19-cu əsrdən, 1886-cı ildən ABŞ-ın Corciya ştatında fəaliyyətə başlayan “Coca-Cola” şirkətinin eyni adlı qazlı içkiləri dünyanın ən məşhur brendlərindən biri olmaqla yanaşı, həm də Amerikanın qeyri-rəsmi simvollarından sayılır. İstehsala başlandığı ilk günlərdə “Coca-Cola”nın alıcılarının sayı cəmi 9 nəfər olsa da, bu gün bu içki dünyanın bütün ölkələrində ən çox satılan içkilərdən biridir. Dünyada nadir ölkələr, o cümlədən Kuba və Şimali Koreya “Coca-Cola” içkisindən imtina edib.
II dünya müharibəsi zamanı ABŞ rəsmiləri müharibədə iştirak edən hərbçilərin azuqə normasını müəyyənləşdirəndə, belə qərara gəlinib ki, bu normaya “Coca-Coca” içkisi də əlavə olunsun. Bu əlavənin təşəbbüskarı birbaşa ABŞ prezidenti Franklin Ruzvelt olub. Müzakirələr zamanı prezident məsələ ilə bağlı fikrini belə açıqlayıb:
“Hər bir amerikalı döyüşçünün ərzaq payında “Coca-Cola” içkisi olmalıdır. Bu onlara öz evlərini, doğma Amerikanı xatırladacaq və onların döyüş ruhunu yüksəldəcək…”
Bu məsələ ilə bağlı Avropanın bir çox yerlərində “Coca-Cola” şirkətinin səyyar sexləri fəaliyyətə başlayıb. Amerikalı hərbçilər bütün müharibə boyu məşhur brendləri ilə təmin edilib.
II dünya müharibəsi ərəfəsində birgə hərbi əməliyytalar zamanı sovet hərbçiləri amerikalıların qazlı içkisini dadanda təəccüblərini gizlədə bilməyiblər. Fərqli dada məxsus “Coca-Cola” SSRİ-də istehsal olunan qazlı içkilərdən tam fərqlənib. Çox qısa zamanda sovet döyüşçüləri arasında Amerika içkisinin “reklam”ı başlayıb. Təbii ki, hərbi komandanlıq üçün bu “reklam” arzuolunmaz sayılıb. SSRİ və ABŞ müharibədə müttəfiq olsalar da, siyasi baxımdan əks qütblərdə dayanan ölkələr olublar. Buna görə də kapitalist ölkəsinin məhsulunu tərifləmək məqsədəuyğun sayılmayıb.
Bununla bağlı ABŞ qoşunları ilə eyni ərazidə hərbi əməliyyatlar və xidmət aparan sovet ordusunun hərbi hissələrində komandirlərin siyasi işlər üzrə müavinləri (“zampolit”lər) hərəkətə keçiblər. Şəxsi heyətə konkret olaraq tapşırıq verilib ki, müttəfiq ölkələrin məhsulları (ümumiyyətlə, bütün ərzaq məhsulları) haqqında danışmaq, fikir bildirmək yolverilməzdir, bu sovet ideologiyasına ziddir.
Əsgərlər və zabit heyəti komandirlərin qadağasına tam əməl ediblər. Maraqlı fakt isə odur ki, kiçik ranqlı hərbi vəzifəlilər buna əməl etdiklərə halda, marşal Georgi Jukov öz nəfsinə sahib çıxa bilməyib.
İlk dəfə marşal Jukovu “Coca-Cola” içkisinə amerikalı həmkarı Duayt Eyzenhauer (sonradan o, iki müddət ABŞ prezidenti olub – 1953-61) qonaq edib. İçki marşala o qədər xoş gəlib ki, o, ikinci stəkanı həmkarının təklifi olmadan içib. Elə həmin görüşdə bunu anlayan Eyzenhauerin tapşırığı ilə Jukovun xidməti avtomobilinə bir qutu “Coca-Cola” içkisi qoyulub.
Hər şeyi yerli-yataqlı təhlil etməyi bacaran Jukov “Coca-Cola”dan ona ziyan gələcəyini yaxşı anlayıb. Söhbət orqanizmə olan zərərdən yox, siyasi ziyandan gedib. Marşal düşünüb ki, hansısa rəsmi, yaxud da qeyri-rəsmi görüşdə onun süfrəsinin üstündə “Coca-Cola” içkisi görünsə, bu kapitalist ölkəsinin təbliği xarakterini daşıyacaq. Jukov onu da dərk edib ki, belə bir hadisə hər şeyə həssaslıqla yanaşan İosif Stalinin də qıcığına səbəb olacaq və bu, marşalla onun arasında xoşagəlməz söhbətlə nəticələnəcək.
Ən ağır və mürəkkəb hərbi əməliyyatlarda çıxış yolu tapmağı bacaran Jukov bu məsələdə də çıxış yolu tapıb. Marşal dostluq münasibətində olduğu Eyzenhauerə (onların dostluğu müharibədən sonra da davam edib) müraciət edib. Dostyana müraciətdə Jukov “siyasi baxışlardan” kənara çıxaraq “Coca-Cola”nın əvəzsiz bir içki olduğunu etiraf edib. Bununla yanaşı, marşal nümayişkaranə şəkildə bu içkidən istifadə edə bilməyəcəyinin səbəbinin də amerikalı həmkarına başa salıb və xahiş edib ki, onun üçün ABŞ-da şəffaf rəngli (“Coca-Cola” həm də öz rənginə görə digər içkilərdən seçilib) “Coca-Cola” hazırlasınlar.
Eyzenhauer Jukovun xahişini böyük məmnuniyyətlə qəbul edib. Amerikalı general qələbə marşalının xahişini ABŞ prezidenti Harri Trumenə çatdırıb. ABŞ prezidenti Jukovun xahişini “Coca-Cola” şirkətinin rəhbəri Ceyms Farliyə bildirib. İki ay ərzində şirkətin texnoloqları içkinin tərkibindən rəng yaradan maddələri çıxararaq şəffaf “Coca-Cola” hazırlamağa nail olublar. İçki heç bir etiketi olmayan şüşə qablara doldurulub, yalnız ağ rəngli qapağına qırmızı beşguşəli ulduz həkk edilib. 50 qutu şəffaf “Coca-Cola” həmin dövrdə Vyanada xidmətdə olan marşal Jukova çatdırılıb. Beləliklə, sovet marşalının burjua içkisi ilə təmin olunması məsələsi öz həllini tapıb.
Qələbə marşalı bəzi ziyafətlərdə araqdan imtina edəndə, heç kimin hiss etmədiyi bir şəraitdə masaya qulluq edənlər onun qədəhinə ağ “Coca-Cola” süzüblər.
Qeyd edək ki, sonralar ABŞ xüsusi olaraq Yaponiya üçün də ağ “Coca-Cola” istehsal edib.