İH-dən Hacıqabuldakı qanlı olayla bağlı – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Evə basqın edən Mübariz Mehdiyev problem yaşadığı şəxsin əmisinin ailəsini qətlə yetirib və ailənin 4 üzvünü öldürüb. O, həyətdə olan “Mersedes” markalı avtomobili də yandırıb. 

Evə basqın edən Mübariz Mehdiyev problem yaşadığı şəxsin əmisinin ailəsini qətlə yetirib və ailənin 4 üzvünü öldürüb. O, həyətdə olan “Mersedes” markalı avtomobili də yandırıb.

Bu sözləri Axar.az-a Hacıqabul rayon icra başçısının köməkçisi Afiq Kərimov rayonda bir evə edilən silahlı basqın barədə danışarkən deyib. A.Kərimovun sözlərinə görə, hadisə sübh saat 6 radələrində baş verib:

“Evə basqın səhər saat 6-da edilib. Hadisə yerinə isə polis saat 8 radələrində çağırılıb. Ehtimal edilir ki, polisə də qonşular məlumat verib. Çünki evə basqın edən Mübariz Mehdiyev həyətdə olan “Mersedes” markalı avtomobili də yandırıb. Ehtimal edilir ki, qonşular hadisədən bundan sonra xəbər tutublar”.

A.Kərimovun sözlərinə görə, evə basqın edən Mübariz Mehdiyev zərərsizləşdirilib:

“Bizə bu barədə polisdən məlumat verilib. Ancaq onun polis tərəfindən vurulduğu və ya özünü güllələdiyi tam dəqiqləşməyib. İlkin ehtimala görə, özünü vurub. Öldürülən şəxslər ilə hamısı bir ailənin üzvləridir. Hazırda xəstəxanada olan yaralı Məhəmməd Qəmbərov 1947-ci il təvəllüdüdür. Öldürülənlərdən biri də onun həyat yoldaşı Bibilər Qəmbərovadır, o da 1958-ci il təvəllüdlüdür. Saytlar həmin xanımın adını Almara kimi qeyd edib. Lakin əsl adı Bibilərdir. Qətlə yetirilən digər şəxslər ata Nazim Qəmbərov (1953), ana Gülbağda Qəmbərova (1963) və oğlu Namiq Qəmbərovdur”.

A.Kərimovun sözlərinə görə, yaralı olan M.Qəmbərovun durumu ağırdır:

“Xəstəxanadan verilən məlumata görə, Məhəmməd Qəmbərov reanimasiya şöbəsindədir. Bildiyimizə görə, Məhəmməd Qəmbərovun oğlu hazırda Rusiyada yaşayır. Problemin də həmin şəxslə bağlı olduğu ehtimal edilir”.

Qeyd edək ki, Hacıqabulda yaşayış evinə silahlı basqın zamanı bir ailənin 4 üzvü öldürülüb. Bunlar Namiq Qəmbərov, Nazim Qəmbərov, Gülbağda Qəmbərova və Almara (Bibilər) Qəmbərovadır. Hadisəni törədən Mübariz Mehdiyevin isə polis tərəfindən zərərsizləşdirildiyi bildirilir. Ailə üzvlərindən biri – Məhəmməd Qəmbərov yaralı vəziyyətdə Hacıqabul Mərkəzi Xəstəxanasına çatdırılıb.