İdman Akademiyası tələbələrin pulunu mənimsəyir? —RƏSMİ AÇIQLAMA

İdman Akademiyası tələbələrin pulunu mənimsəyir? —RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir qrup tələbə redaksiyamıza müraciət edərək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təqaüd sistemində ədalətsizlik və şəffaflığın pozulduğunu bildiriblər.

Tribunainfo.az-a şikayət edən tələbələrin sözlərinə görə, dövlət sifarişi əsasında, yəni ödənişsiz əsaslarla təhsil alan tələbələr semestri kəsirsiz və 71 baldan yuxarı orta göstərici ilə başa vursalar da, onlara təqaüd verilməyib.

Halbuki, digər universitetlərdə bu meyar əsasında tələbələr avtomatik olaraq dövlət təqaüdü alırlar.

Onların iddialarına görə, son semestrlərdə təqaüd almaq üçün qoyulan bal həddi əsassız şəkildə qaldırılıb, nəticədə bir çox tələbə haqsız yerə təqaüdsüz qalıb.

Həmçinin köçürülən təqaüd vəsaitlərinin hara və kimin cibinə axdığı ilə bağlı şəffaf məlumat təqdim olunmur.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən və İdman Akademiyasından sorğularımıza cavab verilib:

Akademiyada təqaüd alma qaydaları hansı meyarlara əsasən müəyyən edilir?

Cavab: Akademiyada tələbələrin təqaüd alma qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi QAYDASI”nın müddəaları ilə müəyyən olunur:
2.4-1. Ali təhsil müəssisələrində təqaüd yerlərinin sayı “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 960 nömrəli Sərəncamının 1-ci hissəsində göstərilən səviyyədə müəyyənləşdirilir.
Hər tədris ili üçün təqaüd yerlərinin ümumi sayı dövlət sifarişi və dövlət hesabına əyani və qiyabi təhsilalma formasında təhsilalanların sayının və əlavə təqaüd yerlərinin sayının cəmindən ibarətdir. Əlavə təqaüd yerlərinin ali təhsil müəssisələri arasında bölgüsü hər bir ali təhsil müəssisəsinə qəbul olunmuş təhsilalanların sayının bütün ali təhsil müəssisələrinə qəbul olunmuş təhsilalanların ümumi sayında xüsusi çəkisinə uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilir. Ali təhsil müəssisəsində əlavə təqaüd yerlərinin ixtisaslar üzrə bölgüsü hər bir ixtisas üzrə ödənişli əsaslarla qəbul olunmuş təhsilalanların sayının həmin ali təhsil müəssisəsinə ödənişli əsaslarla qəbul olunmuş təhsilalanların ümumi sayında xüsusi çəkisinə uyğun aparılır.
2.5. Ali təhsil və orta ixtisas təhsili müəssisələrinə, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə hər bir ixtisas üzrə təqaüdlərin sayı nəzərə alınmaqla, imtahan sessiyasının nəticələrinə əsasən ÜOMG-yə görə ən yüksəkdən başlayan sıralamaya uyğun növbəti semestrdə təqaüd alacaq tələbələrin siyahısı müəyyən edilir. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış və akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək həmin fənni (fənləri) dinləmədən imtahan verərək və ya yay semestrində dinləyərək müvəffəq qiymət almış tələbə növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil edilmir. Eyni tədris ili üzrə eyni ixtisasda təqaüd alacaq tələbələrin siyahısı müəyyənləşdirilərkən tədris dili nəzərə alınmır.

Əvvəllər 71+ ortalama ilə təqaüd verilirdisə, bu göstəricinin artırılması nəyə əsaslanır?

Cavab: Azərbaycan Respublikası Nazirlər Kabineti “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi QAYDASI”nın 2.5-ci bəndinə əsasən, təqaüd alacaq tələbələrin siyahısı artıq sabit orta göstəriciyə görə deyil, imtahan sessiyasının nəticələrinə əsasən ÜOMG-yə görə ən yüksəkdən başlayan sıralamaya uyğun müəyyən edilir. Yəni, təqaüd yerləri məhdud sayda olduğu üçün tələbələr arasında reytinq prinsipi tətbiq olunur və yalnız ən yüksək nəticə göstərənlər təqaüd almaq hüququ qazanırlar.

MediaLabın meneceri Qoşqar Cəfərova 3 sual ünvanlasaq da, 3 cavab ala bilmədik. Verdikləri cavab dolayı və əsassız olduğuna görə, Elm və Təhsil Nazirliyi, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinə suallar ünvanladıq.

Təqaüd siyasətinin yenidən nəzərdən keçirilməsi və tələbələrin narazılığının aradan qaldırılması planlaşdırılırmı?

Nazirlik yaxın vaxtlarda İdman Akademiyasının təqaüd siyasətini yenidən nəzərdən keçirməyi planlaşdıracaqmı?

Təqaüd vəsaitlərinin şəffaf bölüşdürülməsi və köçürülməsi mexanizmi necə həyata keçirilir? Bu prosesdə daxili audit və ya nəzarət tədbirləri varmı?

Əvvəllər qüvvədə olan 71 bal meyarının qaldırılması barədə qərar nə vaxt və kim tərəfindən qəbul edilib?

Cavab: Bildiririk ki, sorğunuzla bağlı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının mətbuat xidmətinə müraciət etməyiniz məqsədəuğyundur.

Sual: Universitetlərdəki qanunsuzluqlar barədə ölçü götürmək kimi səlahiyyətiniz yoxdurmu?

Cavab: Məlumat üçün bildiririk ki, bütün TM-lərdə təqaüdlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”na uyğun olaraq təyin edilir.

Hazırladı: Dəniz Pənahova