Sentyabrın 23-də Prezident İlham Əliyev Milli Məclisin ilk iclasında iştirakı zamanı Azərbaycanın qarşısında duran strateji vəzifələr haqqında danışdı. Bundan əvvəlki məqalələrimdə də İ.Əliyevin əlamətdar günlərdə etdiyi çıxışların hər bir cümləsinin ciddi şəkildə təhlil olunmasının vacibliyini qeyd etmişəm. Bu, 300 illik Qarabağ probleminin həllindən sonra ölkənin qarşısında duran növbəti stareji hədəflərin müəyyən edilməsi baxımından olduqca əhəmiyyətlidir.
İ.Əliyev çıxışı zamanı ölkənin qarşısında duran çoxsaylı vəzifələrin bir neçəsini sadaladı, bu vəzifələrdən irəli gələn əsas məqamlara aydınlıq gətirdi və həmin vəzifələri ardıcıllıqla bu şəkildə təsnifatlandırmaq olar:
– Hərbi gücün artırılması
– Yerli hərbi sənaye kompleklərinin inkişafı
– Sərhədlərin vizual, infrastruktur və texnoloji mühafizəsi
– İdeoloji təhlükəsizlik
– Qarabağın və Zəngəzurun bərpa edilməsi
Bu günə qədər çoxsaylı təxribatlardan ən çox əziyyət çəkən ölkələrdən biri kimi Azərbaycanda ideoloji təhülkəsizliyin bundan sonra da və daha prinsipal şəkildə təmin edilməsi ən əsas vəzifədir. İkinci Qarabağ Müharibəsindən sonra ideoloji təxribatların əsas müəllifləri Azərbaycanda öz arealını genişləndirmək üçün bütün mümkün vasitələrdən istifadə edirlər. Yad, zərərli dəyərlərin ölkəmizə yeridilməsi, insanların milli ruhdan və mənəvi dəyərlərdən sapınması və xarici xüsusi xidmət orqanlarının mətbəxlərində hazırlanan “ideoloj məhsul”ların cəmiyyətə ötürülməsi istiqamətində ciddi işlər aparılır. İ.Əliyev ideoloji təhlükəsizliklə bağlı bu vəzifəni ilk dəfə önə çəkmir, o, bu günə qədər dəfələrlə bu istiqamətdə danışıb və yol xəritəsi müəyyənləşdirib.
Prezident tərəfindən ideoloji təhlükəsizliyin təmin edilməsi məsələsinin əsas prioritet kimi qarşıya qoyulması ümumən ölkənin təhlükəsizlik konsepsiyasını yenidən nəzərdən keçirməyi və yeni təhlükəsizlik modelinin yaradılmasını zərurətə çevirir.
Heç şübhəsiz ki, bu gün Azərbaycan təhlükəsizlik sistemi zərgər dəqiqliyi ilə və saat əqrəbi kimi dəqiq qurulub. Bu günə qədər sabitliyin pozulmasına yönələn və əhalinin təhlükəsizliyinə təhdid yaradan addımların beyişindəcə boğulması məhz bu dəqiqliyin nəticəsidir.
Ölkə başçısı çıxışı zamanı xarici risklərdən və sərhədlərin qorunması məsələlərindən də danışaraq ölkədə sabitliyin, əhalinin təhlükəsizliyinin fundamental konturlarını da açıqladı. Deməli, risklər həmişə var.
Sentyabrın ortalarında Böyük Britaniyanın Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri Riçard Murun Azərbaycana səfəri, onun “Qlobal nəqliyyat şəbəkələrinin təhlükəsizliyinə yönələn müasir çağırışlar” mövzusunda II Bakı Təhlükəsizlik Forumunda iştirakı sıradan hadisə deyildi. Bu səfər Ermənistanda ciddi təşvişə səbəb olmuşdu. Təbii ki, mövzu təkcə nəqliyyat məsələləri ola bilməzdi. Azərbaycana böyük etibar var, Ermənistana və havadarlarına zəif Azərbaycan lazımdırsa, dostlarımıza güclü Azərbaycan gərəklidir. Bu gün Cənubi Qafqazın taleyi Azərbaycandan asılıdır. Böyük Britaniya Azərbaycanın ən əsas dostlarından biri kimi xarakterizə olunur. Azərbaycan isə İkinci Qarabağ Müharibəsindən öncəki ölkə deyil, daha da güclənib və təkcə region deyil, dünya üçün əhəmiyyətli layihələrin əsas sahiblərindən biridir. Hər nə qədər Ermənistanı dəstəkləyən böyük ölkələr varsa, Azərbaycanın da haqlı mövqeyinə dəstək verən böyük güclər var. Azərbaycan güclənməyə məcburdur, başqa cür də ola bilməz. Prezidentin dediyi kimi, Ermənistanda revanşistlərin məkrli planları var. Deməli, Azərbaycanın zəif olması Ermənistana qol-qanad verə bilər.
Bu gün region və dünya ölkələrinin münasibətləri də deformasiyaya uğrayıb. Ölkələr qarşısında yeni çağırışlar və tələblər formalaşıb. Bu baxımdan Azərbaycan bütün sahələr üzrə yenidən dizayn olunmalı və Prezidentin qarşıya qoyduğu məsələlərin təmin edilməsi xüsusi qətiyyətlə həyata keçirilməlidir.
Dövlət başçısı ideoloji təhlükəsizliklə bağlı vəzifələrdən danışarkən bu məsələdə dövlət qurumlarının rolu ilə bərabər ictimai fəlların da bu istiqamətdə fəaliyyət göstərməli olduğunu bildirdi. Önəmli tapşırıqdır və düşünülməlidir.
Samir Feyruzov