backend

İki gün sonra Qarabağ üçün nələr olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 27-də Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir. 
Aprelin 27-də Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir.

TİA.AZ
 xəbər verir ki, bu görüş Dağlıq Qarabağ münaqişəsində dalana dirənmiş danışıqların yenidən başlaması istiqamətində mühüm addım ola bilər.

Üçtərəfli formatda görüşün keçirilməsini rəsmi Bakı təklif edib. İndiyə qədər bu təklif iki dəfə irəli sürülsə də, İrəvan razılaşmırdı. Görünür, üçüncü dəfə görüşün baş tutacaq.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da belə görüşə ehtiyac olduğunu qeyd edib.

“Lakin görüşlə bağlı qəti qərar olanda bu haqda məlumat verəcəyik”, – deyə Nalbayndyan öz ölkəsinin jurnalistlərinə açıqlamasında bildirib.

Bu, Ermənistanın danışıqlar masasına gətirilməsi deməkdir.

Sonuncu dəfə ötən ilin 20 iyununda Sankt-Peterburqda görüşən prezidentlər indiyə qədər bir araya gəlməyib. Aprel müharibəsində məğlubiyyətə uğrayan İrəvan döyüşün dayandırılması üçün danışıqlar masasına gəldi, münaqişənin həlli ilə bağlı müəyyən addımlar atıldı. Lakin daha sonra baş verən bir sıra siyasi hadisələr prosesləri dayandırdı. Ermənistan da yaranmış situasiyadan istifadə edərək, danışıqlardan yayındı.

Burada ilk növbədə görüşün ATƏT-in Minsk qrupu çərçivəsində yox, Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında keçirilməsi diqqət çəkir. Hansı ki, İrəvan məhz bu formatı inkar edirdi. Çünki Rusiya münaqişənin həlli ilə bağlı öz planını həyata keçirmək niyyətindədir. Bu planda işğal olunmuş rayonların qaytarılması, bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsi, qaçqınların qayıdışı, daha sonra Qarabağın yekun statusunun müəyyən edilməsi var. Rusiya münaqişəni bu yolla həll edərək, həm öz sülhməramlılarını bölgəyə yerləşdirmək, həm də bölgədə təşəbbüsü başqasına verməmək istəyir. Rusiyanın burada maraqları olsa da, bu, uzun illərdir davam edən münaqişənin həlli istiqamətində böyük irəliləyişdir. Ermənistan bunu qəbul etməmək üçün görüşdən yayınır və Qərbə üz tuturdu. İrəvan Qərbin təklif etdiyi “atəşkəsə nəzarət mexanizmi”nin quraşdırılmasını tələb edir. Halbuki, bu işğalın davam etməsinə şərait yaratmaqla yanaşı, Rusiyanın da maraqlarına uyğun deyil.

Mənzərə belədir, lakin rusların İrəvanın istəyinə imkan verəcəyi inandırıcı görünmür. Moskva Ermənistana nə qədər dəstək versə də, öz vassalının ondan başqasından imdad diləməsini də qəbul etmir.

Bu baxımdan, iki gün sonra keçirilməsi gözlənilən görüşdə Rusiyanın Ermənistana münaqişənin həlli ilə bağlı təzyiq edəcəyi mümkündür.

Ermənistanın “lragir” saytı da İrəvana təzyiqi istisna etmir.

Saytın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, İrəvan rusların təzyiqini bildiyi üçün üçtərəfli formatda görüşdən imtina edirdi.

“Lakin sona qədər dirənmək mümkün olmadı və mübarizə artıq görüşdə davam etdiriləcək”, – deyə İrəvandakı diplomatik mənbə bildirib.

Sayt yazır ki, Minsk qrupu olmadan keçirilən üçtərəfli format Rusiyaya Ermənistanı münaqişənin həllinə məcbur etmək imkanı yaradır.

“Üçtərəfli format – bu Azərbaycanın diplomatik qələbəsidir”, – deyə erməni saytı qeyd edir.