlifbasıyla şumer dilində də yazırlarmış. Elamın ərazisinin üçdə iki hissəsi yüksək dağlıq yerlərdən ibarət idi deyə, minilliklər boyunca alınmaz qala kimi varlığını sürdürə bilmişdi. Elamlılar şumerlərlə davamlı müharibələr edirdilər, müxtəlif zamanlarda şumerlərin bir çox şəhərlərini dağıtmış, ərazilərinin xeyli hissələrini ələ keçirmişdilər.Yalnız eradan əvvəl 640-cı ildə Assuriya padşahı Elamın varlığına son qoymuşdu. Belə qüdrətli dövlətin ordusunu cəmisi 318 nökər-qulluqçudan ibarət dəstə ilə məğlub etmək biraz qəribə görünür təbii ki, amma ola bilsin bu dəstə qoşunun geridə qalmış bir bölüyünə hücum etmişdi, Lut da ailəsi ilə o bölüyün nəzarətində əsir kimi aparılırmış.

Lut ailəsinin yaşadığı Sodom şəhərinin ətrafında daha 4 şəhər vardı: Homorra, Siqor, Adam və Sevoim. Bir müddət əvvəl Elam padşahı Kedor Laomer o şəhərləri itaət altına almışdı, amma Lut ailəsi ilə Sodomda yaşadığı ərəfələrdə o şəhərlərdə Elam hakimiyyətinə qarşı üsyan qalxmışdı. Elam padşahı da o şəhərlərə cəza vermək üçün yürüşə çıxmışdı.

İndi isə tam diqqətlə oxuyun.

Bu hadisənin üstündən 13 il keçir. Həcər xanımdan olan oğulun artıq 13 yaşı var. Həzrəti İbrahim 99 yaşındadı, Sara xanım 89 yaşında. Bir gün Allah-Təala Həzrəti İbrahimə deyir ki, vəd etdiyim torpaqları İsmayıldan törəyəcək nəsillər üçün nəzərdə tutmamışam, mən sənə bir oğul verəcəyəm, məhz ondan törəyəcək insanlar bütün Yer üzünü bürüyəcəklər, Misirdən Fərat çayına qədər olan torpaqlar məhz onların əbədi torpaqları olacaq, göydəki ulduzların sayı qədər çox olacaq ondan törəyəcək insanlar. O insanların nişanəsi sünnət olmalıdır. Hər bir oğlan uşağı doğulduqdan sonra səkkizinci gündə sünnət edilməlidir. Həzrəti İbrahim Ona yalvarır ki, bu qoca yaşlarında oğula sahiblənmələri üçün mümkünsə bir əlamət göstərsin. Onda Allah-Təala əmr edir üçillik keçi, üçillik qoç, bir də göyərçin gətirib kəssin, ətləri iki hissəyə ayırsın: Həzrəti İbrahim onları gətirib kəsir, iki hissəyə ayırır və çadırın qabağına qoyur, özü isə çöl heyvanları qurbanlıq ətləri dağıtmasınlar deyə bütün gecə onların yanında keşik çəkir. Səhərə yaxın birdən hər tərəfi qatı duman və zülmət bürüyür, ardınca da iki hissəyə ayrılmış ətlərin arasında sobanın alovu kimi gur bir alov və tüstü peyda olur.

Əlbəttə, heç bir yerdəncə alov və tüstünün peyda olması ilahi əlamətdir, amma burada nə məna vardır? İki hissəyə ayrılıb qoyulmuş ətlərin arasından alov və tüstü keçdi, vəssalam? Nə olsun? Məna bəlli deyil. Tövratda bu haqda heç nə yoxdur. Əgər məsələ heçdən alov və tüstünün peyda olmasındadırsa üçillik keçinin, üçillik qoçun, göyərçinin məsələyə nə dəxli var? Bunlar olmadan da alov və tüstü heç bir yerdəncə peyda ola bilməzdimi?

Nə qədər qəribə olsa da deməliyəm ki, yalnız Prometey əfsanəsində bu hadisənin mənasını tapmaq olar. Fikir verin: Prometey Zevsi aldatmaq üçün qurbanlıq heyvanın ətini bir kisəyə, yağını və sür-sümüyünü isə digər kisəyə qoyur, Zevsin payına sür-sümük olan kisə düşür. Həəə, artıq məsələ aydındır. Demək, Allah-Təala Həzrəti İnrahimə əmr edibmiş ki, üçillik keçinin, qoçun və göyərçinin ətlərini bir kisəyə, yeyilməyən hissələrini də başqa kisəyə qoy. Dan yeri sökülənə yaxın ilahi alov qurbanlıqların yeyilməyən hissələri qoyulmuş kisəni yandırır. Yəni Allah-Təala Özü qurbanlığın o hissəsini qəbul edir ki, o zamandan etibarən insanlara qurbanlığın əti qalsın, ətin hamısını yandırıb boşuna tələf etməsinlər, yetim-yesirə, kasıb-kusuba paylasınlar.
Bu hadisədən minilliklər sonra Balkanlara doluşan yəhidilərin cahillərinin yaddaşlarında hadisənin özü qalmışsa da, qurbanlığın iki hissəyə ayrılmasında öz xislətlərindəki kimi hiyləgərlik görmüşlər: guya kainatı idarə edən hesab etdikləri Zevs ikicə kisə ilə axmaqcasına aldadılıbmış.

Amma qəribədir, heç bir əsasları olmasa belə şey düşünərdilərmi? Görəsən bunda hiyləgərlik görməyə onları nə vadar etmişdi? Məlumdur ki, Zevs buna görə Prometeyə çox qəzəblənibmiş, məhz buna görə onu Qafqaz dağlarında zəncirlədibmiş.

İbrahim peyğəmbər dağda zəncirlənibmi? Xeyr. Şumerlərin Ur şəhərində yaşadığı zamanlarda insanları təkallahlılığa dəvət etdiyinə görə əl-qolu bağlanıb tonqala atılmışdı. Vəssalam. Bir də axı onun şumerləri tərk etməsindən artıq 25 il keçirdi.

Zevs qəzəblənmiş olsaydı mütləq ildırımlar, şimşəklər göndərməliydi, göylərdən od-alov yağdırmalıydı. İki hissəyə ayrılmış qurbanlıq hadisəsindən sonra belə bir fəlakət gəldimi göylərdən?

Qəribədir. Əlbəttə ki gəldi. Həm də göylərdən elə dəhşətli, elə acımasız bir fəlakət gəldi ki, o zərbənin sarsıntısı uzun zaman yalnız o civarda yaşayanları deyil, bütün bəşəriyyəti qorxu içində saxladı. İndiki İordaniyadakı dünyanın ən duzlu dənizi olan Ölü Dəniz o zaman hələ mövcud deyildi, onun yerində birisində Lutun öz ailəsi ilə yaşadığı bayaq qeyd etdiyim 5 böyük şəhər vardı. Göylərdən yağan od və kükürd yağışı, bişmiş gil parçaları Siqoradan başqa dörd şəhəri bir gecənin içindəcə yerlə-yeksan etmişdi. O dörd şəhərin yerində səhərə yaxın böyük duzlu bir göl yaranmışdı. Adına Ölü Dəniz deyilmiş, tarixdə də bu adla qalmışdı. Əlbəttə, çox duzlu suda həyat olmaz, ”ölü” sözü buradandır deyə bilərlər. Amma o gölün yarandığı zamanların insanları o suların altında dörd böyük şəhərin qocalı-cavanlı, qadınlı-kişili əhalisinin bircə gecənin içində diri-diri gömüldüyünü gözəl bilirdilər, ona görə də ”Ölü dəniz” yerinə “Ölülər dənizi” daha uyğun gəlir adına.

O zaman adamlar, təbii ki, bu dəhşətli hadisənin səbəbini araşdırmaq istəmişlər. Çox sonralar Balkanlarda “Prometey” əfsanəsinin yaranması bunu sübut edir ki, fəlakət dövrünün adamları o dəhşəti heç də təbii hadisə saymamışdılar. Əlbəttə, əfsanədə çoxallahlıq təbliğ edildiyinə görə bu şübhəsizdir ki, əfsanəni cahillər yaratmış və minilliklər boyunca ağızdan-ağıza ötürərək Balkan yarımadasına aparmışlar; məhz cahil olduqlarına görə də o böyük fəlakətdən bir neçə gün əvvəl Həzrəti İbrahimin qurbanlıq əti iki hissəyə ayırmasında böyük hiyləgərlik görmüşlər. Bir halda ki Prometey Zevsi aldatmışdır, demək, Zevs qəzəblənməlidir. Zevs isə qəzəbləndiyi zaman, təbii ki, şimşəklər çaxdırar, göylərdən od yağdırar.

Əslində isə əhvalat belə olub. ”İki hissəyə bölünmüş ət” hadisəsindən bir neçə gün sonraymış. Çox isti bir gün imiş, Həzrəti İbrahim çadırının qabağında bir ağacın kölgəsində oturub dincəlirmiş. Bir də görür üç kişi ona tərəf gəlir. Geyimlərindən heç çöl adamlarına, ümumiyyətlə, o yerlərin və o zamanın adamlarına bənzəmirlərmiş. Həzrəti İbrahim çox qonaq-qaralı insan olubmuş, qonaqsız süfrəyə oturduğu günü ömründən saymazmış. Üst-başlarından onları qəribə varlıqlara oxşatsa da, salamlaşıb süfrəsinə dəvət edir, yemək-içmək gətirir. Qonaqlar yeməyə əl uzatmadıqlarında Həzrəti İbrahim təlaş keçirir. Onda qonaqlar Allah-Təalanın mələkləri olduqlarını bildirirlər. Bir ildən sonra Sara xanımın oğul doğacağı müjdəsini verirlər. Sara xanımın o zaman 89 yaşı varmış, deyilənlərə inanmayaraq gülür ki, “bu qoca yaşımda uşaqmı doğacağam?” Mələklər deyirlər bu, Allah-Təala üçün çox-çox asan bir işdir. Sonra mələklər gəlişlərinin əsl məqsədini bildirirlər, deyirlər ki, Sodom və Homorra şəhərlərinin adamları lap hədlərini aşıblar, orada əxlaqsızlıq, zalımlıq baş alıb gedir, kişilər qadınları buraxıb kişilərlə yatıb qalxırlar, biz ora getməliyik, çünki oradakıların əcəli çatıb artıq, şəhərin altını üstünə çevirəcəyik. Həzrəti İbrahim nə qədər yalvarırsa ki, belə iş etməsinlər, ara yerdə günahsızlar da qırılacaq, mələklər deyirlər bu bizlik deyil, Allah-Təalanın əmridir. Hansı adamın başına hansı bişmiş gil parçasının düşəcəyinə qədər bu məsələ artıq göylərdə həll olunmuşdur.

Və mələklər onun yanından ayrılıb Sodom şəhərinə gəlirlər. Həzrəti İbrahim bu şəhərdə qardaşı oğlunun yaşadığını onlara demişdi, onlar da bildirmişdilər ki, Allah-Təala sənin xatirinə ona toxunmayacaq. Lut şəhər qapısının qabağında oturduğundan üç yadelli kişini ilk görənlərdən olur, onları evinə qonaq dəvət edir. Elə yenicə Lut və qonaqlar evdə süfrə başında əyləşirlər ki, şəhərin az qala bütün kişiləri Lutun evinin qarşısına yığılırlar. Lut bayıra çıxır görsün nə xəbərdi, camaat deyir səninlə gələn üç yaraşıqlı kişini bizə ver, onlarla əylənək. Lut nə qədər yalvar-yaxar edirsə ki, onlar mənim qonaqlarımdı, belə şey etməyin, Allaha xoş getməz, camaat daha da qızışır ki, xoşluqla onları bizə verməsən qapını sındırıb zorla içəri girəcəyik. Onda Lut içəri girir. Qonaqlar yalnız bu zaman mələk olduqlarını, bu şəhərə cəza verməyə gəldiklərini söyləyirlər və deyirlər ki, heç narahat olma, onlar nə bizə nə də sənin ailənə heç bir zərər verə bilməzlər. Sonra elə edirlər ki, camaatın gözü tutulur və sakitcə onların aralarından keçib şəhərdən kənara çıxırlar. Mələklər Luta deyirlər ailəni də götür təcili uzaqlaş bu şəhərdən, o yaxındakı dağa qalx, birazdan dağıdacağıq bu şəhərlərii, izi-tozu da qalmayacaq. Lut deyir Allahı sevərsiniz, mən ailəmlə o dağa necə dırmana bilərəm, izin veriniz o aralıdakı Siqor şəhərinə gedib yerləşim müvəqqəti. Mələklər deyirlər get, amma bil ki biz 5 şəhəri dağıtmaq əmri almışıq, nə qədər ki, sən oradasan o şəhərə sənin xatirinə toxunmayacağıq, amma gedərkən heç biriniz dönüb arxanıza baxmayınız, yoxsa məhv olacaqsınız.

Bəli, gecənin qaranlığında Lut arvadı və iki qızı ilə Siqor şəhərinə tərəf qaçırlar. Şəhərə yaxınlaşaşanda Sodom, Homorra, Adam və Sevoim şəhərlərinin faciəsi başlayır. Göy üzündə ildırımlar şaqqıldayır, buludlardan alov və kükürd seli axır, bişmiş irili-xırdalı gil parçaları havada oynaşır. O dörd şəhərdə daş daş üstdə qalmır, bütün əhali torpağın altına gömülür. Lutun arvadı marağına güc gələ bilmir, mələklərin qadağanına baxmayaraq dönüb arxalarındakı nərilti-gurultuya baxır, amma həmin andaca yerindəcə quruyub məhv olur.

Göründüyü kimi, bu böyük faciənin səbəbkarı qətiyyən “ikiyə bölünmüş ət” məsələsi deyildi, o şəhərlərin əhalisinin əxlaqsızlığı idi. Ümumiyyətlə, ”ət” məsələsində heç bir hiyləgərlik olmamışdı, Allah-Təala nə əmr etmişdisə İbrahim peyğəmbər onu yerinə yetirmişdi. Amma cahillər Həzrəti İbrahimin təkallahlılıq təlimindən uzaq idilər deyə bu faciəni Elam padşahı Kider Laomarın törətdiyini güman etmişdilər. Çünki yuxarıda qeyd etmişdim ki, bu şəhərlər onun nəzarəti altında idi və bundan 13 il əvvəl onun hakimiyyətinə qarşı çıxmaq istədiklərinə görə cəzalandırılmışdılar. Gələcəkdə Zevs haqqındakı əfsanələrin xəmirinin mayası bax bu hadisələr olmuşdu: sonrakı nəsillər fantaziyalarını bir xeyli işə salaraq belə qət etmişdilər ki, əgər o böyük faciəni həqiqətən də Elam padşahı törətmişdisə, demək göylər də onun ixtiyarındadır ki, göylərdən yerə, qəzəbləndiyi insanların üstünə ildırımlar yağdırır.

Atəşpərəstlər, oda sitayiş edənlər diyarının hökmdarı Kedor Laomer… Od hökmdarı… Böyük Od padşahı… Minillər sonra Prometeyə Prometeus, Atlanta Atlantus, Urana Uranus deyən yunanlar “Böyük Od”a da “Odus Pater” demişlər. Zamanca “Odus” sözü Duus, Duaus, Diy, Dive, Deus və nəhayət “D” hərfi “Z” hərfi ilə əvəzlənərək Zeus, Zevs şəklinə düşmüşdür. Və qədim yunan mütəfəkkirləri öz əsərlərində bu əfsanələri qibtə ediləcək bacarıqla elə bəzəyib süsləmişlər ki, sonunda yunanlar arasında “ ildırım tanrısı Zevs “ kultu yaranmışdır. O padşahın hökmranlıq etdiyi Elam isə “Olimp”ə çevrilmişdir. Guya Zevsin məskəni Olimp dağlarının başı imiş, oradan dünyanı idarə edirmiş. Niyə dağların başında imiş? Çünki yuxarıda qeyd etmişdim ki, Elamın ərazisinin üçdə ikisi yüksək dağlıq yerlər idi. Yunanıstandakı hazırkı Olimp zirvələri isə eradan əvvəl birinci minillikdə , yəni o faciələrdən 2500 ildən də çox vaxt keçəndən sonra yunanların, sadəcə olaraq, Zevsin şərəfinə adlandırdıqları zirvələrdir və nəinki Zevs haqqındakı əfsanələrin. Ümumiyyətlə, heç bir qədim yunan əfsanəsinin Yunanıstanla, onun dağları ilə, dənizləri ilə hər hansı əlaqəsi yoxdur.

Beləliklə, ildırım tanrısı Zevsin “doğum tarixi” Sodom – Homorra şəhərlərinin faciə gecəsidir. Bundan öncə Zevs əfsanələri mövcud olmamışdır. Bütün qədim yunan əfsanələri o faciə gecəsindən başlamışdır, çünki Zevs ildırıma məhz o gecə “sahiblənmişdir”. Qədim yunanların sonrakı məşhur əfsanəsi olan “Arqonavtlar”ın mayası da o faciə dövrünün hadisələrindəndir. Daha doğrusu, faciədən bir neçə il sonranın hadisələrindən. Tövrata görə Sodom – Homorra faciəsindən bir il sonra Həzrəti İbrahimin Sara xanımdan bir oğlu dünyaya gəlir, adını İshaq qoyurlar. Həcər xanımdan olan İsmayıl o zaman 13 yaşında imiş. Yeni doğulan körpəni incidirmiş. Bu, Sara xanımın xoşuna gəlmir və o, Həzrəti İbrahimdən tələb edir ki, İsmayılı anası ilə evdən qovsun. Həzrəti İbrahim də Sara xanımın dediyi kimi edir və Həcər xanımla İsmayıl gələcəkdə Məkkə adlanacaq yerdə məskən salıb yaşamağa başlayırlar. Bundan bir neçə il sonra Həzrəti İbrahimə röyasında Allah-Təala əmr edir ki, İshaqı qurban kəssin. O da bu əmri yerinə yetirmək üçün körpənin boğazını üzmək istəyəndə mələk onun əlini saxlayır və bu zaman ilahinin qüdrətindən yaxınlıqda bir qoç peyda olur. Həzrət İbrahimə əmr gəlir ki, körpəni yox, o qoçu qurban kəssin. Minilliklər sonra yunanların hesab edilən “Arqonavtlar” əfsanəsinin birinci bölümü bu hadisə ilə başlayır; sonrakı bölümlər də həmin o heçdən peyda olmuş qoçun qızılı yunlu dərisini arqonavtların Qafqazdan oğurlamaları barədə fantaziyalar yığınından ibarətdir. Cürbəcür tanrılarla, tanrıçalarla, ilahlarla, ilahələrlə və təbii ki, onların başında duran ildırım tanrısı Zevslə bəzənib-düzənmiş fantaziyalar yığınından. (Bir qisim adamlar deyəcək ki, Qurani-Kərimə görə Allah-Təalaya qurban kəsilmək istənən uşaq İshaq yox, İsmayıl olmuşdur. Təbii ki belədir, heç kim bunu inkar etmir. Amma nəzərə almaq lazımdır ki, əvvəla o əfsanələri müsəlmanlar düzüb qoşmamışdılar, Qurani-Kərim Yer üzünə endiriləndə artıq yunanlar bir neçə yüz il idi ki, çoxallahlılığın daşını atıb xristianlığı qəbul etmişdilər, o əfsanələrə daha həqiqət kimi yox, şirin nağıllar kimi qulaq asırdılar. İkincisi isə, məqsədim “uşaq qurban kəsilmək istənilərkən heçdən qoç peyda olması” hadisəsinin bir yunan əfsanəsində yer aldığını göstərməkdir, hansı uşağın qurban kəsilmək istənilməsinin nə əhəmiyyəti var?)

Prometeyin Zevsin əmrilə dağlarda zəncirlənməyinə gəlincə… Təsəvvür edin, insan dağda zəncirlənir, bir qartal gəlib onun ciyərini yeyir, sonra ciyər yenidən əmələ gəlir, qartal yenə gəlib onun ciyərini yeyir, bu proses nə az-nə çox, otuz il davam edir və sonunda guya Herakl oxla vurub qartalı öldürərək o insanı zəncirlərdən xilas edir. Yəni ciyər yeyilməsi bir tərəfə, guya insan yemədən içmədən otuz il yaşayır. Bu əlbəttə ki sırf fantaziyadır.

Amma bu əfsanənin də mayasında mütləq həqiqət zərrəsi olmalıdır. Baxaq görək o hansı həqiqət zərrəsi imiş ?

Qulaq asın. Lut qızları ilə Siqor şəhərinə gəlirsə də orada çox qala bilmir. Faciənin dəhşətindən sarsılmışdı. Həm də mələklər hələ Sodomda ona ailəsi ilə yaxınlıqdakı dağa qalxmasnı əmr etmişdilər, yalnız onun yalvarışı üzərinə bir müddət Siqorda qalmasına izin vermişdilər. Odur ki digər şəhərlərin yerlə-yeksan olmasından az sonra qızlarını da götürüb şəhərdən çıxır və mələklərin dedikləri dağa qalxır. Dağda bir mağarada məskən salırlar və qorxularından heç vaxt oranı tərk etmirlər. Prometeyin dağda zəncirlənib otuz il qalması əfsanəsi bax bu tarixi hadisədən yaranmışdır. Əlbəttə ki, heç kim Lutu sözün birbaşa mənasında dağa zəncirləməmişdi və heç bir qartal da onun qara ciyərini dimdikləməmişdi. Lutu dağa “zəncirləyən” onun böyük faciədən sarsılması olmuşdu : adam artıq şəhərlərdə kütlə içində yaşamaqdan qorxmuşdu. “Qara ciyərini qartalın dimdikləməsi” də məcazi mənadadır. Dəhşətdən sarsılan, böyük stress keçirən insanın qara ciyərinin sıradan çıxmasında, sarılıq xəstəliyinə tutlmasında təəcüblü bir şey olmamalıdır.

Bu yerdə deyə bilərlər Prometey İbrahim peyğəmbərin obrazıdırsa, dağda zəncirlənmək əfsanəsində niyə onun yox, Lutun izi axtarılır?

Maraqlı sualdır. Amma nəzərə almaq lazımdır ki, o hadisələrlə əfsanələrin yazıya alınması arasında 2500 ildən də çox zaman məsafəsi var. Ona görə, əzizlərim, ona görə.

Mirzə Hacıyev