Yağış sularının dolması nəticəsində iki nəfərin ölümünə səbəb olan tuneli inşa edən “Körpü-Bina-Tikinti” şirkəti gömrük qaydalarını pozduğu, istehsalatda baş verən bədbəxt hadisələri gizlətdiyi üçün dəfələrlə məhkəməyə verildiyi məlum olub.
Tribunainfo.az xəbər verir ki, Xəlil Göyüşovun rəhbəri olduğu “Körpü-Bina-Tikinti” şirkəti ilə bağlı sonuncu işə bu ilin mart ayında baxılıb. Həmin vaxt şirkət İnzibati Xətalar Məcəlləsinin gömrük qaydalarını pozduğuna görə məhkəməlik olub.
Ötən il də şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsini pozduğuna görə, (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir) cərimələnmişdi.
“Körpü-Bina-Tikinti” şirkəti ötən il həmçinin istehsalatda baş verən bədbəxt hadisəni gizlətdiyinə, lazimi orqanlara məlumat vermədiyinə görə də cərimələnibmiş. Belə ki, Şirkət İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsini, yəni istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilmişdi.
Qeyd edək ki, dəfələrlə cərimələnən və məhkəməyə verilən “Körpü-Bina-Tikinti” şirkətinə iki nəfərin boğulduğu tunelin tikintisini Azərbaycan Dəmir Yolları sifariş edib.
Nigar