Zevs. Qədim yunan mifologiyasında baş Allah… Yox, Allah deməyim. Allah birdir. Baş Tanrı deyim.
Zevs. Qədim yunan mifologiyasında baş Allah… Yox, Allah deməyim. Allah birdir. Baş Tanrı deyim.
Adı müxtəlif cür səslənmişdi bu baş Tanrının. Zeus… Deus… Diy… Duaus Pater… Zeus Pater… “Pater” latınca “ata” deməkdir. Zevs Pater, yəni Ata Tanrı. Başqa sözlə, Tanrıların atası.
Bütün Tanrılarınmı? Xeyr.Yalnız Olimp dağlarının başındakı tanrıların. Olimpiya tanrılarının. Çünki yunanların inancına görə, ondan öncə atası Kronos kainatın baş Tanrısı imiş, ”titanlar” deyilən tanrılara başçılıq edirmiş, Zevs onun 6 övladından sonuncusuymuş. Kronosdan öncə isə onun atası Uranus baş Tanrı imiş. İlk baş Tanrı o imiş. Kronos ona qarşı qalxıb qalib gəlir və daha heç nə yaratmasın deyə, yaratdığı bəsdir deyə onun cinsiyyət orqanını oraqla kəsir. Atasını göylər taxtından endirib kainata hakimliyə sahibləndikdən sonra ehtiyat edir ki, gələcəkdə öz övladları da ona qarşı qalxa bilərlər, daha doğrusu bunu kahinlər ona xəbər verirlər. Yəni kainatı idarə edən baş Tanrı gələcəkdə nə olacağını kahinlərdən öyrənir və buna görə də nə zaman övladı doğulursa onları udur. Bəli, 5 övladını bu müdhiş qorxu ilə udur. Arvadı Reya təbii ki, buna görə əzab çəkir, amma ərinə qarşı dura bilmir, ona görə də hiyləyə əl atır: altıncı uşağa hamilə qalanda bunu ərindən gizlədir, doğum vaxtı yaxınlaşanda uzaq bir mağaraya gedib körpəsini orada dünyaya gətirir. Həmin bu uşağın adına Zevs deyirlər.
Böyüyəndə Kronosa qarşı mübarizə aparır, bu mübarizədə ona tartarlar da kömək etdikdən sonra , yəni 9 illik mübarizənin sonunda Zevs, nəhayət, öz atasına qalib gəlir və baş Tanrı taxtına oturur.
Bu mübarizə zamanı Zevs ilk dəfə olaraq ildırımlardan istifadə edibmiş, ona görə də qüdrətli Kronosa qalib gəlibmiş. O, Tartariyada əsirlikdə olan təpəgözlər yardımına gəldikdən sonra “ildırımlara” sahiblənmişdi. Qədim yunanlar Zevsi ya “labris” deyilən ikiağızlı balta ilə, ya da yabaya bənzər uzun bir alətlə təsvir edirdilər. İldırım məhz o yabaya bənzər silahın 3 dişindən çıxırmış. Sadəcə, yanar maye tullayan silah deyilmiş hər halda, içindən alov çıxarkən barıt partlayışı kimi böyük gurultu da salırmış ki, o alovu ildırıma, şimşəyə bənzətmişlər. Təpəgözləri bir zamanlar Kronos zəncirləyib Tartariyaya atmışdı. Kronosla mübarizənin qızğın çağında Zevsin anası görür ki, oğlu məğlub olacaq, ona görə də məsləhət edir ki, təpəgözləri əsirlikdən azad et, onlar olmadan atana qalib gələ bilməyəcəksən, çünki təpəgözlər dəmirçilik sənətinin mahir biliciləri imişlər. Zevs də anasının ağıllı məsləhətinə qulaq asır, təpəgözləri əsirlikdən azad edir, onlar da dəmirçi Hefestin emalatxanasında dəmirdən qeyri-adi silahlar düzəldirlər, o silahlardan ən dəhşətlisi də “ildırım atan” olur. Bu silah Zevsin əlinə keçdiyi zamandan ona “ildırım tanrısı” deməyə başlayırlar, ”Zevs kimə qəzəblənirsə, onu ildırımla məhv edir” deyirlər. Və artıq önündə dura biləcək qüvvə qalmır.
Qəribədir, bunlar necə tanrılardır?! Hakimiyyət üstündə boğuşurlar, oğul atanın cinsiyyət orqanını kəsir, ata yenicə doğulan körpələrini udur ki, böyüyəndə onu taxtdan salmasınlar, gələcəyi kahinlərdən xəbər alırlar, digər tanrını məhv etmək üçün döyüş silahı düzəldirlər…Ən əsası da budur ki, tanrı da doğularmı?!
Tanrını aldatmaq mümkün olan şeydirmi? Özü də kainatı idarə edən baş Tanrını.
Qədim yunan mifologiyasında bu da olmuşdur. Məğlub olmuş titan tanrılarından olan Prometey odu Hefestin emalatxanasından oğurlayıb insanlara veribmiş. Bundan da qəribəsi var: Prometey qurban kəsdiyi heyvanın ətini, yeyilə bilən içalatını bir kisəyə, sür-sümüyünü, piyini isə başqa bir kisəyə qoyur, Zevs yanlışlıqla sür-sümük və piy olan kisəni seçir, beləcə ondan sonra bütün qurbanlıq ətlərin yeməli hissəsi insanlara çatır, gərəksiz hissələri isə tanrıların payıymış kimi yandırılır. Yəni Prometeyə qədər insanlar qurbanlıq heyvanı bütünlüklə tanrı xatirinə yandırardılar, ətindən bir tikə də ağızlarına almazdılar, amma Prometey bu hiyləsi ilə Zevsi aldadar, qurbanlığın qaydasını dəyişmiş olur.
Kainatı idarə edən, aləmləri görən baş Tanrının iki kiçik kisələrdən hansında nə gizlədildiyini görə bilməməsi nə dərəcədə ağlabatandır əcəba?!
Zevsin kimliyini bəlli etmək üçün öncəliklə bunu qeyd etmək lazımdır ki, kainatda heç bir zaman tanrılar, tanrıçalar, ilahlar, ilahələr olmamışdır. Bir tək Yaradan vardır, Əzəlidir, Əbədidir, Doğmamışdır, Doğurmayacaqdır. Yaradan zaman məfhumuha sığmaz. Əgər Zevs doğulmuşdursa, atası, anası, babası, nənəsi varmışsa, demək, zamanın içindədir, zamandan kənarda deyildir. Zamana tabe olan bütün doğulanlar kimi bir gün o da mütləq ölmüşdür. Əgər doğulmuşdur və ölmüşdürsə, demək, kəsinliklə tanrı deyildir. Bioloji, anatomik quruluşuna görə tamamilə bizlərdən biri olmuşdur. Hansı bir məmləkətdəsə qüdrətli hökmdar olduğuna görə əgər təbəələri ona tanrı demişlərsə və ya özü özünü rəsmən tanrı elan etmişsə bu, sadəcə, o dövrün cəhalətinin qatılıq dərəcəsinin göstəricisi ola bilər.
Amma hansı cəhalət dövrünün? Bəşər tarixində cəhalət dövrü saysız olmuşdur. Bir peyğəmbərin dedikləri unudulduğunda yeni cəhalət dövrü başlamış, sonra yeni peyğəmbər gəlmişdir, onun dedikləri də unudulunca, yenə cəhalət dövrü başlamış və bəşər içinə yeni peyğəmbər göndərilmişdir. Və dini təsəvvürlərə görə, elə bir xalq olmamışdır ki, Allah-Təala o xalqa öz elçisini göndərməmiş olsun. Elə isə bunca cəhalət dövrləri içində Zevsin hökmdar kimi yaşaya biləcəyi dövrü necə tapmaq olar?
Təbii ki Zevsin varlığı eradan əvvəl dördüncü minillikdən o tərəfə keçə bilməz, çünki o patriarxal dövrün, yəni cəmiyyətdə bütün üstünlüklərin kişilərdə olduğu dövrün hökmdarıdır, bu dövr isə eradan əvvəl dördüncü minillikdən başlayır. Hər halda belə qəbul edilmişdir. Məhz bu minillikdən etibarən Olimp dağlarından Zevsin ildırımlarının şaqqıltıları eşidilməyə başlayır. Amma nəzərə almaq lazımdır ki, yunanlar Balkanlara axın-axın gəlmiş yəhudilər və türklər tərəfindən eradan əvvəl birinci minillikdə vahid xalq kimi formalaşmağa başlamışlar və bütün qədim yunan əfsanələri yəhudi və türk yaddaşıyla Balkanlara gətirilmiş minilliklərin xatirələrinin yunan fantaziyalarıyla romantikləşməsindən başqa bir şey deyildir. Yəni Zevs eradan qabaq üçüncü, ikinci minillikdə də yaşaya bilərdi, sonradan xəyallarda onu nəinki dördüncü minilliyə, Olimp dağlarının təpəsinə, hətta tufandan öncəki minilliklərə, Marsdakı sıra dağların başına da qoymaq olardı qədim yunan dramaturqlarının qələmlərinin ucunda.
Amma yox. Cəzalandırdığı Prometeyin izinə düşməsəydim mən də onu eradan əvvəlki dördüncü minilliklə birinci minillik arasındakı bu böyük zaman kəsiyi içində aramalı olacaqdım.
Öncəki yazılarımda göstərmişdim ki, ”Prometey” sözündəki “medhe” qədim hind-avropa dillərində “öncəgörən, irəlini görən” deməkdir. ”Pro” isə “Avraam”, “İbrahim” sözlərinin təhrif formasıdır. Peyğəmbərlər adi insanlardan fərqli olaraq irəlidə baş verəcək hadisələrdən xəbər verə bilirlər. “Peyğəmbər” sözünün farscadan tərcüməsi də “xəbər gətirən” deməkdir. Prometey, yəni İbrahim medhe, Avraam medhe. Yəni İbrahim peyğəmbər.
Bir tək real tarixi hadisə kifayət edir ki, Prometeyin məhz İbrahim peyğəmbər olduğu bəlli olsun. Bu, Allah-Təala xatirinə kəsilən yeni qurbanlıq qaydasının qoyulmasıdır. Həzrət Nuhun gəmisi torpağa oturduqdan sonra Həzrət Nuh ailəsi ilə birlikdə gəmidən çıxdığında ilk gördüyü iş onu və ailəsini fəlakətdən qurtardığı üçün Allah-Təalaya qurban kəsmək olur; heyvanın başı kəsilir və bütünlüklə yandırılır. Yəni ətindən heç kim yemir, heyvan tamamilə Allah xatirinə yandırılır. Həzrət Nuhdan ta Həzrət İbrahimə qədər qurbanlığın qaydası beləcə də olur. Amma Həzrət İibrahim Allah-Təalanın əmrilə bu qaydanı dəyişir; bundan sonra qurban kəsildiyi zaman əti yeyilir, yeyilməyən iç hissələri və sür-sümüyü isə yandırılır. Prometey yunan əfsanələrində bunu ilk etmiş qəhrəman hesab edilir, qəhrəmanlığı isə bundaymış ki, guya o bunu edərkən tanrı Zevsi hiylə ilə aldatmışdı. Zevsin Prometeyə qəzəblənməsi bəzi təsəvvürlərə görə Prometeyin odu tanrılardan oğurlayıb insanlara verdiyi səbəbindən baş vermişdi. Bəzi təsəvvürlərə görə isə Zevs məhz qurbanlıq kəsilən zaman Prometeyin onu aldatdığına görə qəzəblənibmiş, buna görə də onu Qafqaz dağlarına zəncirləyibmiş. Bu daha ağlabatandır, çünki əgər odun insanlara verilməsi ilahi həqiqətin insanlara çatdırılması anlamındadırsa, buna görə çoxtanrılar sisteminin başçısı olan Zevsin qəzəbini başa düşmək olar; insanlar Yaradanın tək olduğunu qəbul edərlərsə, Zevsin “səltənəti” dağıla bilər. Amma odu birbaşa mənada insanlara çatdırmaq nə deməkdir? Yer kürəsinin bir çox yerlərində bu günümüzdə belə, insan iştirakı olmadan da hektarlarla meşələr yanır, ən modern texnikalarla da o yanğınları söndürmək böyük problemə çevrilir. Yəni insanların od əldə etməsi üçün Prometeyə o qədərmi ehtiyacları vardı?
“Əfsanəvi Arqo gəmisinin sirri” adlı araşdırmamda o əfsanədəki Afamantın da İbrahim peyğəmbər olduğunu yerli-yataqlı göstərmişəm. Afamantın qardaşı oğlunu Qafqazda mehribanlıqla qarşılayan, onu öz sarayında böyüdən, yetkinlik yaşına çatanda öz qızını ona verən hökmdar Eetin sarayının tikintisinidə Zevsin oğullarından dəmirçilik tanrısı Hefest də iştirak etmişdir… Prometeyi Zevsin əmrilə Qafqaz dağlarına zəncirləyən dəmirçi Hefest…Yəni İbrahim peyğəmbərlə Zevs, Hefest kəsinliklə eyni dövrün adamları olmuşlar.
İbrahim peyğəmbərin dövrü haqqında ziddiyyətli fikirlər səslənməkdədir. Bəzən onu yanlışlıqla eradan əvvəl 22-ci, 20-ci əsrlərə aid edirlər, guya eradan əvvəl 1940-cı ildə vəfat etmişdir. Bu qeyri-dəqiqlik səbəbindəndir ki, görüşdüyü Misir fironunu gah Üçüncü Senusert, gah firon Rikayon, gah firon Pepi və sairə olduğunu qeyd edirlər. Hətta şumerlər arasında yaşadığı vaxtlarda onu oda atanın şah Nemrud olub olmaması barədə mübahisələr vardır. Fantaziyalara görə guya şah Nemrud onu mancanağa qoyub tonqala atdırıbmış. Halbuki mancanağın bir döyüş aləti kimi icadı eradan əvvəl beşinci əsr hesab edilir.
Ən doğrusu budur ki, Həzrət İbrahim eradan əvvəl 3500-cü illərin adamıdır və 175 il ömür sürmüşdür. O , şumerlərin qüdrətli Ur şəhərində Azər adlı bir şumer qəbilə sahibinin ailəsində anadan olmuş, böyüdüyündə təkallahlılığı təbliğ etmiş, gildən bütlər düzəldən atasına və bütlərə sitayiş edən qəbiləsinə qarşı çıxmış, günün birində məbəddəki bütləri qırdığına görə oda atılmaqla ölümə məhkum edilmişdir. Amma Allah-Təalanın əmri ilə od onu yandırmamışdır. Sonra, daha doğrusu 75 yaşı olanda o və qardaşı oğlu Lut ailələri ilə birlikdə Dəclə-Fərat çayları arasını tərk edib qərbə, Aralıq Dənizi sahillərinə, Fələstin torpaqlarına gəlmişlər. Bir neçə il orada yaşadıqdan sonra quraqlıq üzündən aclıq başlamış, ona görə də İbrahim peyğəmbər arvadı Sara ilə birlikdə Misirə getmişdir.
Qurani-Kərimdə Həzrət İbrahim haqqında məlumatlar Tövratdakından az olsa da, ən dəqiqidir. Amma eradan əvvəlki minilliklərdə Qurani-Kərim hələ insanlara endirilməmişdi, Balkanlara köç edən və yaddaşlarında Həzrət İbrahimlə bağlı xatirələrini daşıyan yəhudilər isə təbii ki, ilahi Kitab olaraq yalnız Tövrata istinad edirdilər. Odur ki, onların xatirələri əsasında yaradılan qədim yunan əfsanələrindəki Zevs sirrini açmaq üçün Tövrata da müraciət etməliyəm. Təbii ki Tövrata minilliklər boyunca insan əli girmiş, o müqəddəs yazılara saysız bəzək-düzəklər verilmişdir deyə, təhrif olunmuşdur. Amma mənim fikrim o Kitabda nəyin doğru, nəyin yanlış olduğunu bildirmək deyil əsla, buna mənim haqqım çatmaz. Çünki Məhəmməd peyğəmbərin əhli-Kitab haqqında dediklərini qulağımda sırğa eləmişəm. O demiş ki, onların öz Kitablarından dediklərini nə qəbul edin, nə də inkar: çünki ola bilər onlar yalan desinlər siz qəbul edəsiniz, ola bilər doğru desinlər siz inkar edəsiniz.
Demək, İbrahim peyğəmbər arvadı Sara ilə Misirə getməli olur. Misirdə belə bir qayda vardı ki, fironun adamları harada gözəl bir qadın görsəydilər əgər ərdə deyilsə, dərhal götürüb fironun yanına aparardılar. Ərli qadını götürmək qanuna görə qadağan idi. Ona görə də qanuna qarşı gəlməmək üçün arvadı gözəl olan yadelli əri hər an öldürə bilərdilər ki, fironun yanına dul qalmış gözəli aparsınlar. Həzrət İbrahim bunu bildiyindən arvadını bacısı kimi təqdim edir. O zaman Sara xanımın yetmişdən çox yaşı olsa da, gözəl imiş, ona görə də onu dərhal fironun sarayına aparırlar, əvəzində firon Həzrət İbrahimə çoxlu qızıl-gümüş, qoyun, keçi, inək, qul-qaravaş hədiyyə verir. Amma az sonra fironun və sarayın adamlarının bədənləri yara bağlayır. Bunun Sara xanıma görə olduğunu və onun da Həzrət İbrahimin arvadı olduğunu bilincə, firon dərhal Həzrət İbrahimi yanına çağırtdırır və “Bu nədir başımıza gətirdin? Niyə demədin ki, o sənin arvadındı? Arvadını da götür, tez get məmləkətdən” deyir. Beləliklə, son dərəcə varlanmış Həzrət İbrahimlə Lut öz ailələri ilə yenidən Fələstin çöllərinə qayıtmalı olurlar. Və artıq aclıq nədir bilmədən şad-xürrəm yaşayırlar. O qədər varlanıblarmış ki, heyvan sürülərinin otlaq sahələri üstündə çobanları arasında tez-tez mübahisələr düşürmüş. Sonunda birbirləinə mane olmamaq üçün Lut öz ailəsi ilə ondan ayrılıb sonralar Ölü Dəniz adı veriləcək yerlərdə olan Sodom şəhərinə gedir və orada məskən salır.
Fironun özünü tanrı hesab edirdi. Həzrət İbrahim ona deyəndə ki, “mənim Tanrım adamları öldürən və dirildəndir”, firon cavab vermişdi ki, “adamları öldürən və dirildən mənəm”. Onda Həzrət İbrahim demişdi ki, “amma mənim Tanrım günəşi şərqdən qaldırır, sən onu qərbdən qaldır”.
Hökmdar tanrı… Zevs o imişmi ?!
Xeyr, xeyr. Ən azı ona görə ki, o, Həzrət İbrahimə yaxşılıqdan başqa bir şey eləməmişdi. Fələstin torpaqlarındakı aclıq illərində onu son dərəcə varlandırmışdı, yalanının üstünü açdığında da ona toxunmamış, verdiklərini əlindən almamışdı. Sadəcə, onu Misirdən çıxartdırmışdı. Üstəlik, fironların əllərindəki hakimiyyət rəmzi nə ikiağızlı baltadır, nə də üçdişli yaba.
Ardı var