Azərbaycanda çılpaq ilbizlər (limaks/Limax tiqris talyschanus Boettq/ və parmatsella (Parmaclla olivieri Cuv.) əsasən Lənkəran, Şəki-Zaqatala və Quba-Xacmaz bölgələrində geniş yayılıb.
Azərbaycanda çılpaq ilbizlər (limaks/Limax tiqris talyschanus Boettq/ və parmatsella (Parmaclla olivieri Cuv.) əsasən Lənkəran, Şəki-Zaqatala və Quba-Xacmaz bölgələrində geniş yayılıb.
Dövlət Fitosanitar Nəzarət Xidmətindən Publika.az-a verilən məlumata görə, bu zərərvericilər kənd təsərrüfatı bitkilərindən taxıl, tərəvəz-bostan, paxlalı, qismən texniki və meyvə bitkilərinə zərər verir. İlbizlər növ tərkibindən asılı olaraq qış dövrünü sürfə, yetkin ilbiz və ya yumurta mərhələlərində keçirirlər.
İlbizlərdə yumurta qoyma prosesi iyulun axırlarında başlayır və avqustun əvvəllərinə kimi davam edir. Bir dişi ilbiz 400-ə qədər yumurta qoyur. Yumurtalar adətən bitki qalıqlarının, kəsəklərin və digər tullantıların altında topa halında (mövsüm ərzində hər dişi ilbiz 8-10 arası) qoyulur. Hər topada 9-dan 50-yə qədər yumurta olur. Yumurtalardan sürfələrin çıxması 12-20 gün sürür.
Onlar növ tərkibindən asılı olaraq ildə 1-2 nəsil verirlər və 1 ildən 3 ilə qədər yaşayırlar. Yay və payız ayları yağmurlu keçdikdə ilbizlər daha da çoxalırlar. Kütləvi çoxalma illərində isə kənd təsərrüfatı bitkilərinə zərər verirlər. Əsasən bitki yarpaqlarının yumşaq hissəsini gəmirib yeyirlər. Dənli bitkilər öz inkişafının ilk dövründə ilbizlər tərəfindən daha çox zərər çəkir. İlbizlərin kartof yumrularına və bir sıra tərəvəz-bostan bitkilərinin barvermə orqanlarına zərər verdiyi qeyd edilib.
Çılpaq ilbizlərə qarşı aşağıdakı mübarizə tədbirləri aparılmalıdır:
1. Kənd təsərrüfatı bitkiləri yüksək aqrotexniki səviyyədə becərilməli, əkin sahələri alaq otlarından təmiz saxlanılmalı və cərgə araları vaxtında kultivasiya edilməlidir.
2. Məhsul toplandıqdan sonra əkin sahələrindən bitki qalıqları yığılıb məhv edilməli və tarlalarda vaxtında dondurma şumu aparılmalıdır.
3. Çılpaq ilbizlərlə mübarizədə onlara kontakt təsir edən superfosfat, təzə sönmüş əhəng, göydaş, ammonium-sulfat, xörək duzu, formalin, furfurol və s. preparatlar, eyni zamanda torpağın zənginləşdirilməsi üçün istifadə olunan makro və ya mikro elementlərdən istifadə etmək tövsiyə olunur. Bu məqsədlə gübrələr və əhəng torpağın tələbatına uyğun olaraq, hər hektara müxtəlif normada, xörək duzundan isə 1 hektar üçün 150 kiloqram məhlul hazırlayaraq istifadə edilməlidir. Göydaş məhlulu hazırlamaq üçün 1 litr suya 100 qram hesabı ilə göydaş götürülür və hər hektara 400 litr məhlul çilənir.
4. Daxili bağırsaq təsirli metaldehid tərkibli preparatlardan istifadə edərək aldadıcı yem hazırlanır, 1 hektara 40-50 kiloqram məsarif norması ilə səpilir.
Qeyd edək ki, çılpaq ilbizlər karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərə aid olmadığından, bu orqanizmlərlə mübarizə üçün dövlət büdcəsindən vəsait ayrılmır. Buna görə də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti çılpaq ilbizlərlə mübarizə aparmaq üçün sahibkarlara və fermerlərə yalnız metodiki dəstək göstərir, mübarizə işləri isə hüquqi, yaxud fiziki şəxslərin özləri tərəfindən aparılır.