İfşa edilən casus şəbəkəsi kimə işləyirmiş? – Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əgər kimsə “Dövlətə xəyanət” maddəsi ilə həbs olunursa, deməli, bu, əməliyyat-axtarış fəaliyyəti ilə məşğul olan bir qurumun uzun müddət apardığı müşahidələrin nəticəsidir. 


 

Əgər kimsə “Dövlətə xəyanət” maddəsi ilə həbs olunursa, deməli, bu, əməliyyat-axtarış fəaliyyəti ilə məşğul olan bir qurumun uzun müddət apardığı müşahidələrin nəticəsidir. 

Xarici ölkəyə casusluq edən şəxslərdən birinin ölkədən qaçmaq istəməsi onun topladığı məlumatları sifarişçiyə çatdırması üçün atılan addım olduğunu təsdiq edir. Məhz bu səbəbdən o, sərhəddə həbs edilib. Bundan başqa, belə bir maddə ilə cinayət işi başlamaq üçün obyekt, subyekt, obyektiv və subyektiv tərəflər tam şəkildə olmalıdır. Böyük ehtimalla, istintaq dövründə bunların hamısı tam leqallaşdırılacaqdır.

Bunu Milli.az-a açıqlamasında sabiq xüsusi xidmət orqanı əməkdaşı, təhlükəsizlik və geosiyasi məsələlər üzrə ekspert Arzu Nağıyev DTX-nın Azərbaycanda casus şəbəkəsinin ifşası ilə nəticələnin əməliyyatını şərh edərkən bildirib.

Ekspertin fikrincə, burada əsas məsələ casusluq faktının olmasıdır: “Əgər tutulan Muxtar Yağubov adlı şəxs casusluq yolu ilə toplanılmış məlumatları kiçik ölçülü elektron informasiya daşıyıcılarında Azərbaycandan kənara çıxarmağa cəhd edibsə, deməli, o, buna uzun müddət hazırlaşıb, xaricdən ona verilən sifarişi yerinə yetirib. Əgər həmin şəxs casusluğa görə həbs olunubsa, deməli, bu fakt əməliyyat fəaliyyəti ilə artıq öz təsdiqini tapıb. Maraqlıdır ki, həmin şəxs dövlət əhəmiyyətli məlumatlara necə yol tapıb, onları necə əldə edib? Əlbəttə, bu da təfsilatı ilə araşdırılacaq. Bildiyim qədər casus şəbəkəsinin topladığı məlumatlar arasında məxfi, tam məxfi, dövlət əhəmiyyətli məlumatlar var. Bu məlumatların konkret nədən ibarət olması çox önəmlidir”.

A.Nağıyev hesab edir ki, istintaq dövründə həbs olunanların sayı daha da arta bilər:

“Əgər bir şəxs casusluğa görə tutulursa, deməli, onun ətrafı o qədər genişdir ki, belə məlumatları əldə edə bilir. Bunların hamısı, o cümlədən məlumatların hansı yollarla, açıq və ya qapalı mənbələrdən əldə edilməsi araşdırılmalıdır. Yəqin ki, bu şəbəkənin ətrafındakı şəxslər də istintaq vaxtı müəyyən ediləcək. Hətta düşünürəm ki, artıq həmin çevrə və oradakıların fəaliyyəti barədə əməliyyat orqanında lazım olan məlumatlar var”.

Xüsusi xidmət orqanının yüksək rütbəli sabiq əməkdaşı ictimaiyyətə açıqlanan məlumatda casus şəbəkəsinin hansı dövlətə işləməsinin nə üçün qeyd edilməməsinə də aydınlıq gətirib: “İstintaq getdiyi dövrdə casusların hansı ölkəyə işləməsini açıqlamaq qeyri-mümkündür. Məsələ ondadır ki, sifarişçi 3-cü, 4-cü ölkə də ola bilər. Yəni bir şəxs hansısa ölkənin sərhədində tutulursa, bu o demək deyil ki, casus məlumatları məhz həmin ölkəyə ötürür. Hər halda əminəm ki, həmin məlumatların sifarişçisinin hansı ölkə olduğu tam dəqiqləşdirilib. Ancaq əməliyyat məlumatları olduğuna görə, onları tam açıqlamaq qeyri-mümkündür. Çünki hələ bu faktlar tam istintaq hərəkətləri ilə sübuta yetirilməlidir. Bundan əlavə, xüsusi xidmət orqanlarında “3-cü bayraq altında” deyilən məfhum var. Yəni kimlərinsə bir ölkənin ərazisində hansısa cəlbetməni digər ölkə üçün 3-cü bayraq altında etmələri mümkündür. Məhz bu səbəblərdən hələlik casusların hansı ölkənin sifarişi əsasında Azərbaycana xəyanət etmələri açıqlanmır”.

Qeyd edək ki, DTX tərəfindən həyata keçirilmiş əks-kəşfiyyat tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanlarının tapşırığı üzrə Azərbaycan ərazisində casusluq edən 6 nəfərin cinayət əməli ifşa olunub. Onlar məhkəmə qərarları ilə həbs ediliblər.

İstintaq-əməliyyat tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanları ilə qarşılıqlı yazışmalar və ötürülməsi nəzərdə tutulan müxtəlif xarakterli məlumatlar aşkarlanaraq ələ keçirilib, casus şəbəkəsinin xarici xüsusi xidmət orqanlarının tapşırığı üzrə dövlət məmurları, ictimai xadimlər və digər dairələrə nüfuz etmək, Azərbaycan Respublikasının təhlükəsizlik orqanları, Silahlı Qüvvələri, ölkədə aparılan təhlükəsizlik tədbirləri barədə məxfi məlumatları toplamaq istiqamətində fəaliyyət göstərdiyi müəyyən edilib.