Hadisə yerinə gələn Abşeron rayon polis idarəsinin əməliyatçıları şübhəli şəxsləri dindirən zaman onların başqa Cinayətləri də üzə çıxıb.
Güzdək qəsəbəsində yaşayan 27 yaşlı Seymur Rzaxanov, 26 yaşlı Spartak İbrahimov və Cəlilabad rayonu Maşlı kənd sakini 29 yaşlı Şəmsəddin Əsgərov örüş sahəsindən Hökməli qəsəbə sakini Ağasəməd Ağayevin iki baş, Əlirza Salayevin iki baş və Azər Əzizovun iki baş inəyini oğurlayan zaman heyvan sahibləri tərəfindən yaxalanıblar.
ARB TV xəbər verir ki, mal-qara sahibləri dərhal Daxili işlər Nazirliyinin 102 zəng mərkəzi ilə əlaqə saxlayıblar.
Hadisə yerinə gələn Abşeron rayon polis idarəsinin əməliyatçıları şübhəli şəxsləri dindirən zaman onların başqa Cinayətləri də üzə çıxıb. Saxlanılan Spartak İbrahimovun sözlərinə görə, oğurluğa getdiklərini bilməyib. Qonşuluqda yaşayan Seymur onu itmiş inəklərini axtarmağa çağırıb. Son isə tamamilə fərqli mənzərə ilə yadda qalıb.
Saxlanılan Seymur Rzaxanov isə əməlini etiraf edərək, bildirib ki, ilk iki oğurluq hadisəsini tək törədib. Cari ilin mart ayında Güzdək qəsəbə sakini İxtiyar Məlikovun 3 inəyini, iyul ayında Aşağı Güzdək qəsəbə sakini Südabə Eyvazovanın bir inəyini aparıb. Üçüncü oğurluğa Seymur Şəmi ləqəbli dostu Şəmsəddin Əsgərovu da cəlb edib. Dostlar Hökməli qəsəbə sakini Ramil Kərimovun 4 baş inəyini aparıblar.
Seymur Rzaxanov – Saxlanılan şəxs: “İkisini tək kəsmişəm. Aparıb tanımadığım şəxslərə satmışam. Digər iki baş inəyi də Cəlilabadda satmışam. 800 manat Şəmiyə vermişəm, maşın pulu vermişəm və yolda xərçim çıxdı”.
Şəmsəddin Əsgərov – Saxlanılan şəxs: “2 inək idi. Aparıb Cəlilabadda satdıq. 2200 manata satdıq. Alverçiyə satdıq. Axırıncı oğurluğu Cəlilabaddan təzə gəlmişdim, təklif oldu ki, gedək. Seymur və Spartakla getdik. Gedəndə kənd camaatı tutdu bizi”.
Aşkar olunan faktlarla əlaqədar Abşeron rayon polis idarəsinin istintaq şöbəsində CM oğurluq maddəsi ilə Cinayət işi başlanıb. Araşdırmalar davam edir.