İki il əvvəlki söhbətə görə arvadını boşadı və tanışını öldürmək istədi – CƏZAbackend

İki il əvvəlki söhbətə görə arvadını boşadı və tanışını öldürmək istədi – CƏZA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını öldürməyə cəhddə təqsirləndirilən Elvin Hacıyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü o, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 29 may 2023-cü il tarixdə, saat 16 radələrində paytaxtın Qaradağ rayonu Sahil qəsəbəsində qeydə alınıb. Elvin Hacıyev tanışı, zərərçəkmiş Rəfail Məmmədovu (soyadı şərti) təxminən hadisədən 2 il əvvəl aralarında baş vermiş mübahisəyə görə öldürmək qərarına gəlib.

Elvin Hacıyev məhkəmə ifadəsinə əsasən, 2021-ci ilin avqust ayında onun evdə arvadı ilə arasında ailəvi söz-söhbət yaranıb. Həmin hadisə baş verdikdən sonra səhəri gün Sahil qəsəbəsində tanışı Rəfaillə yaşadığı evin damında görüşüb. Görüş zamanı Rəfail ondan nə olduğunu soruşub, lakin o, heç nə bildirməyib. Bundan sonra Rəfail ona evində söz-söhbət olduğunu, arvadının və uşaqların evdən getdiyini deyib. O, Rəfaildən bu söhbəti haradan eşitdiyini soruşduqda tanışı ona “boş ver” deyərək heç bir məlumat verməyib. Sonra Elvin Lökbatan qəsəbəsində qayınatası Ağasuvarın evinə gedib, həyat yoldaşından bu barədə soruşub, lakin həyat yoldaşı heç nə deməyib. Həmin vaxt evdə yenidən mübahisə düşüb, yoldaşı bu barədə heç kimə heç nə demədiyini bildirib.

Bu söhbətdən 6-7 ay sonra o, arvadından boşanıb, Rəfaillə də münasibətləri kəsib, ona bir neçə dəfə xəbərdarlıq da edib. O, bu məsələni ürəyində illərlə saxlayıb, lakin heç nə etmək istəməyib.

Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərib ki, 29 may 2023-cü il tarixdə, saat 13 radələrində övladlarını evə çağırıb, onlarla görüşüb və uşaqları sonuncu dəfə görmək istəyib. Daha sonra bir qədər götür-qoy etdikdən sonra Rəfaili bıçaqla vurmağı qərara alıb. Həmin gün saat 16 radələrində Rəfailə zəng edib onunla görüşmək istədiyini bildirib. Sonra isə Rəfailin yaşadığı Sahil qəsəbəsinə onlara gedib, birlikdə binanın damına qalxıblar. Səanan binanın damında olarkən Rəfailə 2 il əvvəlki söhbəti yadına salaraq, evində olan söz-söhbəti haradan bildiyini yenidən soruşub. Rəfail isə cavabında həmin söhbəti onun özünün dediyini söyləyib. Elvin isə bu barədə Rəfailə heç nə demədiyini bildirib, bu söhbətə görə arvadından boşandığını qeyd edib. Bundan sonra o, Rəfaili döyməyə başlayaraq şillə ilə onun sifətinə bir neçə zərbə endirib. Elvin evdən gələrkən üzərində gətirdiyi 2 bıçağı çıxardıb. O, sağ əlində olan bıçaqla Rəfailin qarnının sol tərəfinə 2 dəfə zərbə endirib və hər iki zərbənin Rəfailin sol tərəfdən qarın boşluğuna dəyib. Həmin vaxt Rəfail onun əlindən qaçıb binanın damındakı nərdivandan özünü blokun içinə ataraq qaçıb. Elvin isə binanın damından digər binanın damına tullanaraq oradan aşağı düşüb, taksiyə minib 38-ci Polis Bölməsinə gedib və könüllü təslim olub. O, Rəfaili vurmaq üçün üzərində gətirdiyi 2 ədəd bıçağı könüllü istintaqa təqdim edib.