“İki nəvəsini , biri hələ cəmi 3 aylıqdır, küçəyə atan nənənin özünü müdafiə üçün səsləndirdiyi cəfəngiyyatı media onun xeyrinə arqument kimi tirajlayır”. Tribunainfo.az bildirir ki, siyasi ekspert Yeganə Hacıyeva etiraz edib. Olavə edib ki, “Əli-ayağı sağ , iki yetkin “qadın” iki körpə uşaqdan imtina edib. Amma uşaqları sığınacağa verməyiblər, uşaq evinə verməyiblər, iki körpə uşağı lazımsız əşya kimi küçəyə atıblar.
İmtina edə bilərlər, amma küçəyə atmaq artıq cinayət məsuliyyətidir”. Y.Hacıyeva deyib ki, soyuqda küçəyə atmaqla uşaqların sağlamlığına ziyana görə məsuliyyət daşıyırlar bu iki “qadın” .
“Uşaqlar heyvan (ki, bunun özü də doğru deyil) deyil, kiminsə xoşuna gələndə saxlasın, xoşuna gəlməyəndə küçəyə atsın…” – ekspert təpki verib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Gəncədə azyaşlıların küçəyə atılması ilə bağlı araşdırmalara başlayıb.
Dövlət Komitəsindən bildirilib ki, aidiyyəti dövlət qurumları məsələni nəzarətə götürüb.
Qeyd olunub ki, uşaqları küçəyə atan nənə ilə əlaqə saxlanılıb.
“Nənənin sözlərinə görə, onların anası narkotik aludəçisidir və tüfeyli həyat tərzi keçirir. Nənə qəyyumluqdan imtina edərək uşaqları Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısına qoyub və oranı tərk edib. Hazırda uşaqlar xəstəxanaya yerləşdirilib, İcra Hakimiyyəti tərəfindən uşaqlar barədə məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin alt sisteminə yerləşdirilib.
Əməkdaşlar tərəfindən yataqxanada yaşayan ailəyə baxış keçirilib, uşaqların vəziyyəti qiymətləndirilib, ananın narkotik aludəçisi olduğu təsdiqlənib. Hazırda uşaqlar xəstəxanada müayinədən keçib müvafiq müalicə alırlar, komissiya tərəfindən uşaqlara geyim və qida ilə bağlı lazımi dəstək göstərilir. Həftənin sonu 4 aylıq körpə Bakıda yerləşən körpələr evinə, 3 yaşlı uşaq isə Gəncə uşaq evinə yerləşdiriləcək”, – qurumdan bildirilib.
Göründüyü kimi, komitə rəsmi məlumat yayıb. Lakin sədr Bahar Muradovanın bu tükürpədici hadisəyə şəxsi reaksiyası yoxdur. Bəs nə vaxt olacaq? Komitə açıqlama verməklə işini başa vurmuş sayır? Gərək hadisə ola, sonra rəsmi informasiya verilə? Bəs komitənin yerli şöbələri niyə araşdırma aparmır, problemli ailələri təsbit etmir? Xüsusən də komitə sədri susur və uzaqbaşı rəsmi toplantılarda ümumi çıxışlar etməklə işini bitmiş bilir.